"Nağıl çoxdur. Körpəlikdən biz hamımız bu nağılları dinləmişik. Mən də indi nağıl danışıram, əlbəttə, bətnimdəki körpəmə. Qoy o da mənim illər öncə eşitdiyim nağıllardan eşitsin... Nağıl dünyama birlikdə baş vuraq", - bu sözləri oktyabrın 1-də 6 günlük konsertinin ilkini təqdim edən müğənni Röya tamaşaçıları ilə görüşünə başlamazdan əvvəl pərdə arxasından söylədi.
Öncə azyaşlı uşaqların təqdim etdiyi müxtəlif nağıl qəhrəmanlarının oyunundan sonra göydən yerə endirilən yelləncəkdə Röya mələk qiyafəsində və onu müşayiət edən balaca mələklərlə düşdü. İlk mahnı töhfəsini təqdim edən müğənni Faiq Sücəddinovun yaradıcılığından oxudu. Bir neçə yeni bəstədən sonra müğənni köhnə repertuarını da diqqətə çatdırdı. Lakin konsert boyunca onun təqdim etdiyi mahnılar fonoqram səsləndi. Gələn ayın ilk günləri ana olmağa hazırlaşan müğənni bunu məlum vəziyyəti ilə bağlayıb.
Səhnə süni otlar və güllərlə bəzədilmşdi. Ətrafda yerləşdirilən skamyalarla tamamlanan səhnə istirahət parklarını xatırladırdı. Yəni əvvəlcədən vəd etdiyi quruluşa bir o qədər yaxın deyildi. Röya səhnənin nağıl dünyasını xatırladacağını vəd etmişdi.
Konserti maraqlı edən məqamlardan biri səhnəciklər oldu. İfa edilən mahnılardan biri pantomima şəklində rəqqasların ifasında təqdim edildi. Daha sonra Kukla Teatrı aktyorları Röya fasiləyə çıxdığı vaxt onu kukla görüntüsü ilə əvəzlədilər. Kukla Röyanı daha sonra oriyental kukla ifaçısı əvəz etdi.
Müğənninin səhnəyə qayıdışından bir az sonra təqdim edilən "Ay qəmərim" xalq mahnısında kuklalar növbəti məharətlərini göstərdilər. Saat yarımlıq vaxtı əhatə edən konsertin yarım saatı Röyasız keçdi. Onun olmadığı vaxt həmkarı Elnur sənətçi xanımın repertuarından "Röyayam" mahnısını kiçik səhnəciyin təqdimatında səsləndirdi. Daha sonra balaca və böyük rəqqaslar məharətlərini nümayiş etdirdilər. İkinci hissədə geyimini bir qədər yüngülləşdirəndən sonra Röya ifasını repertuarından ən çox sevilən "Bahar" mahnısı ilə davam etdirdi. Xatırladaq ki, konsertdə həmin mahnının müəllifi Hüseyn Abdullayev də iştirak edirdi.
Proqram boyu zarafatları ilə konsertin əyləncəli keçməsinə çalışan sənətçi bəzən səhnə standartlarından kənara çıxan sözlər işlədirdi. Bu sözləri ilə insanları nəinki konserti dinləməyə, eyni zamanda güldürməyə müvəffəq olurdu. Müğənniyə maraqlı hədiyyələr təqdim edən tamaşaçıları, onun dünyaya gələcək körpəsini də unutmamışdılar. Hədiyyə qutusunun birində təzə doğulmuş körpənin ölçüsündə paltarı görən Röya bəlkə də oğlunun ilk geyimini əlinə alırdı.
Lakin bir müddət əvvəl vəd edilən məqamlardan biri konsert həllini tapmadı. Xatırladaq ki, ötən ayın əvvəli rusiyalı müğənni Alla Puqaçovanın Bakıya səfəri ərəfəsində onun Filipp Kirkorovla Röyanın konsertinə qonaq qismində qatılacağı barədə xəbərlər dolaşırdı. Lakin həmin konsertdə Röyanın bir-iki həmkarından başqa xarici ulduz gözə dəymədi.
Konsert zamanı isə öyrəndik ki, Röyanın 6 gün vəd olunan konsertində dəyişiklik edilib. Xatırladaq ki, müğənni konsertlə bağlı keçirdiyi mətbuat konfransında sonuncu gündə yalnız dəvətnaməli tamaşaçıların iştirak edəcəyini bildirmişdi. Həmin insanların sənət adamları, xüsusi ilə Röyanın şou-biznesdə olan həmkarları sırasından seçiləcəyi deyilirdi. Lakin 6-cı günün konsertinin təxirə düşdüyü barədə xəbərlər dolaşır. Lakin sənətçinin komandası bu barədə dəqiq açıqlama vermək istəmədi.
|