"Qurdlar Vadisi Pusu" serialının kompüter oyun versiyası hazırlanaraq, istifadəçilərin ixtiyarına verilib. Türk mediasının yazdığına görə, qısa müddət ərzində ən çox oynanan internet oyununa çevrilən "Qurdlar Vadisi Pusu"dan artıq 1 milyon nəfərdən artıq insan istifadə edib. Hazırda oyunun ikinci bölümü hazırlanır. İnternet səhifəsinin rəhbəri Semih Kırgül bildirib ki, qısa zamanda bu oyun "Top 10-luq"da ikinci, döyüş oyunları arasında isə birinci yerə yüksəlib. İlk bölümdə Polat, Memati, Abdulhey və Ərhanın iştirak etdiyini və oyunun Polatgilin ofisinə edilən basqınla başladığını deyən Semih Kırgülün sözlərinə görə, basqının sonunda Ərhan qaçırılır və oyunçu Polatın obrazında dostunu xilas etməyə başlayır. Şəbəkə halında isə digər oyunçular Memati və Abdulheyin obrazında Polata qoşularaq, döyüşə başlayırlar. Oyunda süjet xəttinin serialla uzlaşdığı və bunun da 7 yaşdan yuxarı vətəndaşlar üçün nəzərdə tutulduğunu deyən sayt rəhbəri xarakterlərin serialdakı görünüşlərinə bənzədildiyini əlavə edib. "Obrazları əsl surətlərinə bənzətmək çox çətinliklə başa gəlib. Xüsusilə Polat Alemdarın şəklini yaradarkən və onun ofisini canlandırarkən çox zəhmət çəkdik. Oyun hazırda 3 ana bölümdən və 6 hissədən ibarətdir", - deyə Semih Kırgül vurğulayıb.
|