Azərbaycanın Rusiya səfiri, xalq artisti Polad Bülbüloğlu bu həftə Bülbül fondunda "Oxuyardı Bülbül... oxuyur Polad Bülbüloğlu" adlı yeni diskini təqdim edib. Disk Azərbaycan xalq mahnılarından ibarətdir. Disk müəllifin yaxın sənət dostu, bəstəkar Siyavuş Kəriminin yaxından köməyi sayəsində ərsəyə gəlib. Topluda Bülbülün ifasında səslənmiş 14 mahnı CD şəklində yeni aranjimanda işıq üzü görüb. CD-yə sənətşünas Elmira Əliyevanın "Unudulmaz nəğmələr və ya oğul Poladdan ata Bülbülə könül dolusu sevgilərlə..." başlıqlı broşürləri də əlavə olunub.
Təqdimatdan sonra ona ünvanlanmış suallarımızı cavablandıran səfir sənəti ilə bağlı bəzi açıqlamalar verdi. Konsert vermək arzusunda olmayan Polad Bülbüloğlu dedi: "Solo konsert mənim üçün bağlanmış kitabdır. Amma bu o demək deyil ki, mən ümumiyyətlə oxumuram. Hərdənbir dostlarımla bir məclisdə olanda bir-iki mahnı oxuyuram. İndiki gənc istedadların sayı durmadan artır, artıq mənə bir o qədər ehtiyac qalmayıb".
Vaxt probleminin olduğunu dilə gətirən Polad Bülbüloğlu bu səbəbdən tələbə yetişdirə bilmədiyini vurğulayıb: "İnzibati işlərlə əlaqədar, eyni zamanda Moskvada olduğum üçün dərs demək imkanım yoxdur. Bu səbəbdən də tələbə yetişdirə bilmirəm. Amma bütün bunlar yaradıcılıqdan uzaqlaşmağıma dəlalət etmir. Hazırda simfonik orkestrlər üçün layihə hazırlayıram. Artıq belə əsərlərdən 7-si hazırdır. Bunların arasında "İnnabı", "Kəklik", "Qara tellər", "Qaçaq Nəbi" kimi rəqs və mahnılara yer ayrılıb. Onların sayını 12-yə çatdırıb bir disk hazırlamağı düşünürəm. Bu isə "Oxuyardı Bülbül... Oxuyur Polad Bülbüloğlu-2" olacaq.
Bəstəkar-müğənni yeni klip çəkdirmək istəyini də gizlətməyib, ancaq bunun üçün ona vaxt lazım olduğunu söyləyib. Xalq artisti artıq "Qorxma mən səninləyəm-2" filminin ssenarisinin hazır olduğunu da qeyd edib: "Hazırlıq işləri fasiləsiz olaraq davam edir. Artıq ssenari tamamlanıb. Bu filmdə mütləq iştirak edəcəyəm".
|