![]() |
çap et |
|
|||
Adı ötən əsrin sevilən musiqi qrupları sırasında çəkilən "Karvan" yenidən qayıdır. Keçmiş qrupun üzvlərindən olan müğənni İlqar Xəyala məxsus olan bu ideya tezliklə öz səhnə həllini tapacaq.
Sənətçinin bildirdiyinə görə, yeni heyətlə fəaliyyət göstərəcək qrup repertuarını həm retro, həm də müasir bəstəkar mahnıları üzərində quracaq. Hazırda xaricdə yaşayan musiqiçi Mikayıl Vəkilovun vaxtilə "Karvan" üçün yazdığı və bu günə qədər yaşayan bəzi mahnılar da yeni qrupun repertuarını bəzəyəcək. Bir sözlə, müğənni yeni qrupda köhnə "Karvan"dan bəzi əlamətlərin olacağını deyir. Söhbətdən bəlli oldu ki, Azərbaycan televiziyasının sənədli filmlər departamenti keçmiş "Karvan" qrupu haqqında film çəkib: "Sənədli filmdə qrupun tarixi, ifaçıları haqqında geniş bilgi verilir. Eyni zamanda bir çox musiqi xadimləri qrup haqqında maraqlı fikirlər söyləyiblər". Qrupun fəaliyyətinə yenidən qayıdan İlqar Xəyal bildirdi ki, onun maliyyə məsrəflərini ilk vaxtlar özü çəkəcək: "Qrup geniş kütlə qarşısında tanınandan sonra əldə olunan gəlir onun inkişafına və təbliğinə yönəldiləcək. Biz ilkin mərhələdə özümüzü təsdiq etməyi, eyni zamanda bir çox qruplarla sağlam rəqabətə hazır olmağı qarşımıza məqsəd qoymuşuq. Çalışdığım qədər yeni "Karvan" köhnədən bir o qədər fərqlənməyəcək. Çünki insanlar bu adı eşidəndə, o illərin mahnılarını eşitmək istəyəcək". |