Bir müddət əvvəl Türkiyədən Bakıya gələrək bizim şou-biznesə qatılmaq istəyi barədə danışan əslən azərbaycanlı sənətçi-aktyor Əzizcandan sonralar xəbər çıxmadı. Onun mətbuatın diqqətinə çatdırdığı böyük layihələr barədə hələ bir səs-soraq yoxdur. Lakin bu günlərdə onun adı bəstəkar Gövhər Həsənzadənin çalışdığı sənətçilər sırasında çəkilmişdir.
Həsənzadə bildirir ki, üzərində çalışdığı və Avropa səhnəsi üçün nəzərdə tutulan layihədə Əzizcan müğənni kimi təmsil olunacaq. Layihə çərçivəsində 4 mahnı hazırdır. Gövhər xanım bunlardan birinin Əzizcanın payına düşdüyünü deyir. Lakin bu mahnılar üzərində son tamamlama işləri görüləcək. Bu prosesin Londonda aparılması nəzərdə tutulur. Çünki avropalıların musiqi nəbzini tutmaq üçün müasir elementlərə ehtiyac duyulur ki, bu işi Londonda yaşayan musiqiçilər həyata keçirəcək.
Layihəsi barədə bir qədər geniş danışan Gövhər xanım bura ümumilikdə 26 mahnının daxil ediləcəyini söylədi. Sonra qeyd etdi ki, bu məqsədlə dekabrın ikinci ongünlüyündə konsert proqramı təşkil ediləcək və hazır layihənin təqdimatlarından biri həllini tapacaq.
Konsert təşkilatçısı kimi tanınan Gövhər xanım bu istiqamətdə nəzərdə tutulan layihələrindən də söz açdı. Dedi ki, bunlardan biri İsraildə gerçəkləşəcək. Bəstəkarın açıqlamasına görə, əməkdaşlıq etdiyi şirkətlərdən birinə yerli müğənnilərin diskləri göndərilib. Onlar səsi bəyənilən sənətçilər arasında seçim edərək onların adlarını konsertin proqramına daxil edəcəklər.
Gövhər Həsənzadə dedi ki, bizim müğənnilər əslində onun yeni layihəsindən xəbərsizdir. Məsələni sakit şəkildə həll edən bəstəkar seçim aparıldıqdan sonra çıxış edəcək sənətçilərin adlarını özlərinə bəlli edəcəyini vurğuladı.
|