çap et  
Naxçıvan şəhərinin keçmişinə ekskurs
Naxçıvan şəhərinin keçmişinə ekskurs
XIX yüzilin 30-cu illərində mənzərə necəydi
Şənbə, 03.10.2009


Anar Məmmədov, AR Dövlət Tarix Arxivi

Bu il Naxçıvan Muxtar Respublikası özünün 85 illiyini qeyd etdi. Bu bölgə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri, Naxçıvan şəhərinin özü isə bizim ən qədim şəhərlərimizdən biridir. Fəqət erməni siyasi çevrələrində kimlərsə, hansısa bir "alim"sə bir də görürsən Naxçıvana dair iddialarla çıxış edir. Bu yazıda biz onlara cavab vermək fikrində deyilik, sadəcə, AR Dövlət Tarix Arxivində qorunub saxlanan və XIX yüzilə aid materiallar əsasında Naxçıvan şəhərinin keçmişinə ekskurs etmək fikrinə düşdük.

Azərbaycanın qədim şəhərlərindən biri olan Naxçıvan haqqında bu arxiv materiallarında əksini tapmış məlumatlardan bəlli olur ki, Naxçıvan əyalətinin əsas şəhəri sayılan Naxçıvan öz coğrafi mövqeyinə görə Qarabağ dağlarının axırıncı aşırımının kənarında, Qarababa çayının sağ sahilindən təxminən 3 km. aralıda, Araz çayından isə təxminən 12 km şimala doğru, 39 və 40 dərəcə şimal en dairəsi ilə 63 və 64 dərəcə uzunluq dairəsi arasında yerləşərək, şimal tərəfdən Şeyxmahmud kəndi ilə, şərq tərəfdən Şəhərabad kəndi ilə, cənub tərəfdən Tumbul Yamxana kəndləri ilə, qərb tərəfdən isə əli Abad və Xok mahalı ilə həmsərhəddir.

Şəhər dairəvi şəkildə 6 verst təxminən 9 km-dən, şəhərə məxsus torpaq sahələri ilə birgə isə 20 verst təxminən 30 km-dən ibarətdir.

Bu sahələrdən istifadə üçün münasib olan və suvarılan 800 xalvara bərabər olan sahənin 350 xalvarı hər il əkilir.

Şəhərin su ilə təmin edilməsi Qarababa çayından şəhərə çəkilmiş və şəhəri iki eyni hissəyə ayıraraq, Qaraxanbəyli kəndinə istiqamət alan arx ilə həyata keçirilir. Bu arxdan digər xırda arxlar ayrılmışdır, hansılar ki, öz növbəsində bağların və bostanların suvarılması üçün istifadə olunur.

Şəhərin içməli su ilə təchiz olunması isə iki bulaq və bir quyu ilə həyata keçirilir.

Sənədlərdə Naxçıvan haqqında bir neçə əfsanə də öz əksini tapmışdır, lakin əfsanələrdən birində göstərilir ki, Naxçıvan şəhəri "Ermənistanın qədim şəhərlərindən biridir". Ermənilər qeyd edirlər ki, daşqın zamanı Nuhun gəmisi məhz Naxçıvanda sahilə yan alıb və məhz Naxçıvanda Nuh peyğəmbər gəmisindən düşərək torpağa ayaq basıb və buna sübut olaraq Naxçıvan şəhərinin adının mənası "pervoe soşestvie", yəni ilk enmə, ilk qədəm qoyma kimi göstərilir.

Birincisi, maraqlıdır, görəsən, hansı dildən tərcümə edəndə bu məna alınır?

İkincisi, hesab edək ki, Nuh peyğəmbərin gəmisi Naxçıvanda dayanıb, yəni torpağa yan alıb və Nuh məhz Naxçıvanda gəmidən düşüb torpağa qədəm qoyub və Naxçıvan sözünün mənası "pervoe soşestvie", yəni ilk enmə, ilk qədəmqoyma mənası verir, amma heç bəlli deyil hansı dildən tərcümə edəndə bu məna alınır və bunun ermənilərə nə aidiyyəti var?

Nuhun gəmisinin Naxçıvanda dayanması, onun Naxçıvanda torpağa qədəm qoyması o deməkdirmi ki, Naxçıvan Ermənistanın qədim şəhəridir?

Bəlkə Nuh peyğəmbər də erməni olub, bizim xəbərimiz yoxdur?

Çox məntiqsiz qondarmadır təbii ki, məntiqsizdir, çünki qondarma heç bir məntiqə söykənmir.

Bütün amillər məntiqə söykənərək fakt ilə ölçülür. Fakt isə az deyil və bunlar tarixi sənədlərə isnad edir.

Məhəllələr, əhali, daşınmaz əmlak

Hələ qədim dövrlərdən bəri Naxçıvan şəhəri 4 məhəlləyə bölünmüşdü. bu məhəllələrin adlarına fikir verək: Sarbanlar məhəlləsi, Şahab məhəlləsi, Əlixan məhəlləsi və Qurdlar məhəlləsi.

Sonralar, yəni artıq 1831-ci ildə vəziyyət dəyişmişdir. Bu 4 məhəlləyə digər məhəllələr də əlavə edilmişdir və ümumilikdə əvvəlki 4 məhlə ilə birgə 13 məhəllə yaranmışdı. Yenə də onların adlarına fikir verək: Sarbanlar məhəlləsi, Şahab məhəlləsi, Əlixan məhəlləsi, Oruc məhəlləsi, Köhnəqala məhəlləsi, Xoşulu məhəlləsi, Çapar xan məhəlləsi, Ziyilarx məhəlləsi, Billici məhəlləsi, Xoylu məhəlləsi, Qalalı məhəlləsi, Təzəkənd, yaxud Uzundərə məhəlləsi və Erməni məhəlləsi.

Quberniya katibi Zolotnitski tərəfindən 1831-ci ildə tərtib edilmiş Naxçıvan şəhərinin kameral siyahısından məlum olur ki, Naxçıvan şəhərində 5470 nəfərdən ibarət 1330 ailə yaşayırdı.

Onlardan 1694 nəfərdən ibarət 411 ailəni (879 kişi, 815 qadın) Kəngərlilər təşkil edirmiş, 1947 nəfərdən ibarət 498 ailəni isə digər azərbaycanlılar (rus təbirincə - tatarlar) təşkil edirmiş. Deməli, şəhərdən azərbaycanlıların sayı 3641 nəfər olmuşdur.

Şəhərdə digər millətlərin də yaşaması bildirilir. Bunlar 4 nəfərdən ibarət 1 gürcü ailəsi və sonradan Naxçıvana köçürülən 1825 nəfərdən ibarət 420 erməni ailəsi olmuşdur. Bunlardan 715 nəfərdən ibarət 155 erməni ailəsinin əvvəlcədən, 1110 nəfərdən ibarət 265 erməni ailəsinin isə şəhərə yeni köçürülmüş ermənilər olduğu bildirilir.

Beləliklə, şəhərdə azərbaycanlıların sayı 3641 nəfər, ermənilərin sayı isə 1825 nəfər olmuşdur.

Mənbələrdən məlum olur ki, Naxçıvan şəhərində çoxlu sayda tikililər - məscid, bazar, dükan, hamam, körpü və s. olmuşdur. Bunlardan ikisi karvansaray idi. Karvansarayların birində 31 ədəd dükan, digər yarımuçuq vəziyyətdə olan karvansarayda isə köçürülmüş ermənilərin əksər qismi məskunlaşmışdı.

Ümumiyyətlə isə, 1831-ci ildə azərbaycanlılara məxsus 712 yaşayış evi, ermənilərə məxsus 122 yaşayış evi, 39 bina isə inzibati bina kimi qeydə alınmışdır.

Göründüyü kimi, şəhərdə ermənilərin adı ilə bağlı nə varsa, hamısı sonradan peyda olmuşdur.

Təbii ki, belə də olmalıdır, çünki ermənilər Azərbaycan torpaqlarına sonradan rus hakimiyyəti tərəfindən İran və Türkiyədən məqsədyönlü şəkildə köçürülmüşdü.

Bəlli olduğu kimi, Azərbaycan torpaqlarının bölüşdürülməsi uğrunda aparılan Rus-İran müharibəsinin birinci mərhələsi 1813-cü ildə başa çatmışdır. İrsi xanlar tərəfindən idarə edilən Naxçıvan və İrəvan vilayətlərindən başqa, Araz çayından şimalda yerləşən torpaqlarımız Rusiya imperiyasının, Azərbaycanın Arazdan cənubdakı hissəsi isə Qacarların əlində qalması şərti ilə 12 oktyabr 1813-cü ildə Gülüstan müqaviləsi imzalanmışdır.

19 iyul 1826-cı ildə başlanan ikinci Rus-İran müharibəsi 1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanması ilə başa çatmışdır. Türkmənçay müqaviləsi ilə Azərbaycan Rusiya və İran arasında yenidən bölüşdürüldü. Gülüstandakı bölüşdürməyə əlavə olaraq Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları da Rusiya imperiyasına qatılmış oldu.

Türkmənçay müqaviləsinin imzalandığı gündən hesablanaraq 6 ay ərzində Naxçıvan və İrəvan xanlıqlarına aid bütün sənədlər və arxiv Rusiya hakimiyyətinə təhvil verilmişdir.

Rusların yanlışlığı

21 mart 1828-ci ildə Naxçıvan və İrəvan xanlıqlarının bütün sənədləşmələrdə erməni əyaləti kimi adlandırılıb qələmə verilməsi haqqında Senata xüsusi göstəriş verilmişdi.

Göründüyü kimi, birincisi, Naxçıvan şəhərində yeni erməni məhəlləsi 1830-1831-ci ildə, daha doğrusu, Gülüstan müqaviləsinin imzalanmasından sonra ortaya çıxmışdı. Bu da izah ediləndir, çünki ruslar ermənilərin İran və Türkiyədən kütləvi şəkildə bu torpaqlara köçürülməsinə məhz bu zamanlar başlamışdılar. Lakin ermənilərin kütləvi köçürülməsi prosesinə ruslar Türkmənçay müqaviləsinin imzalanmasından sonra daha diqqətlə yanaşırdılar, çünki ermənilərin kütləvi köçürülmələri rus imperiyasının o vaxt müstəmləkə siyasətinin əsasını təşkil edirdi. Və onlar bunun yanlış bir iş olduğunu bir az sonra - ermənilər onlar üçün başağrısı yaratmağa başlayanda anladılar. Artıq gec idi.

Ermənilər o vaxt ən çox Qarabağ, İrəvan və Naxçıvan xanlıqlarına, Tiflis vilayətinə köçürülürdülər. Bu ərazilər Cənubi Qafqazı əldə saxlamaqdan və Osmanlı imperiyasına qarşı platsdarm yaratmaqdan ötrü ruslar üçün mühüm əhəmiyyət daşıyırdı. Ermənilərin bu ərazilərə köçürülmələri onları qədim Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq arzusuna həvəsləndirdi.

İkincisi, bütün bu köçürmələrə baxmayaraq, Naxçıvan şəhərində azərbaycanlıların sayının ermənilərlə müqayisədə yenə də qat-qat çox olduğunu görürük. Azərbaycanlılara məxsus daşınmaz əmlakın ermənilərlə müqayisədə qat-qat çox olması, ermənilərin isə ümumiyyətlə əksər qisminin yarımuçuq vəziyyətdə olan karvansarayda məskunlaşması, ermənilərin bura sonradan köçürülmələrinə olan yüzlərlə sübutlardan yalnız bir neçəsidir.

Naxçıvan və İrəvan xanlıqlarının adlarının dəyişdirilib bütün sənədləşmələrdə "erməni əyaləti" kimi qələmə verilməsi haqqında 21 mart 1828-ci ildə Senata göstərişin verilməsi Rusiyanın Azərbaycan torpaqlarında o illərdə bir "erməni dövləti" yaratmaq istəyinə bir daha əyani sübutdur. Dediyimiz kimi, ruslar bir az gec ayıldılar. Nə kimi ağır səhvə yol verdiklərini anladılar. "Erməni əyaləti" təyinini təcili yığışdırdılar və bu torpaqlara Rusiyanın mərkəzi quberniyalarından köçkün rusları yerləşdirməyə başladılar. Ermənilərin isə əlinə sonralar istismar etmək üçün bəhanə düşmüşdü.