Bəlli olduğu kimi, Gənc Tamaşaçılar Teatrının xarakteri çox mürəkkəbdir. Ona görə ki, bu teatra gələnlər - uşaqlardır. Onlar isə olduqca tələbkar seyrçilər sayılır. Və bu teatrda heç də hər aktyor baş çıxara bilməz. Aktrisa Almaz Mustafayeva bu teatrla doğmalaşıb - 40 ilə yaxındır bu teatrda çalışır. Özü də bir qayda olaraq oğlan rollarında çıxış etmişdir. Səhnədə öz emosionallığı, sərbəstliyi, yaratdığı obrazların gerçəkliyə uyğunluğu ilə yadda qalmışdır.
Aktyora hansı rolları ifa etdiyinə görə deyil, necə oynadığına görə qiymət verilir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Almaz Mustafayeva kollektivdə işlədiyi ilk doqquz il ərzində əsasən oğlan rollarında çıxış edib. Müxtəlif xarakterli, müxtəlif səpkili Balaca ("Mənim mehriban balam"), Ramo ("Əlvida, Hindistan"), Eldar ("Sehrli yaylıq"), Sadıq ("Mənim nəğməkar bibim"), Əhməd ("Tamahkar") obrazlarını qabiliyyət və bacarığı, mənalı tapıntıları, daxili həyəcanı və emosiyaları ilə ifadə edir.
Onun Q.İlkinin "Təzə şagird", M.Şatrovun "İnqilab naminə", R.Heydərin "Zəng səsləri", C.Məmmədovun "Həyatın astanasında" pyeslərində oynadığı şagird, Petka, oğlan, Faiq rolları gözəlliyinə, məzmun dərinliyinə, rəng çalarlarının əlvanlığına görə diqqəti cəlb etmişdir. Əgər Sadıq daha çox psixoloji boyalarla təqdim olunursa, Ramoda qəhrəmanlıq ovqatı üstünlük təşkil edir, Eldar isə bir qədər qorxaq və ürkəkdir. Aktrisa oğlan xarakterlərini təbii və real vermək üçün ilk növbədə obrazın daxili aləmindən, mənəvi varlığından çıxış edərək onun zahiri rəsmini - formasını tapır. Sonra isə məzmun və formaya uyğun ifa tərzi, oyun üslubu seçir. Buna görə də aktrisanın oynadığı oğlan rolları həmişə tamaşaçıların xoşuna gəlib.
"Mənim mehriban balam" tamaşasındakı ülvi arzularla yaşayan, xeyirxahlığı, sadəliyi hər şeydən üstün tutan, insanlara həmişə yaxşılıq və kömək etməyə çalışan Balaca rolunun müvəffəqiyyətli ifası üçünsə Almaz Mustafayeva uşaq və gənclər teatrlarına Ümumittifaq baxışın laureatı olmuşdu.
"Qaraca qız" (S.S.Axundov) əsərində Qaraca qız, "Ana laylası" (İ.Coşqun) pyesindəki Nəcibə rollarının müvəffəqiyyətli səhnə həlli gənc aktrisanın növbəti yaradıcılıq uğuru sayılmışdır. "Ana laylası"nın qəhrəmanı Bahar öz çevikliyi, dramatizmi, oxumaq, rəqs etmək məharəti ilə fərqlənir. Aktrisa obrazın nikbin təbiətini, romantik ruhunu, onun azadlıq arzularını bacarıqla göstərib.
Aktrisa çoxlu sayda uşaq tamaşalarında oynamaqla yanaşı, "Sehrli xalat", "Şir evdən getdi" filmlərində də çəkilmişdir.
Oktyabrın 1-də isə aktrisa Almaz Mustafayeva öz doğum gününü qeyd edirdi.
- Ömrünüzün 40 ilini teatra həsr etdiniz, bəs teatra gəlişiniz necə olub?
- Teatra 1970-ci ilin mayında gəlmişdim. Rejissor Cənnət Səlimovanın kursunda oxuyurdum. Rəhbərimiz isə Adil İskəndərov idi. O dövrdə yazıçı Əkrəm Əylisli "Mənim nəğməkar bibim" povestini yazmışdı. Onun pyes variantını Gənc Tamaşaçılar Teatrında səhnəyə qoymağa qərar verilmişdi. Və Cənnət xanım mənə təkidlə bu əsərdə baş rolu - Sadığı oynamağı təklif etdi. O vaxtlar Bədii Şura çox tələbkar idi. İş belə gətirmişdi ki, uşaq rolu oynayan aktrisa teatrda, demək olar, qalmamışdı. Teatrın direktoru Bala Qasımov məni teatra dəvət etdi. Mən çox tərəddüd edirdim, çünki o vaxt kinostudiyada işləyirdim və orada qalmaq fikrim vardı.
Mənim teatr bioqrafiyamda oğlan rolları əksəriyyət təşkil edib, 2-3 qız rolu oynamışam. Doğrudur, oynadığım hər rolda mənim canımdan və qanımdan bir tikə var. Odur ki, bütün rollarımı çox sevirəm. Təsəvvür edin, 23-24 yaşımda "Mənim mehriban balam" tamaşasında 6 yaşlı oğlan uşağını oynamışam. Bu, teatr tarixinə düşən çox uğurlu bir tamaşa idi.
- "Ana laylası" da ən uğurlu tamaşalarınızdan biri sayılır...
- O da çox sevdiyim tamaşadır, baş rolu - Baharı oynamışdım orda. Bu tamaşanı 7-dən 77-ə qədər hamı izləyir və sevir. Bu əsəri ilk dəfə Muharib Tağıyev qoymuşdu. Vaqif Əsədov isə bu tamaşaya ikinci həyat vermişdi. Amma mənim bir aktrisa kimi ilk tamaşadan daha çox xoşum gəlir. Bu tamaşanı rayonlarda da nümayiş edirdik və xatırlayıram ki, Göyçayda insanlar tamaşaya maqnitofonla gəlib, ifa etdiyim mahnıları yazırdılar.
Bilirsiniz, çox adam bu layihəni dərk edə bilmədi. Həmin konsertdə mən də iştirak edirdim, orada xeyriyyə aksiyası keçirilirdi, gələn qonaqlar qoyulmuş yeşiyə pul atırdı. Hər kəs öz ev heyvanı ilə gəlmişdi. Çox gözəl bir şou idi.
- Gənc Tamaşaçılar Teatrı, Gənclər Teatrı, Kamera Teatrı... Bu üç teatrın birləşdirilməsinə münasibətinizi bilmək bizə maraqlı olardı.
- Belə fikirləşirəm ki, hər teatrın öz xüsusiyyəti, öz yolu var. Düşünürəm ki, Gənc Tamaşaçılar Teatrı aktyorlarının oynadığı rolları, başqa teatrın aktyorları oynaya bilməz. Belə çıxır ki, bu gün dovşan rolunu oynayan, sabah Dezdemonanı da, Otellonu da oynaya bilər..
|