Bakıda son konsertini iki il əvvəl verən xalq artisti Alim Qasımovun növbəti çıxışı yaxın ayların birinə təsadüf edəcək. Xanəndənin "Ayna"ya bildirdiyinə görə, bu, ona edilən təkliflərdən birini dəyərləndirdikdən sonra həllini tapacaq: "Yerli konsert təşkilatçılarından bir sıra təkliflər almışam. Bunları gözdən keçirirəm. Mənim niyyətim kimlərəsə pul qazandırmaq deyil, insanların musiqi zövqünü tamamlamaqdan ibarətdir. Bu səbəbdən də düşünmək məcburiyyətindəyəm. Bununla yanaşı, konsertin proqramını hazırlayıram".
Xanəndənin əlavəsinə görə, xarici səfərlərdə istədiyi repertuarla çıxış edə bilər. Ona görə ki, əcnəbi vətəndaş qəzəllərin mənasını başa düşmədiyindən, onun üçün hər ifa bir yenilik olur.
"Azərbaycanda isə muğam həvəskarları bir neçə dəfə eşidilən qəzəli təkrar dinləmək istəmir. Bu səbəbdən repertuarı yeniləməyə ehtiyac duyulur", - A.Qasımov onu da söylədi ki, hazırda Füzulinin, Seyid Əzim Şirvaninin, Əliağa Vahidin və bir sıra ədəbi ustadlarının qəzəlləri arasında seçim aparır. Xanəndə tezliklə onlara muğamda musiqi həyatı verəcək. Musiqili proqram hazır olandan sonra xanəndə konsetin tarixini açıqlayacağını bildirdi. Xanəndənin qənaətinə görə, konsert Heydər Əliyev Sarayında keçirilməlidir.
|