Bir borcluya görə, bütöv bir binanın suyunu kəsə bilməyəcəklər
 |
"Azərsu"ya xəbərdarlıq: hər kəs fərdi cavabdehlik daşıyır
Şənbə, 03.10.2009
|
|
Nəhayət ki, parlamentdə "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında" və "Su təchizatı haqqında" qanunlara əlavələr və dəyişikliklər iki gün əvvəl müzakirəyə çıxarıldı və qəbul edildi. Bu əlavələr və dəyişikliklər innən belə intizamlı vətəndaşlara dəstək rolunu oynayacaq. Bu düzəlişlərdə və dəyişikliklərdə nəzərdə tutulur ki, işlətdiyi qaz, işıq və suya görə borclu olanlara görə digər istehlakçılar cəzalandırıla bilməz. Hər kəs fərdi cavabdehlik daşıyır.
Bunlar lap yerinə düşdü. Belə ki, paytaxtın su təchizatında anormal hadisələr baş verməkdədir. "Azərsu" hətta siyasi partiyaların narazılıq hədəfinə çevrilib. Bunun səbəbini keçən həftənin cümə axşamı günündən sonrakı bir həftə ərzində özüm də əyani olaraq gördüm. Yaşadığım Bakıxanov yaşayış massivində 4 doqquzmərtəbə bina (toplam 500-ə yaxın ailə!) nə az, nə çox, düz bir həftə ərzində (!) susuz qoyuldu.
Bu 4 binanın su anbarı uzaqda deyil, həyətdədir. Hər şey göz önündə baş verib - "Azərsu"nun adamı bir səhər gəlib suyu kəsib gedib. Bir həftə sakinlər hiddət sovurdular, deyinə-deyinə həyətdəki ümumi krandan evlərinə vedrələrlə su daşıdılar. Ora-bura zənglər oldu. Son iki gündə su verilibsə də, yenə də kəsiləcəyi barədə söhbətlər gəzir.
Bu rəftarın səbəbi
"Azərsu"nun təmsilçiləri bu nümayişkaranə "sukəsmə taktikası"na belə izahat veriblər ki, bəzi sakinlərin 1997-ci ildən (?!) su borcu var. Onlar borclarını ödəməyincə, binalara su verilməyəcək! Amma konkret olaraq heç bir ailəyə ödəyəcəyi borc barədə qəbz təqdim etmirlər. Məsələn, bizim evdə son 20 ilin ödəniş qəbzlərinin hamısı illər üzrə saxlanır. Elə-belə, ehtiyat üçün, bu kimi idarələrdə baş verən maliyyə fırıldaqlarından sığorta qismində.
Əvvəla, "Azərsu" supulu yığan orqan olaraq beş il olar yaradılıb.
Ona qədər hamı supulunu ümumi qaydada evlər idarəsinə ödəyirdi (yalnız işıqpulu istisna olmaqla). İndi isə üç il olar camaat pulu "Azərsu" pulyığanlarına ödəyir. Tutaq ki, kimsə son üç ildə supulunu ödəməyib - bunun üçün məhkəmə yolu var, borcun üstünə faiz gəlmək var və s. Kiminsə maliyyə intizamsızlığının əziyyətini nə üçün onunla bir binada yaşayan intizamlı sakinlər çəkməlidir? Qoy "Azərsu" zəhmət çəkib, məhkəməyə müraciət etsin, borcunu ödəməyən şəxs intizama dəvət olunsun, "Azərsu" isə pulunu da alsın, hələ üstəlik gecikdirmə faizini də. Amma onlar gəlir və bir və ya bir neçə adama görə bütöv bir binanın suyunu kəsir.
Bələdiyyədə nə dedilər?
Bir səhər bu özbaşınalığın anatomiyasını və ona münasibəti aydınlaşdırmaq üçün Bakıxanov İH nümayəndəliyində oldum. Böyüklərdən birinin məzuniyyətdə, digərinin ərazidə olduğunu söylədilər. Bakıxanov bələdiyyəsi sədrinin müavini Zahid Qurbanov isə yerində idi. Onunla vəziyyət barədə söhbət etdik. Hər halda "seçkili orqandır" deyə düşünmüşdüm.
Zahid Qurbanov dedi ki, o özü yaşadığı sahədə də sakinlər bu vəziyyətdədir. "Azərsu"nun işinə nəinki bələdiyyə, heç rayon icra hakimiyyəti də təsir göstərə bilmir. "Azərsu" faktik olaraq vətəndaşların bir qismini digəri ilə üz-üzə qoyur", - deyə Zahid Qurbanov söylədi.
Zəhmət çəkib sayğac qoysun
Maraqlıdır ki, qaz və işıq sərfiyyatına görə pulların ödənişində son zamanlar problem yaranmır. Allah Hüseyn Arabulun atasına rəhmət eləsin, onun qoyduğu işıq sayğacları bu gün nizam işləyir, hamı da hesabını bilir və pulunu ödəyir. Paytaxtda sovet dövrünün mirası olan "enerji oğurluğu" minimuma enib. Adamlar bilir ki, işıqpulunu vaxtında ödəməsə, gəlib işığını kəsə bilirlər və qonşular arasında biabır olar. Daha bir və ya bir neçə nəfərə görə bütöv bir binanın işığını kəsmək yada düşmür. Qaz təchizatı ilə bağlı da eynilə. Hamının qapısında öz sayğacı var.
Bəlli olur ki, hər şey sayğacla çox asanca həllini tapa bilər. Hər kəsin evinə daxil olan su xəttinə sayğac qoymaq lazım imiş. Bu halda hamı hesabını bilər.
"Azərsu"nun sayğaclaşdırma barədə açıqladığı rəqəmlərə görə, bu ilin birinci yarısında Bakı şəhərində 274 331 abonent sayğaclaşdırılıb. O cümlədən, əhali üzrə 260 705, müəssisə və təşkilatlar üzrə 13 626 abonent sayğaclaşdırılmışdır. Bu işin sonrakı qrafiki barədə isə ictimaiyyətə heç nə bəlli deyil. Bu idarə artıq neçə illərdir mövcud olsa da, sayğac məsələsini indiyədək tam həll etməyib, ya da həll etmək istəməyib, yaxud həll etmək onun rəhbərliyinə sərf etməyib. Bu düşünülmüş ləngitmədir, ya yox, qoy müvafiq qurumlar nəticə çıxarsın. Biz isə bu nəticəyə gəlirik ki, belə bir şəraitdə dövlət büdcəsinə daxilolmaların təşkili bərbad vəziyyətdədir. Məmurlar və ayrı-ayrı vətəndaşlar isə bu xaos vəziyyətindən faydalanırlar.
Paytaxtın bir çox səmtlərində tətbiq olunan "sukəsmə taktikası"na gəldikdə, bununla "Azərsu" tərəfindən intizamlı vətəndaşlara maddi və mənəvi ziyan vurulmuş olur. Bunun hesabı isə məhkəməlik məsələdir.
|
|
|
Oxşar xəbərlər:
İİN məmurları rüşvət alarkən yaxalananda "şok" keçiriblərmiş
"Meşə qardaşları" dini baxışlarına görə ittiham olunduqlarını iddia edir
"Dəvəçi işi" üzrə məhkəmə başa çatdı
Banklar müştərilərin etibarlılığını gözdən keçirir
Ərini qətlə yetirən qadın məhkum edildi
|
|
|