Taksi xidmətində qayda yaradılacaq. Müasir taksi parkinqləri üçün yerlər müəyyənləşəcək, taksilərə sayğaclar qoyulacaq, köhnə avtomobillər yığışdırılacaq, yeniləri gətiriləcək və s. Bunlar gələn ilə qədər həllini tapacaq. Bu gün isə "paytaxtın nəqliyyat sistemində qayda-qanun yaradılması istiqamətində işlər davam edir" - bu işin idarəçiləri adətən belə deyirlər. Amma əfsuslar olsun ki, bu xidmət sahəsi barədə müsbət söz demək hələ çox çətindir. Taksi xidmətində nizamsızlıq, primitivlik, nəzarətsizlik hər addımbaşı gözə çarpır.
Ümumən nəqliyyatdan danışdıqda, yeganə müsbət hal kimi onu deyə bilirik ki, şəhərdaxili bir sıra marşrutlarda kiçiktutumlu avtobuslar iritutumlularla əvəzlənib. Şəhərin mərkəzi avtobus basabası və xaosundan qurtulub. Sərnişindaşımanın digər ciddi problemləri isə həllini gözləyir. O cümlədən, əhaliyə taksi xidməti.
Bu gün kim istəsə, minik avtomobilinin belinə "taksi" nişanı qoyaraq sərnişindaşıma ilə məşğul ola bilər. Bundan başqa, metro stansiyalarının çıxışında, avtobus dayanacaqlarında pərakəndə şəkildə dayanan taksilər bir tərəfdən də tıxacların yaranmasına səbəb olur. Onlar avtobus dayanacaqlarını "işğal edir", avtobusların dayanacağa yanaşmasına, adamların rahat minib-düşməsinə əngəl törədirlər. Halbuki yol hərəkəti qaydalarında buna izin yoxdur, yol polisi isə bu taksiləri sanki "görmür".
Vətəndaşları narahat edən məsələlərdən biri də taksi sürücülərinin gedilən yola istədiyi qiyməti tətbiq etməsidir. Problemdən çıxış yolu kimi bir müddət əvvəl taksi parkinqlərin yaradılacağı, yeni taksilərin gətiriləcəyi, sayğacların tətbiq ediləcəyi bildirilsə də, hələlik gözəçarpacaq nəticə yoxdur.
Məsələyə münasibət bildirən "Bakı Sərnişin Nəqliyyatı" MMC mətbuat xidmətinin rəhbəri Samir Həsənov hazırda əsas diqqətin sərnişin avtobuslarının hərəkətinin normallaşdırılmasına yönəldiyini bildirdi. Onun söylədiklərinə inansaq, iritutumlu avtobusların gətirilməsindən sonra sərnişin daşınmasında müəyyən irəliləyişə nail olunub. Bundan başqa, "Nəqliyyatın intellektual idarəetmə sistemi"nin qurulması layihəsi çərçivəsində işlər davam edir. Buna görə də taksilərlə bağlı məsələ bir qədər ləngiyir.
S.Həsənov bu günədək paytaxtın müxtəlif ərazilərində 30-dək taksi parkının yaradıldığını bildirdi. Əslində isə Bakıda 134 taksi parkının istifadəyə verilməsi nəzərdə tutulurdu. Artıq Səməd Vurğun küçəsi ilə Lev Tolstoy küçəsinin, Akademik Mirqasımov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində, Nəsimi bazarının yanında, Dilarə Əliyeva, Şərifzadə küçəsində taksi parkinqləri yaradılıb. Bundan başqa, Mərdanov qardaşları küçəsi, "İsr Plaza" otelinin yaxınlığında taksi parkı fəaliyyət göstərir.
Bakıda müasir taksi parkinqlərin yaradılması üçün işlər davam etdirilir - deyən cəmiyyət sözçüsü bildirdi ki, gələcəkdə yaradılacaq taksi dayanacaqları üçün şəhərdə avtomobillərin sıx hərəkət etdiyi magistral yolların kəsişməsində, metro stansiyalarının ətrafında yerlər müəyyənləşdirilib.
Ərazilər müəyyənləşdirilərkən taksi meydançalarının yaşayış yerlərinə yaxınlığı nəzərə alınıb: "Bu həm əhaliyə xidmətin keyfiyyətcə yaxşılaşmasına, həm də taksi fəaliyyəti ilə məşğul olanların vergiyə cəlb edilməsinə kömək edəcək. Digər tərəfdən, onların istənilən yerdə dayanıb, nəqliyyatın hərəkətinə maneçilik törətməsi halları aradan qalxacaq".
Nəqliyyat Nazirliyi Katibliyinin müdiri Namiq Həsənov isə taksi xidmətinə xarici görünüşü və xidmət səviyyəsi yüksək olan avtomobillərin cəlb ediləcəyini bildirdi: "Artıq paytaxta 30 ədəd "Toyota" avtomobili gətirilib. Əlavə olaraq "Mersedes" və "Passat" markalı avtomobillərin gətirilməsi də nəzərdə tutulub. Hazırda müəyyən problemlər olduğu üçün, çox güman ki, sözügedən avtomobillərin gətirilməsinə gələn ildən başlanılsın. Bu proses tam başa çatmadığından taksilərə sayğac quraşdırılması ləngiyir. Yeni avtomobillər gətirildikcə, taksi fəaliyyəti ilə məşğul olan istismara yararsız avtonəqliyyat vasitələri yığışdırılacaq".
Onu da öyrəndik ki, yeni taksiləri idarə etmək istəyən sürücülər xüsusi tələblərə cavab verməlidir: "Avtomobillər sürücülərə verilməzdən əvvəl onlar imtahandan keçiriləcək. Sürücülərin qarşısında qoyulan əsas tələb şəhərin əksər yerlərini tanımalarıdır. Yeni gətirilən taksilərdə sayğac quraşdırılacaq. Eyni zamanda onların hərəkət marşrutuna nəzarət ediləcək ki, taksi sürücüsü sərnişinləri uzaq yolla mənzil başına aparıb əlavə pul almasın. Müştəri gedilən məsafəyə görə pul ödəyəcək".
|