Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkədə mövcud internet tariflərinin sentyabrın 1-dən etibarən təxminən 2,5 dəfə salınması barədə qərar çıxarıb. Xatırladaq ki, nazirlik İnternet üzrə Əlaqələndirmə Şurasının iclasında ölkənin əsas internet provayderi olan "Delta Telekom"a tövsiyə edib ki, internet tarifləri ucuzlaşsın. Tövsiyəyə əməl edən şirkət də öz növbəsində qiymətlərin endirilməsi barədə qərar qəbul edib.
Beləliklə, sentyabrdan trafikinin həcmini 10 faizdən 60 faizədək artıran provayderlərə güzəşt olacaq. Trafikini 10 faiz artırana 1 meqabitsaniyə internet 248 manata, 20 faiz artırana 220 manata, 30 faiz artırana 193 manata, 40 faiz artırana 165 manata, 50 faiz artırana 138 manata, 60 faiz artırana 110 manata satılacaq.
Bu qərar çıxarılarkən nazirlik rəsmiləri internet xidmətləri bazarında fəaliyyət göstərən provayderlərin öz növbələrində xidmətlərin maya dəyərinin aşağı düşməsini nəzərə alaraq, mövcud tarifləri endirəcəyinə əminlik ifadə etdilər. Lakin ötən günlər müsbət nəticənin olmadığını aşkarladı. Yəni internet tariflərinin ucuzlaşdırılması qərarına çox az şirkət dəstək verdi və bəzi şirkətlər ümumiyyətlə xidmət haqlarında endirim etmədi.
Tarifləri ucuzlaşdıran şirkətlər də internetin sürətini o qədər zəiflətdi ki, istifadəçilər sürətli internet əldə etməkdən ötrü ödənişləri əvvəlki və ya ondan da artıq tariflər əsasında aparmağa məcbur oldular. Bu nöqteyi-nəzərdən internet tariflərinin növbəti azalması onsuz da qənaətbəxş olmayan xidmət səviyyəsini bir az da pisləşdirdi. Ölkəmizdə fəaliyyət göstərən "Azintex" şirkətindən bildirildi ki, internetin ucuzlaşması barədə verilən qərar onların kommersiya maraqlarına cavab vermir, lakin buna baxmayaraq qanunvericiliyin tələblərinə əməl edilməlidir. Bu isə xidmət səviyyəsinin aşağı salınması ilə mümkün olmayacaq.
Şirkətdə hesab edirlər ki, genişzolaqlı internet xidmətləri bazarının daha intensiv inkişafına imkan yaratmaq və istifadəçilərin keyfiyyət və sürət baxımından müasir internet xidmətlərindən daha sərfəli qiymətlərlə istifadəsinə şərait yaratmaq lazımdır. Məsələyə münasibət bildirən MM iqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədov bir internet istifadəçisi kimi həm göstərilən xidmətin keyfiyyətli olmasında, həm də qiymətin münasibliyində maraqlı olduğunu qeyd etdi. Amma o təəssüflə qeyd etdi ki, şirkətlər çıxarılan qərarlara çox vaxt əməl etmirlər: "Məsələn, mən internetə ADSL-ə qoşulmuşam. Təbii ki, oturduğum ofisdə 5-6 kompüter mövcuddur. Vaxtilə qiymət azalması zamanı 45 manat ödəyirdim, sonra da həmin ödəməni davam etdirdim. Onlar deyirdilər ki, guya əvəzində kompensasiya kimi internetin sürətini artırmışıq. Ancaq praktik olaraq sürət aşağı idi və mən bir istifadəçi kimi internet xidmətindən narazıyam. Təbii olaraq bazarda rəqabət şəraiti yaxşılaşdıqca, bu proseslər qiymətə də təsir etməlidir". Müsahibim vurğuladı ki, Azərbaycanın informasiya bazarına inteqrasiyasının sürətlənməsi internet xidmətlərinin yüksəlməsinə və qiymətlərin də dünyada mövcud olan qiymətlərə uyğunlaşmasına imkan verməlidir. Onun dediyinə görə, əksər dövlətlərdə qiymətlər kifayət qədər aşağıdır: "Doğrudur, vaxtilə bizdə qiymətlər bundan da yuxarı olub. Fikrimcə, bu amil bu sahədə bəzi şirkətlərin inhisarçı mövqedə olmasından irəli gəlir. Hesab edirəm ki, ən azı bundan sonra internet qiymətlərinin düşməsini hiss etməliyik. Onunla bərabər xidmətin səviyyəsi də qənaətbəxş olmalıdır". Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi internet tariflərinin azaldılması barədə qərarının icrasını bu sahədə fəaliyyət göstərən şirkətlərin öz insafına buraxdığına gəlincə, millət vəkili bildirdi ki, nazirliyin bu bir mövqeyi düzdür: "Çünki xidmət alan tərəflə xidmət verən tərəf arasında müqavilə vardır. Mövcud qanunvericiliyə görə, iki tərəf arasında yaranan münasibətlərə adıçəkilən nazirlik müdaxilə edə bilməz. Əslində bu, internet provayderləri ilə internet istifadəçiləri arasında olan məsələdir". N.Məmmədov onu tövsiyə edir ki, tərəflər müqavilə şərtlərinə əməl etməlidirlər. Əgər müqavilə pozulursa, bu zaman müəyyən variantlar var. "Burada ən yaxşı vasitələrdən biri internet provayderinin xidmətindən imtina etmək və daha keyfiyyətli xidmət göstərən tərəfə keçməkdir. Bunun başqa yolu yoxdur. Təbii ki, müqavilənin şərtləri pozularsa, məhkəməyə müraciət etmək olar. Amma məhkəməyə müraciət edənlər həm süründürməçiliklə, həm də kənar xərclərlə üzləşə bilərlər. Ona görə də ən yaxşı variant digər provayderin xidmətinə müraciət etməkdir".
|