Təbiətin şıltaqlığından heç kəs sığortalanmayıb
 |
Baş verən hadisələrdə insanın da təqsiri az deyil
Şənbə, 03.10.2009
|
|
Son günlər ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi problemlər yaradıb. Azərbaycan üçün o qədər də xarakterik olmayan güclü yağış bölgələrə xeyli ziyan vurub. Hacıqabul, Xaçmaz, Qusar və digər rayonlarda təbii fəlakətin vurduğu ziyanın miqdarı ölçülür. Milli Hidrometeorologiya Departamentinin İqlim dəyişmələri və ozon mərkəzinin direktoru Gülmalı Süleymanovun sözlərinə görə, daşqınlar Azərbaycan təbiəti üçün xarakterik hadisələrdir.
Lakin o eyni zamanda vurğuladı ki, builki hadisələrin baş verməsində insan amilini də gözdən qaçırmaq olmaz. Güclü daşqınların yaranması səbəblərindən biri dağlarda eroziyanın güclənməsidir. Külək eroziyası nəticəsində dağlarda çılpaqlaşma gedir, meşələrin qırılması, otlaq sahələrinə çevrilməsi prosesi baş verir. Yağışlar nəticəsində güclü daşqınların səbəblərindən biri də budur.
Çayların yuxarı axarlarında meşələr, yaşıllıqlar nə qədər çox olsa, selin yaranma ehtimalı o qədər azalır: "Digər tərəfdən, əhali artdıqca yaşayış məskənləri çaylara daha yaxın ərazilərdə salınır. Təbiətin qanunları nəzərə alınmadan harada gəldi evlər tikilir. Halbuki yaşayış məskəni salınarkən geoloji kəşfiyyat aparılmalı və onun nəticəsinə uyğun addımlar atılmalıdır".
Gülmalı Süleymanov onu da bildirdi ki, körpülər salınanda kəşfiyyat aparılmalı və yerli şəraitə uyğun işlər aparılmalıdır. Bu tədbirlər görülmədikdə isə belə faciələrlə nəticələnir.
Sel və daşqınlar istisna deyil
Mütəxəssisin sözlərinə görə, uzunmüddətli proqnozlar vermək çətindir. Sadəcə, onu demək olar ki, Azərbaycan təbiəti üçün sel və daşqınlar istisna deyil: "Hazırda o dərəcədə gözlənilməz təbiət hadisələri olur ki, dəqiq proqnoz vermək mümkün deyil. Təbiətdə mövcud dəyişikliklərə uyğun elmi əsaslar hazırlanmalıdır. Lakin təhlükəli hadisələr daha da çoxala, tezləşə və intensivləşə bilər. Bundan isə heç kim sığortalanmayıb".
Ekoloqlar isə bildirirlər ki, meşə zonasının azalması, düzənliklərdə səhralaşma, dağlarda eroziya, sel və daşqınların daha da artması təbiətin dəyişikliklərə reaksiyasıdır. Təbiət həmişə dəyişən iqlimə uyğunlaşmaq üçün tarazlıq vəziyyətini saxlamağa çalışır.
Baş verənlər təbiətin həmin dəyişkənliklərə adekvat reaksiyasıdır. Tarixən məhv olan bitki və heyvan növlərinin əvəzinə yeniləri yaranıb. Bütün bunlar iqlim dəyişkənliyinin nəticəsidir. Lakin əvvəllər bu proseslər yüz illərlə, min illərlə baş verən hadisələrin nəticəsində meydana çıxırdı. İndi isə proseslər sürətlənib.
Gülmalı Süleymanov deyir ki, indi hansısa bitki və heyvan növləri tez məhv ola bilir. Bu problemlərin qarşısının alınması üçün Azərbaycan təbiəti dəqiq öyrənilməli, kompleks tədqiqatlar apırılmalıdır. Onun bildirdiyinə görə, hazırda ayrı-ayrı sahələrdə tədqiqatlar olsa da, kompleks araşdırmalar aparılmır: "Azərbaycanın təbiəti, onun bitki və heyvanlar aləmi tam öyrənilərək onun əsasında iş proqramı hazırlanmalıdır. Bunu əldə rəhbər tutub fəaliyyət göstərmək lazımdır. İqlim dəyişkənliyinə ən çox zəif zonalar müəyyən edilməli və həmin ərazilərdə məskunlaşmanın qarşısı alınmalıdır. Gözlənən fəalakətlərə qarşı önləyici tədbirlər görülməlidir. Lakin bu tədbirlər təbiətə uyğunlaşdırılmalıdır".
Biz qlobal dəyişkənlikdən kənarda deyilik
Ekspertin mülahizəsincə, təbiətdə anomaliyalar həmişə olub: "Bir il havalar kəskin isti, bir il isə soyuq və yağıntılı olur. Bunlar hidrometeoroloji amillərlə bağlıdır. Çox vaxt hidrometeoroloji hadisələrlə iqlim dəyişmələri qarışdırılır. İqlim dəyişmələri uzunmüddətli proseslərdir. Bu proses 10-50 illik hidrometeoroloji amillərin təsiri ilə yaranır. Bir iqlim zonası dəyişərək başqa iqlim zonasına keçir. Məsələn, çöl iqlim zonaları səhra iqlim zonasına çevrilir. Bu il baş verən təbiət hadisələri isə atmosfer axınları ilə bağlıdır. Hazırda dünyada qlobal iqlim dəyişkənliyi müşahidə olunur. Siklonların yaranma mərkəzləri, istiqamətləri Azərbaycana da təsirsiz qalmır".
...Havalar dəyişkən keçdiyindən ürək-damar sistemi xəstə olan insanlar daha ehtiyatlı olmalıdır. Havanın birdən-birə sərinləşməsi insanlarda spazmlarla, təzyiqin yüksəlməsi ilə nəticələnə bilər. İmmuniteti zəif insanlarda, o cümlədən azyaşlılarda bəzi respirator dəyişiklik əlamətləri özünü göstərə bilər. Belə havalarda yuxarı tənəffüs yollarının iltihabı prosesinə daha çox rast gəlinir.
|
|
|
Oxşar xəbərlər:
Aysel Tarkanla duet oxumaq istəyir
Aysel Teymurzadə dünyaca məşhur "Warner Music" şirkəti ilə müqavilə imzalayıb
Samuel Eto "İnter"ə keçir
Eduard Rossel - qurucu və yaradıcı lider
Selin Dion ikinci dəfə ana olacaq
|
|
|