İran-Ermənistan qaz kəmərinin Araratdan Yerevana qədər hissəsi bərpa olunub və bu günlərdə istismara veriləcək. Bu barədə dünən jurnalistlərə "ArmRosqazprom" QTSC-nin sədri Vladimir Markaryan bildirib ("Turan").
"Boruların təmiri zərurəti onların paslanması ilə əlaqədar idi. Bundan başqa, qaz kəmərinin keçirmə qabiliyyətinin artırılması vəzifəsi qarşıya qoyulub. Qaz kəməri bərpa edildikdən sonra 35-50 atmosfer təzyiqinə tab gətirəcək. Keçirmə qabiliyyətinin artırılması İrandan Ermənistan və Dağlıq Qarabağı tamamilə qazla təmin etməyə imkan verəcək", - deyə Markaryan qeyd edib.
Onun sözlərinə görə, artıq altı aydır İran qazı Dağlıq Qarabağa daxil olur. Ermənistan indiyədək yalnız Gürcüstandan daxil olan Rusiya qazından istifadə edirdi. Bundan sonra Ermənistan artıq qaz məsələlərində Rusiyadan asılı deyil, İran isə Qarabağa qaz ixracatçısıdır. Amma o, ixracın həcmi və qazın qiyməti haqda məlumat verməyib.
Qeyd edək ki, bu barədə bir müddət əvvəl mətbuatda məlumat verilsə də, İran tərəfi məlumatı təkzib etmişdi. Nəhayət, bəlli oldu ki, separatçıları qızdıran İrandır, başqası deyil.
|