Demokratiya Uğrunda İttifaq (DUİ) Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təklif olunan Madrid prinsiplərindən imtina tələbi və Ermənistan-Türkiyə sərhədlərinin açılmasına etiraz olaraq aksiyaları davam etdirəcək.
İttifaqda təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu APA-ya bildirib ki, onlar bu aksiyaları tələbləri yerinə yetirilənə kimi davam etdirmək fikrindədirlər: "Əgər dediklərimizə əməl olunmayacaqsa, tələbimiz nəzərə alınmayacaqsa, biz də öz mövqeyimizdə israrlı olacağıq. Amma hələlik növbəti aksiyanın vaxtı və zamanı ilə bağlı ittifaqda müzakirə aparılmayıb".
M.Mirəlioğlunun sözlərinə görə, proseslərin gedişindən asılı olaraq aksiyanın hansı yerdə, hansı tərkibdə keçirilməsi müəyyənləşəcək.
Qeyd edək ki, DUİ və Qarabağ Azadlıq Təşkilatı (QAT) dünən Xarici İşlər Nazirliyinin binası qarşısında qeyd olunan tələblərlə aksiya keçirib.
|