![]() |
çap et |
|
|||
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2009-2010-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərən 102 gəncə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə təqaüd təyin edilməsi barədə məlumat yayıb.
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunub ki, 2009/2010-cu tədris ili üçün ali məktəblərə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak edənlərin 996 nəfəri yüksək nəticə göstərərək 600-dən yuxarı bal toplayıb: "Yüksək nəticə göstərənlər ölkənin, demək olar, bütün şəhər və rayonlarını, o cümlədən bəzi kənd məktəblərini də təmsil edir. Onlardan 670 nəfəri şəhər, 326 nəfəri rayon və kənd məktəblərinin məzunlarıdır. 600-dən yuxarı bal toplayanlar sırasında mülki ali məktəblərlə yanaşı Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına (4 nəfər) və Polis Akademiyasına (6 nəfər) daxil olanlar da var. Yüksək nəticə göstərənlər 1-ci qrupda (texniki və təbiət elmləri üzrə ixtisaslar) 164, 2-ci qrupda (iqtisadiyyat üzrə ixtisaslar) 218, 3-cü qrupda (humanitar ixtisaslar) 391, 4-cü qrupda (tibb ixtisasları) 223 nəfərdir. 2 nəfər isə maksimal nəticə - 700 bal toplayıb. Onların ikisi də 3-cü ixtisas qrupunun abituriyentləridir. 4-cü ixtisas qrupu üzrə 600-dən yuxarı bal toplayan 4 abituriyent Türkiyə Cümhuriyyətinin Gülhanə Hərbi Tibb Akademiyasına qəbul olub". Məlumata görə, "Abituriyent" jurnalının bir nömrəsinin xüsusi olaraq yüksək nəticə göstərənlərə həsr olunması nəzərdə tutulur. Qeyd olunub ki, 2009-2010-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərən, namizədliyi TQDK tərəfindən prezident təqaüdünə təqdim edilən və prezidentin sərəncamı ilə təqaüd təyin edilən 102 gəncdən 29 nəfəri Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, 25 nəfəri Azərbaycan Tibb Universitetinin, 18 nəfəri Bakı Dövlət Universitetinin, 12 nəfəri "Qafqaz" Universitetinin, 9 nəfəri Azərbaycan Dövlət Neft Akademiyasının, 6 nəfəri Azərbaycan Dövlət İqtisad Universiteti, 2 nəfəri Xəzər Universitetinin, 1 nəfəri Naxçıvan Dövlət Universitetinin tələbəsidir. |