![]() |
çap et |
|
|||
Türkiyənin ana müxalifət lideri - Cümhuriyyət Xalq Partiyasının sədri Dəniz Baykal 24 sentyabr axşamı AB ölkələrinin Ankara səfirləri ilə görüşüb. APA-nın verdiyi xəbərə görə, AB-yə sədrlik edən İsveçin Ankara səfirliyində keçirilən görüşdə Türkiyə-AB, Türkiyə-Ermənistan münasibətləri, hökumətin "kürd açılımı" və digər aktual məsələlər müzakirə edilib.
Dəniz Baykal Türkiyədə hər kəsin etnik mənsubiyyətinə hörmət göstərilməsinə tərəfdar olduğunu, lakin milli birliyin pozulmasını istəmədiklərini vurğulayıb. O bildirib ki, bəzi dairələr kürd probleminin həlli adı altında Türkiyədə milli-etnik ayrılıq və qarşıdurma yaratmağa çalışır və bu, çox yanlış addımdır. Müxalifət lideri Ədalət və İnkişaf Partiyası (AKP) hakimiyyətə gəldikdən sonra Türkiyədə demokratiyanın inkişaf etmədiyini, əksinə, gerilədiyini söyləyərək buna son misal kimi "Doğan Media Holding"ə kəsilən 2,5 milyard dollarlıq vergi cəzasını göstərib. Türkiyə-Ermənistan münasibətlərinə dair mövqeyini səfirlərə izah edən Dəniz Baykal deyib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmayınca Ankara bu ölkə ilə sərhəd qapılarını açmamalıdır. O, Azərbaycanın yalnız Türkiyə üçün deyil, AB üçün də önəmli bir ölkə olduğunu diplomatların nəzərinə çatdırıb. |