Sentyabrın 28-dən oktyabrın 2-nə kimi Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyası olacaq. APA-nın məlumatına görə, sessiyada prioritet məsələlər iqlim dəyişikliyi ilə bağlı problemlər, Rusiya ilə Gürcüstan arasında baş verən müharibədən sonrakı vəziyyət və Avropa Şurasına yeni baş katib seçkisidir.
Sessiyada Sloveniya prezidenti Danilo Türk və Fransanın Avropa məsələləri üzrə dövlət katibi Pyer Lellüş çıxış edəcəklər. Sessiyada həmçinin 72 parlamentarın Rusiya heyətinin səlahiyyətlərinə yenidən baxılması ilə bağlı müraciəti müzakirə olunacaq. Bundan başqa, Şimali Qafqazda hüquq müdafiəçilərinin vəziyyəti ilə bağlı məsələnin gündəliyə salınması ilə bağlı AŞ PA-ya sorğu daxil olub.
Azərbaycanın AŞ PA-dakı heyətinin rəhbəri Səməd Seyidovun APA-ya verdiyi bilgiyə görə, heyət bu gün Strasburqa yola düşür. Millət vəkili sessiyada iki məsələ ətrafında gərgin müzakirələrin gedəcəyini proqnozlaşdırır: "Bu məsələlər Avropa Şurası baş katibinin seçilməsi və Rusiya-Gürcüstan münasibətlərinin müzakirəsidir. Baş katibin seçilməsi uzun müddətdir öz həllini tapa bilməyən bir məsələdir və oktyabr sessiyasında yalnız Norveç və Polşa nümayəndələrinin adları səsvermə bülleteninə daxil ediləcək. Digər iki namizədin adları bülletenə daxil edilməyib, lakin bu o demək deyil ki, həmin namizədlər bununla razılaşıblar. Ona görə də müxtəlif variantlar ola bilər, müxtəlif proqnozlaşdırılmamış hadisələr baş verə bilər. Hələlik Avropa Şurası Bürosu bülletenə bu iki namizədin adını daxil etməyə qərar verib. Azərbaycan bu seçkilərdə, təbii ki, iştirak edəcək və öz səsini ən layiqli namizədə verəcək".
Səməd Seyidov Rusiya-Gürcüstan münasibətləri ilə bağlı müzakirələrdə Azərbaycanın mövqeyi ilə bağlı da öz fikirlərini söyləyib: "Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və Avropa Şurası çərçivəsində bizim mövqeyimiz ümumiyyətlə bütün konfliktlərin beynəlxalq qanunlar çərçivəsində həll olunmasıdır. Bu münaqişəyə də qeyd etdiyim nöqteyi-nəzərdən yanaşacağıq". Heyət rəhbərinin sözlərinə görə, sessiya çərçivəsində Dağlıq Qarabağla bağlı alt komitəyə sədr seçilməsi məsələsinin gerçəkləşəcəyi ehtimalı çox azdır: "Hazırda Avropa Şurasında Dağlıq Qarabağ üzrə alt komitə ilə bağlı müxtəlif təkliflər, müxtəlif namizədlər irəli sürülür, ancaq konkret bir fikir yoxdur. AŞ bir beynəlxalq təşkilat kimi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsas missiyasını 2005-ci ildə qətnamə qəbul etməklə yerinə yetirib. Avropa Şurasının hazırda əsas vəzifələrindən biri qətnamənin implementasiyası ilə məşğul olmaqdır. Komitənin fəaliyyəti də bu istiqamətdə qurulmalıdır. Ancaq münaqişənin durumu ilə bağlı yeni bir hesabatın hazırlanması o qədər də məqsədəmüvafiq və gündəliyin tələblərini əks etdirən məsələ deyil. Bizim mövqeyimiz konkret olaraq həmin qətnamədə öz ifadəsini tapıb və bu qətnamənin yerinə yetirilməsi ilə bağlı biz daim hər sessiyada öz mövqeyimizi bildiririk".
|