çap et  
Qafqaz uğrunda mübarizədə növbəti qurban - Azərbaycan?
Qafqaz uğrunda mübarizədə növbəti qurban - Azərbaycan?
Amerikalı politoloq Jiri Valentanın bədbin proqnozları
Şənbə, 26.09.2009

C.Məzahiroğlu

Qafqazda oynanılan yeni oyuna bütün dünya kontekstində diqqət yetirilməlidir. Bunu dünən amerikalı politoloq, elmlər doktoru, ABŞ Beynəlxalq Əlaqələr Şurasının üzvü Jiri Valenta Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun ofisində "Azərbaycan Rusiya və ABŞ arasında" mövzusundakı dəyirmi masada bəyan edib. Jiri Valenta otuz il Amerika hökumətində təmsil olunmuş bir siyasət adamıdır.

Son vaxtlar Cənubi Qafqazda baş verən hadisələrin Amerika ictimaiyyəti üçün maraq kəsb etdiyini deyən Valenta Gürcüstanın Cənubi Osetiya və Abxaziya ərazilərinin müstəqilliyinin Rusiya, Venesuela və Nikaraqua tərəfindən tanınmasının yolverilməz və dünya düzəninə təsir edən bir hadisə olduğunu qeyd etdi.

Onun fikrincə, Rusiyanın bu hərəkətləri postsovet ölkələrinin təhlükəsizliyinə xələl gətirir. "Belə getsə, Qarabağda Nikaraqua səfirini görə biləcəyik", - deyə Valenta bədbin proqnoz verməkdən çəkinmədi.

Amerikalı politoloqun fikrincə, bu gün Rusiya Brejnev doktrinasını Putin doktrinası kimi davam etdirir. "Bu gün Rusiya və ABŞ-ın yaxın qonşulara münasibətdə yürütdüyü siyasətdə ciddi fərqlər var: ABŞ yaxın qonşularla normal, bərabər hüquqlu münasibətlər qurur, Rusiya isə imkan düşdükcə qonşularına müdaxilə etməyə çalışır. Beləliklə, Rusiya imperiyanı yeni görkəmdə bərpa etməyə çalışır. Rusiyanın siyasəti yaxın qonşulara məhdud, idarəoluna bilən suverenliyin verilməsi üzərində qurulub", - deyə o qeyd etdi.

Valentanın fikrincə, proqnozlaşdırılan ssenarilərdən biri Rusiyanın Gürcüstan vasitəsilə Ermənistana geniş dəhliz açması təhlükəsidir. "Artıq Rusiya Gürcüstanı bölüb, indiki prezidenti əvəz etmək üçün işlər görür", - deyən politoloqun fikrincə, ABŞ 1940-cı illərin doktrinasına qayıtmalı və Rusiya ilə kəskin danışmalıdır. "Belə olmasa, növbəti qurban Azərbaycan ola bilər". Belə bir xəbərdarlıq səsləndirən J.Valenta Azərbaycanın neft-qaz ehtiyatının Putin Rusiyası üçün vacib olduğunu bəyan etdi.

Ekspertin fikrincə, Gürcüstan və Azərbaycanın NATO-ya perspektiv üzvlüyü ehtimal kimi səsləndirilə bilər. "Azərbaycanın vəziyyəti Ukrayna ilə müqayisə olunmalıdır. Hər iki ölkədə prezident seçkiləri öncəsi gərginlik çox artır", - deyən Valenta Gürcüstandakı hadisələr zamanı Azərbaycanın Tbilisini dəstəkləməsini çox bəyəndiyini dedi. "Mən bilirəm ki, ölkənizdə insan haqları ilə bağlı hələ çox işlər görülməlidir. Amma siz bundan sonra da Gürcüstanı dəstəkləməlisiniz və imkan verməməlisiniz ki, Abxaziyada və Cənubi Osetiyada baş verənlər 5-7 ildən sonra başqa ölkələrdə də olsun. Rusiya belə oyunları gerçəkləşdirməkdə çox təcrübəlidir. Mənim təkliflərim var, imkan olsa, onları Azərbaycan prezidenti ilə müzakirə edəcəm", - deyə politoloq qeyd etdi.

Onun sözlərinə görə, Gürcüstansız Azərbaycan təcrid olunmuş vəziyyətə düşər, Ukraynanın məğlub olması isə Azərbaycana siyasi cəhətdən təsir göstərəcək.

"Rusiyanın Gürcüstan siyasəti dəyişməsə, növbəti qurban Azərbaycan ola bilər. Vəziyyəti dəyişmək üçün işlər görülməlidir. Vəziyyət belə davam edərsə, bir gün Nikaraquanın səfiri Qarabağda oturacaq. İlham Əliyev Gürcüstanı dəstəklədiyi üçün biz də onu dəstəkləyirik. Rusiyanın yeni imperiya yaratmaq siyasəti narahatlıq yaradır. Rusiya Azərbaycana da separatçılıq toxumu səpmək istəyir və öz vətəndaşlarını müdafiə etmək adı altında Azərbaycanda ləzgi respublikasını yarada bilər", - deyə o qeyd etdi.

Valenta Rusiyanın Ermənistana fəal hərbi və siyasi yardımlar göstərdiyini bildirdi. O, Ermənistanda Rusiyanın hərbi bazasının olduğunu qeyd edərək, Yerevanın məhz Moskvanın dəstəyi ilə Qarabağ müharibəsinə başladığını qeyd etdi. Amma amerikalı ekspert dəyirmi masa iştirakçılarının "Ermənistanı işğalçı kimi tanıyırsınızmı?" sualına cavab verməkdən imtina etdi və o bildirdi ki, bu sualı cavablandırmaq üçün erməni tərəfinin də mövqeyini öyrənməlidir.

Amerikalı ekspert Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasının zəruri olduğunu qeyd etdi. O bildirdi ki, Rusiyanın keçmiş prezidenti Boris Yeltsinlə görüşündə Yeltsin ona ayrılıqda bildirib ki, o, Qarabağ münaqişəsini dayandırmaq istəyir, lakin buna güc strukturlarında olan bəzi qüvvələr mane olur. "Vaxt çatıb ki, sizin prezidentlər münaqişənin həlli istiqamətində aktiv fəaliyyət göstərsinlər", - deyə o qeyd etdi.

Amerikalı ekspert Azərbaycan politoloqlarına, Qarabağ münaqişəsini araşdıran alimlərinə irad da tutdu: "Azərbaycanın Qarabağ münaqişəsi ilə bağlı mövqeyi bilinmir, çünki sizin kitablar ingilis dilinə tərcümə edilməyib. Bizə kömək edin, vəziyyəti öyrənək", - deyə Valenta bildirdi. Onun sözlərinə görə, Amerikada erməni lobbisi çox güclüdür. "Bəs Azərbaycan lobbisi haradadır?" - deyə o sual verdi.