![]() |
çap et |
|
|||
Dövlətə xəyanətdə, casusluqda ittiham olunan hərbi qulluqçu, gizir Anar Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatdı. Proses Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Rəşid Hüseynovun sədrliyi ilə kedirdi.
Anar Allahverdiyev CM 274-cü (dövlətə xəyanət), 338.1-ci (döyüş növbəsi çəkmə qaydalarını pozma), 341.1-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham olunub. Onu da qeyd edək ki, cinayətin ağırlığını nəzərə alaraq, cinayət işi üzrə zərərçəkmişlərin adını tam təqdim etmirik. Gizir əsgərlərini ermənilərə satıb Hökm sənədlərindən məlum olur ki, A.Allahverdiyev Ermənistan dövləti tərəfindən casusluğa və əməkdaşlığa cəlb edilib. O, döyüş şəraitində və döyüş tapşırıqlarını yerinə yetirən taqım komandirinin müavini vəzifəsində xidmətdə olarkən suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi qaydalarını pozub. Belə ki, o, 2008-ci ilin iyul ayının axırlarında döyüş növbəsi çəkdiyi vaxt, təxminən axşam saat 21:00 radələrində tabeliyində olan və postda xidmət keçən əsgər N.R.ovu yemək bişirmək üçün odun yığmaq adı ilə düşmən mövqeləri istiqamətindən neytral əraziyə göndərib və orada əsgəri düşmən ölkənin üç hərbçisinə təhvil verib. Əsgərin düşmən hərbçiləri tərəfindən cinsi zorakılığa məruz qalaraq, "Nika" təxəllüsü ilə gizli əməkdaşlığa cəlb olunmasına və bütün proseslərin videoçəkilişinin aparılmasına şərait yaradıb. Bundan başqa, gizir həmin il avqustun 24-də əsgər B. C.ovu, oktyabr ayında N. V.evi ermənilərə təhvil verib. Erməni xüsusi xidmət orqanlarının əməkdaşları həmin əsgərlərlə əvvəlcə cinsi zorakılıq hərəkətləri ediblər və daha sonra əsgərləri öz xeyirlərinə casusluğa cəlb ediblər. Cinayət işinin materiallarından məlum olur ki, Anar Allahverdiyev öz qulluq mövqeyindən sui-istifadə edərək, tamahkarlıq məqsədilə 2008-ci ilin yayında müxtəlif vaxtlarda rəhbərlik etdiyi postda kiçik çavuş N. Q.ovu, əsgərlər - N. M.ovu, N. K.ovu, F. M.ovu, B. C.ovu, Ə. X.ovu, N. R.ovu və başqalarını dəfələrlə döyüş növbətçiliyindən ayıraraq, postun ətrafında odun doğranıb-yığılmasına cəlb edib. Əsgərlərin topladığı odun parçalarını isə mülki şəxslərə sataraq vəsait əldə edib. Təqsirləndirilən şəxs bundan əlavə, əsgərlərin bədəninin müxtəlif nahiyyələrindən odun parçası ilə vuraraq, onlara işgəncə verib. "Əsgərlərin ermənilərlə əməkdaşlıq etməsindən xəbərim olmayıb" Məhkəmə iclasında ifadə verən Anar Allahverdiyev elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib. O, ifadəsində qeyd edib ki, əsgərlərin topladığı odun parçalarını mülki şəxslərə sataraq, qazanc əldə edib. Təqsirləndirilən şəxs ermənilərin əsgərlərlə əməkdaşlıq etməsi ilə bağlı səslənən ittihamlardan isə xəbərsiz olduğunu bildirib. Onun sözlərinə görə, ermənilərin posta yaxınlaşmasından xəbəri olmayıb: "Taqımın şəxsi heyətindən kiminsə ermənilərlə təmasda olmasını eşitməmişəm. Heç bir əsgəri ermənilərə təhvil verməmişəm. Neytral əraziyə keçməmişəm, ermənilərlə görüşməmişəm, ermənilərin xeyrinə heç bir casusluq etməmişəm". "Ermənilər mənimlə cinsi əlaqədə olandan sonra Azərbaycan bayrağını tapdalamağı məcbur etdilər" Təqsirləndirilən şəxsin özünümüdafiə xarakterli ifadəsi zərərçəkmişlərin ifadəsi ilə təkzib edilir. Prosesdə ifadə verən əsgər N. R.ov ifadəsində göstərib ki, 2008-ci ilin iyulunda Anar Allahverdiyev ona kartof və mal əti konservi bişirməsi üçün neytral ərazidən xırda quru odun gətirməyi tapşırıb. Əsgər həmin əraziyə keçməyin qorxulu olduğunu bildirib: "Buna baxmayaraq, gizir zorla məni həmin yerə odun yığmağa göndərdi. Bu vaxt iki nəfər arxadan qollarımdan tutdu. Başıma ağ torba keçirərək, İncə çayı istiqamətində köhnə, torpaqdan tikilmiş qazma kimi bir otağa apardılar. Həmin yerə çatanda başımdan torbanı çıxardılar. Orada onlar üç nəfər idilər, yaşları isə təxminən 28-30 arasında olardı. Onlardan biri mənim şalvarımı soyundurmaq istədi, mən müqavimət göstərdikdə isə sarışın oğlan qollarımı tutaraq, burdu. Bundan sonra onlar şalvarımı soyunduraraq, mənimlə növbə ilə cinsi əlaqədə oldular. Bu mənzərənin də videoçəkilişini aparırdılar. Bu vaxt ora kiminsə gəldiyini hiss etdim. Həmin şəxsin üzünü görməsəm də, onun batinka və formasından Azərbaycan ordusuna məxsus olduğunu gördüm. Onun səsini gizir Anar Allahverdiyevə oxşatsam da, ona baxmağa imkan vermədilər. Mənimlə cinsi əlaqədə olandan sonra ermənilər Azərbaycan bayrağını yerə atdılar və məni bayrağı tapdalamağı məcbur etdilər". Zərərçəkmişin sözlərinə görə, daha sonra ondan hərbi hissənin rəhbər şəxslərinin adını soruşublar: "Mən də başqa ad deməklə hərbi hissə komandirinin adını ona demədim. Lakin Anar Allahverdiyevin səsinə oxşatdığım şəxs dedi ki, niyə yalan danışırsan, hərbi hissə komandirinin adı Səbuhi Mustafayevdir". "Məni zorlayandan sonra casusluq etməyə məcbur etdilər" Zərərçəkmiş daha sonra qeyd edib ki, adını "Nika" qoyaraq onların adamı olduğunu deyiblər. Əks halda, zorlanması barədə aparılan çəkilişi internetdə yerləşdirəcəkləri ilə hədələyiblər: "Bundan sonra postda onların adamı yaxınlaşıb tapşırıq verdikdə yerinə yetirəcəyimə söz verdim. Onlar başıma yenidən torba keçirdilər və tutduqları yerə gətirərək, sərbəst buraxdılar". Zərərçəkmişin sözlərinə görə, hadisədən sonra gizir Anar Allahverdiyevin yanına gəlib və odun tapa bilmədiyini bildirib: "Həmin vaxt gizirin ayağında olan batinkanın ermənilər tərəfdə gördüyümlə eyni olduğunu müşahidə etdim. Gizir isə mənə istirahət etməyi təklif etdi. İki gün sonra gizir məni yanına çağırdı və hər şeyin ona məlum olduğunu bildirdi. Anar dedi ki, çaxmaq oğurlayıb ermənilərə aparmaq lazımdır. Bu sözlərdən sonra ermənilərin yanına gələn üzünü görmədiyim həmin 4-cü şəxsin gizir Anar Allahverdiyev olduğuna əmin oldum. Mən qorxduğumu və kiminsə çaxmağını oğurlaya bilməyəcəyimi deyəndə, Anar Allahbverdiyev ermənilərin şərtini mənə xatırlatdı. Bundan sonra əsgər A.K.ovun avtomat silahını çıxardıqdan sonra çaxmağını oğurladım və ermənilərə verdim". "Casusluq etmək istəməyən əsgərləri odun parçası ilə döyürdü" Zərərçəkmiş ifadəsinin sonunda gizir Anar Allahverdiyev tərəfindən şəxsi heyətə verilən işgəncələrdən danışıb. Onun sözlərinə görə, onların olduğu posta mülki şəxslər, çobanlar tez-tez gəlib-gedirdilər. Onun ifadəsinə görə, əsgərlər odun parçaları toplayıblar və gizir Anar Allahverdiyev də həmin odunları mülki şəxslərə satıb. Onun sözlərinə görə, Anar Allahverdiyev əsgərlərə "döyüşə" komandası verdikdən sonra odun parçası ilə əsgərləri döyürdü". "Məni ermənilər zorlayanda komandirim tamaşa edirdi" Cinayət işi üzrə ifadə verən digər əsgər G. C.ov yuxarıda dərc etdiyimiz zərərçəkmişin ifadəsinə uyğun ifadə verib. O bildirib ki, Anar Allahverdiyev tərəfindən ermənilərə təhvil verilib. Həmin ermənilər də əsgəri qazma kimi əraziyə apararaq, zorlayıblar, həmin epizodunda videoçəkilişini aparıblar. Ermənilər əsgəri "Vartur" ləqəbi ilə casusluğa cəlb ediblər: "Mənim nəzarətdə olacağımı bildirdilər. Əks halda isə aparılan çəkilişi internetdə yayacaqları ilə məni hədələdilər. Anar Allahverdiyev ermənilərlə nə barədəsə danışaraq gülürdü. Bir qədər sonra ermənilər getdilər. Gizir Allahverdiyev də mənə blindaja getməyi tapşırdı". Məhkəmə əsgərləri ermənilərə satan gizirə cəza kəsdi Cinayət işi üzrə digər zərərçəkmiş əsgərlər də məhkəmədə ifadə verib. Həmin əsgərlər gizir Anar Allahverdiyev tərəfindən işgəncələrə məruz qaldıqlarını deyiblər. Məhkəmə şahidlərin ifadəsini dinlədikdən sonra Anar Allahverdiyevin cinayətini sübuta yetirmiş hesab edib və məhkəmənin hökmü ilə ağır cinayəti törətməkdə təqsirli bilinərək, 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Daha bir qrup vətənə xəyanətdə ittiham olunub Azərbaycan Silahlı Qüvvələrinin dövlətə xəyanətdə ittiham olunan daha bir qrup hərbi qulluqçusuna hökm oxunub. Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Ordusunun əsgərləri Elçin Məmmədov, Orxan İsmayılov, Şamo Daşdəmirov və Mürşüd Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə Mürşüd Bağırov 14 il, Şamo Daşdəmirov 10 il 6 ay, Elçin Məmmədov 12 il, Orxan İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər. Müdafiə Nazirliyinin Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsinin əsgərləri Elçin Məmmədov, Orxan İsmayılov, Şamo Daşdəmirov və Mürşüd Bağırov döyüş postunu özbaşına tərk edərək düşmən tərəfinin hərbçiləri ilə görüşüblər. Bu görüşlər zamanı əsgərlər hərbi sirr barədə erməniləri məlumatlandırıblar. Təqsirləndirilən şəxslər CM 274-cü (dövlətə xəyanət) və 338.1-ci (Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması üzrə, yaxud onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə qaydalarını pozma, bu əməllər dövlətin təhlükəsizlik mənafelərinə zərər vura bilərdisə) maddələri ilə ittiham olunublar. Bu il Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmə 10-dan çox hərbi qulluqçunu erməni xüsusi xidmət orqanları ilə gizli əməkdaşlıq etdiklərinə görə cəzalandırıb. Yəqin ki, xainləri və satqınları həbsxanada yaxşı gün gözləmir. |