Broylerlər 30 faiz ucuzlaşma vəd edir
 |
Şərti də var: əgər quş yemi ƏDV-dən azad olarsa...
Şənbə, 26.09.2009
|
|
Toyuq məhsulları bazarında bahalaşma müşahidə edilir. Yumurtanın qiymətində də artım var. Bir həftə əvvəl bir ədədi 7-8 qəpiyə satılan yumurta indi 10-11 qəpikdir. Özü də hələ topdansatış məntəqələrində. Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyevin dediklərinə inansaq, bahalaşmada yerli quşçuluq müəssisələrinin heç bir rolu yoxdur. Onun sözlərinə görə, yumurtanın bahalaşması son vaxtlar bu məhsula tələbatın artması ilə bağlıdır. Bahalaşmaya mövsümi amillər də təsir edir.
Bu gün Azərbaycana xaricdən yumurta gətirilmir. Ona görə də tələbat artan kimi qiymətlər də bahalaşdırılır. Tələb-təkliflə bağlıdır. Tələb azalanda istehsal da azalır. Tələb artanda və istehsalda artım olmayanda bazarı tənzimləmək üçün qiymət bir qədər bahalaşdırılır. Bu isə təbii bir prosesdir.
Aydın Vəliyevin söylədiklərindən bəlli oldu ki, damazlıq yumurta isə ölkəyə xaricdən idxal olunur və qiyməti kifayət qədər baha olur. Müəssisələr damazlıq yumurtanı konkret bir yerdən aldıqları üçün həmin qiymət konkret şəxslər tərəfindən təyin edilir: "Məhsulun qiymətinin yerli bazarda bahalaşıb və ya ucuzlaşması da həmin şəxslərdən asılıdır. Bu məsələdə quşçuluq müəssisələrinin heç bir rolu yoxdur".
Xatırladaq ki, təqribən bir il öncə Quşçuluq Cəmiyyəti hökumətə broylerlərə müəyyən dövr ərzində bəzi güzəştlər edilməsi ilə bağlı təkliflər vermişdi. Amma nədənsə hökumət bir cavab verməyə tələsmir.
Təqdim edilən təkliflərdə quşçuluğun vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra ideyalar yer alır. Məsələn, Azərbaycana xaricdən gətirilən quş əti və yumurtanın həcminin məhdudlaşdırılması da istənilir. Hazırda xaricdən gətirilən məhsullar ölkənin quş ətinə olan tələbatının 40 faizini ödəyir. Tələbatın 60 faizi isə yerli müəssisələrin hesabına təmin olunur.
Təkliflərdə həmçinin quş yeminin ƏDV-dən azad olması da var. Çünki əsas problemi yemin bahalığı yaradır ki, nəticədə istehsalın azalması baş verir. Bir kiloqram toyuq ətində yemin payı 70 faiz təşkil edir. Deməli, yem ƏDV-dən azad olunsa, qiymətlər ən azı 30 faizə qədər aşağı düşər.
A.Vəliyev bildirdi ki, hazırda yerli müəssisələrin maddi-texniki imkanları onlara ildə 70 min ton quş əti istehsal etməyə imkan verir. Amma bazardakı vəziyyət, quş yemi və dərmanların bahalığı yerli şirkətlərə cəmi 40 min ton məhsul istehsal etməyə imkan verir.
Təkliflərdə quşçuluq müəssisələrinin inkişafı üçün yem, dərman preparatlarının alınmasına da əlavə dəyər vergisinin ləğvi var. Hesablamalara görə, əgər əlavə dəyər vergisi ləğv olunsa, ildə 80 min ton quş əti və 1 milyard 35 milyon toyuq yumurtası almaq mümkün olar ki, nəticədə xarici toyuqlara ehtiyac qalmaz. Problemlər aradan qaldırılsa, quşçuluq müəssisələri 2015-ci ilədək ölkənin bütün tələbatını yerli məhsullar hesabına ödəyə bilər.
"2008-2015-ci illərdə əhalinin ərzaq təminatının yaxşılaşdırılmasıyla bağlı Dövlət Proqramı"nda 2015-ci ildə Azərbaycanda quş əti və yumurta istehsalı 2 dəfə artırılaraq 80 min tona və 2,3 milyard ədədə çatdırılması göstərilib. Aydın Vəliyev deyir: "Əgər bizim verdiyimiz təkliflər qəbul olunmasa, Dövlət Proqramının icrasında çətinlik yarana bilər. Çünki hazırda quşçuluq təsərrüfatlarının vəziyyəti ürəkaçan deyil. Onların arasında fəaliyyətini dayandıranlar var. 30-a yaxın quşçuluq təsərrüfatı işini yarıbayarı azaldıb. Fəaliyyətdə olan müəssisələr öz gücünə işləyir. İstehsalı yarıbayarı azaldanlar var ki, tam gücü ilə işləmir".
Təbii ki, vəziyyətin bu şəkildə davam etməsi ilə quşçuluğun tənəzzülü başlaya bilər. Bazarda qiymətlərin sabit qalması da uzun çəkə bilməz. Günlərin birində kəskin bahalaşma yaranar və bu amil quşçuluq təsərrüfatlarının tam çökməsinə səbəb olar. Bir tərəfdən də xaricdən gətirilən quş əti bazarda yerini möhkəmləndirir. Bütün bu problemlər müəssisələrin sıradan çıxması ilə nəticələnir. Onu da deyim ki, mövcud problemlər üzündən quşçuluq və broyler təsərrüfatlarında çalışanların sayında xeyli azalmalar var.
Öyrəndik ki, ayrı-ayrı təsərrüfatlar vəziyyəti normallaşdırmaq üçün KTN Təsərrüfatın Təşkili və İqtisadiyyatı İnstitutu quşçuluğu xilas etmək üçün minimum zəruri tədbirlər paketi üzərində çalışır. Həmin tədbirlər paketində göstərilib ki, avadanlıq, broyler cücəsi, damazlıq yumurta, soya və qarğıdalı çecəsi əlavə dəyər vergisindən azad olarsa, işlər xeyli yaxşılaşar.
Broyler fabriklərində quşlara verilən yemin tərkibində genetik modifikasiya olunmuş orqanizmlərin olduğu deyilir. Bu ittihamların quşçuluğun imicinə zərər vurmaması üçün məhsullara necə zəmanət vermək olar?
Bu sualı cavablandıran cəmiyyət sədri bizi arxayın edir ki, istehsal olunan məhsullarda insan orqanizmi üçün zərərli olan heç nəyin qalmaması üçün bütün tədbirlər görülür. Yəni insanın səhhətinə mənfi təsir göstərə biləcək nə varsa, istehsal prosesində bunların hamısı nəzarətə götürülür. Aydın Vəliyev deyir: "Bu, xammalın alınmasından, istifadə olunan bütün inqridiyentlərin və yemlərin keyfiyyətindən, müəssisədəki iş şəraitindən tutmuş məhsulun alıcıya çatdırılmasına qədər bütün prosesi əhatə edir. Burada söhbət həm kimyəvi, həm bioloji, həm də fiziki təsirlərdən gedir. Qida təhlükəsizliyini təmin edən tədbirlər son məhsulda özünü göstərir. Bu standartların tətbiqi prosesi mütəmadi olaraq əlaqəli orqanlar tərəfindən yoxlanır, audit aparılır. Həmin müəssisəyə sertifikat verilənə kimi bu cür yoxlamalar davam etdirilir".
|
|
|
|
|
|
|