Hal-hazırda Ayna qəzetinin 26.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Neft ölkəsi və onun yoxsul sakinləri
Neft ölkəsi və onun yoxsul sakinləri
Qeyri-neft sektoru fəaliyyət qabiliyyətini itirib, banklarımız isə borc üçün Qərbin kredit təşkilatlarına üz tutub
Şənbə, 26.09.2009

Aynurə Əhmədova mətn ölçüsü  

Otuz illiyə imzalanmış "əsrin müqaviləsi"nin 15-ci ili bayram edildi. Onu fərqli prizmalardan qiymətləndirmək üçün bu 15 il yetərli zaman kəsiyidir. İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Qubad İbadoğlu "Ayna"ya açıqlamasında öncə bildirdi ki, sənədin imzalanması o vaxt iqtisadi və siyasi cəhətdən çətin bir duruma təsadüf edib.

- O dönəmdə sərmayə axınına, neft sənayesini idarəetmə üçün müasir menecmentə, qabaqcıl texnologiyaya ehtiyac vardı. Məhz bu səbəblərdən, eləcə də sərbəst maliyyə vəsaitlərinə malik olmadan neft yataqlarını yerli resurslar hesabına geniş mənada istismar mümkün deyildi. Lakin o vaxt nüfuzlu xarici şirkətlərin Azərbaycana gəlməsi heç də müdrik siyasətin nəticəsi kimi qiymətləndirilə bilməz. Sadəcə, şirkətlər öz korporativ maraqlarını güdərək mənfəət əldəetmə imkanlarını perspektiv olaraq qiymətləndirəndən sonra qərar vermişdilər.

Azərbaycanın qədimlərdən bəri neft ölkəsi kimi tanındığı barədə çox deyilir. Bu günün siyasi-iqtisadi mühitində, mütəxəssis əsrinin başladığı, beyin məhsulunun qiymətinin neftlə müqayisədə daha yüksək templə bahalaşdığı bir zamanda Azərbaycanın neft ölkəsi kimi tanınması heç də fəxr olunası nəticə deyil. Bu gün Azərbaycan dünya bazarına çıxardığı qeyri-neft məhsulları ilə öyünməlidir. Lakin 2009-cu ilin ilk yarısını əhatə edən gömrük statistikası göstərir ki, Azərbaycanın həmin yarım ildəki ümumi ixracatında neft və neft məhsullarının payı 92 faizə qədər olub. Bax "əsrin müqaviləsi"nin yaratdığı əsas problemlərdən biri budur.

Mövcud inhisarçılığın yaratdığı baryerlər problemlərə yol açıb

- Amma bir fakt var ki, bu 15 ildə Azərbaycan iqtisadiyyatı investisiyalar sarıdan korluq çəkmədi...

- Doğrudur, müqavilə sərmayə artımını müəyyən dövr üçün təmin etdi. Ancaq hazırda artım azalma ilə əvəzlənib. Əslində Azərbaycan iqtisadiyyatına iri şirkətlər tərəfindən böyük miqdarda investisiya qoyuluşu ölkədə biznes mühitinin yaxşılaşmasına, sahibkarların inkişafına əhəmiyyətli təsir göstərməli idi. Bu proses bütövlükdə Azərbaycanın investisiya cəlbediciliyinə stimul yaratmalı idi. Bu isə yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsul istehsalı üçün yaxşı perspektivlər vəd edirdi. Lakin ölkədə əsaslandırılmamış iqtisadi siyasət yürüdüldüyü və düzgün iqtisadi kurs seçilmədiyi üzündən mövcud inhisarçılığın yaratdığı baryerlər problemlərə yol açdı.

İqtisadiyyatın diversifikasiya əmsalının düşməsi, beynəlxalq ticarətdə müqayisəli üstünlüyün itirilməsi, qeyri-neft sektorunda ticari və qeyri-ticari sektorlar balansının pozulması, inflyasiyanın sürətli artımı kimi problemlər ümidlərin gerçəkləşməsinə imkan vermədi.

REKLAM

Əksinə, neftin yaratdığı imkanlardan yalnız qısamüddətli maraqlar çərçivəsində bəhrələnən hökumət qeyri-ticari sektorda populist və əsaslandırılmamış qərarların qəbulunu sürətləndirməklə hakimiyyət və biznes arasında korrupsiya münasibətlərini daha da gücləndirdi. Nəticədə neft gəlirlərinin bölüşdürülməsi zamanı klassik korrupsiya mənbəyi olan tikinti və nəqliyyat sektoru dövlət xərcləmələrinin prioritetinə çevrildi.

Bu sektorlarda həyata keçirilən bahalı layihələrin yaratdığı görüntülər bir tərəfdən hökumətin iqtisadi təbliğatının leytmotivinə çevrilsə də, digər tərəfdən korrupsiya reytinqinin pisləşməsinə, iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin zəiflədilməsinə, onun birtərəfli olaraq, yalnız qeyri-ticari sektor üzrə inkişafına gətirib çıxardı. İldən-ilə yüksək sürətlə artan gəlirlərin fonunda iqtisadiyyatda institusional dəyişikliklərə zərurətin də yarandığı şəraitdə islahatlar arxa plana keçdi.

Pul xərcləmək yarışı

- Belə bir fikir var ki, neft ölkələrində hasilatın artımı milli iqtisadiyyatın idarəolunmaz həddə çatması kimi ciddi çətinliklərə gətirib çıxarır. 15 ildən sonra Azərbaycan haqqında da eyni fikirləri söyləmək olarmı?

- Bəlli olur ki, ölkədə neft satışından əldə olunan "yüngül neft pulları" hökumət məmurlarında arxayınçılıq yaradaraq, ilk növbədə diqqəti tarazlı və davamlı inkişafa deyil, neft gəlirlərinin daha tez bölüşdürülməsi uğrunda mübarizəyə yönəldir və sanki bunu bir yarışa çevirir. Hakimiyyətdaxili qruplar arasında gərginliyin artmasına gətirib çıxaran belə bir yarış şəraitində əhalinin rifahının davamlı surətdə uzunmüddətli dövrdə yaxşılaşdırılmasına nail olmaq mümkün deyildir. Bunu rəsmi statistik məlumatlar da təsdiq edir.

Hər bir ölkədə əhalinin rifah səviyyəsinin ümumiləşdirilmiş göstəricisi orta aylıq əməkhaqqının səviyyəsi hesab olunur. Dövlət Statistika Komitəsinin 2009-cu il iyul ayının 1-nə olan məlumatına görə, Azərbaycanda bu göstərici 298 manat təşkil edib. Halbuki Rusiya bu səviyyədə orta aylıq əməkhaqqı həddini 2006-cı, Qazaxıstan isə 2007-ci ildə ötüb. Hazırda həmin ölkələrdə orta aylıq əməkhaqqı müvafiq olaraq 600 və 500 dolları ötür.

Bizimlə eyni siyasi keçmişə malik olan, start dövründə kəskin yaşayış fərqləri nümayiş etdirməyən və hazırda Azərbaycanın neft-qaz resurslarını dünya bazar qiymətlərinə almağa hazır olan Mərkəzi və Şərqi Avropa (MŞA) ölkələrində isə sosial vəziyyət daha da yaxşıdır. Belə ki, hələ 2007-ci ildə orta aylıq əməkhaqqı Litvada 759,4 avro, Latviyada 719,4 avro, Estoniyada 827,1 avro, Slovakiyada 842,3 avro, Polşada 983,2 avro, Macarıstanda 1104,3 avro, Çexiyda 1126,2 avro, Sloveniyada 1871,0 avro olub.

Azərbaycanın müvafiq göstəricisinin 250 avro ekvivalentində olmasına baxmayaraq, statistika göstərir ki, 2009-cu ilin ikinci rübündə ölkədə orta aylıq əməkhaqqı səviyyəsinin artım tempi birinci rüblə müqayisədə iki dəfə azalıb. Belə ki, birinci rübdə artım 26,5 faiz olubsa, birinci yarımildə 19 faizə düşüb. Diqqəti çəkən digər məqam isə bu müddət ərzində özəl sektorda maaşların artımının müşahidə edilmədiyidir. Deməli, neft gəlirlərinin Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəldilməsilə bağlı deyilənlər daha çox siyasi məna kəsb edir.

Biz Türkmənistanla da müqayisə oluna bilmərik

- Adətən, neft ölkələrində gəlirlərin xalq arasında bölüşdürülməsi fikirləri gündəmdə olur. Amma bizdə bu fikirlərin təbliği belə getmədi...

- Azərbaycan nəinki anadan doğulan uşaqlara 10 min dollar, ev tikmək istəyən şəxslərə əvəzsiz olaraq 80 min dollar, ali və orta təhsil müəssisəsini yeni bitirən hər bir şəxsə özünə iş yeri tapana qədər xərclərini ödəmək üçün 13 min dollar pul ayıran Səudiyyə Ərəbistanı ilə, körpə dünyaya gələn gün onun hesabına neft fondundan 3 min dollar, ev tikmək üçün hər bir vətəndaşına faizsiz, uzunmüddətli 220 min dollara qədər, yetkinlik yaşına çatmamış övladına görə onun valideyninə hər ay 170 dollar, evdar qadınlara isə ayda 300 dollar ayıran Küveytlə, hətta hər ay ailənin hər bir üzvünə suyu, duzu, 50 kubmetr qazı, 100 kvt/saat elektrik enerjisini, minik maşınlarının sahiblərinə ayda 120 litr benzini pulsuz verən Türkmənistanla belə müqayisəyə gəlmir.

Azərbaycan hökuməti mövcud məhsulları və xidmətləri regional bazar qiymətləri ilə öz vətəndaşlarına satmaqdadır. Bu isə bütün vətəndaşların neft gəlirlərindən pay götürmək imkanlarını məhdudlaşdırır. Belə imkanları yalnız neft sektorunda işləyənlər və büdcə sferasında çalışanlar aşağı əməkhaqqı vasitəsilə əldə etməkdədirlər. Bu halda "əsrin müqaviləsi"ndən qazanılan neft gəlirlərinin Azərbaycan vətəndaşlarının arasında bərabər və ədalətli bölüşdürülməsindən və onun əhalinin gələcək rifahına yönəldilməsindən danışmağa dəyməz.

Sosial yönümlü xərclər artır, sosial sahədə vəziyyət isə getdikcə ağırlaşır

- Bir iş var: neft gəlirləri hesabına büdcənin sosial yönümlü xərcləri ildən-ilə artır. Sizcə, nədən bu, əhalinin yaşayışının yaxşılaşmasına təsir göstərmir?

- Təhlillər göstərir ki, bizim vətəndaşların sosial-iqtisadi tərəqqinin nəticələrinə çıxış imkanları hələ də məhdud olaraq qalır. Çünki büdcə gəlirlərinin və adekvat olaraq xərcləmələrin ildən-ilə genişləndiyi bir şəraitdə əhalinin təhsil və səhiyyə xidmətləri ilə təminat səviyyəsini və onun keyfiyyətini xarakterizə edən göstəricilər daha da pisləşir. Ali məktəblərə builki qəbul və eləcə də orta məktəblərdə buraxılış imtahanlarının nəticələri təhsil sahəsində vəziyyətin getdikcə daha da ağırlaşacağından xəbər verir.

Belə ki, 2009-2010-cu tədris ili üçün ali məktəblərin 1-ci ixtisas qrupu üzrə abituriyentlərin (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə imtahan verənlər nəzərə alınmadan) 35,8 faizi, 2-ci ixtisas qrupu üzrə 24,4 faizi, 3-cü ixtisas qrupu üzrə 25,5 faizi, 4-cü ixtisas qrupu üzrə 49,2 faizi 100-dən aşağı bal toplayıb. Bu, əvvəlki illərlə müqayisədə ən aşağı göstərici hesab olunur. Deməli, yaxın gələcəkdə neftdən itirəcəyimizin əvəzini təhsildən qazandıqlarımızla doldurmaq mümkün olmayacaq. Bu ərəfədə orta təhsil məktəblərində buraxılış imtahanlarının nəticələri üzrə imtahanlara qatılan 23 faizədək şagirdin müvafiq sənədə yiyələnə bilməməsi də bizi ciddi düşünməyə vadar etməlidir.

Əslində bu, gözlənilən idi, hələ ötən il təsdiq olunmuş və uzun muddət ictimaiyyətdən gizli saxlanılan 2008-2015-ci illər üzrə yoxsulluğun azaldılması və davamlı inkişaf proqramında da tam orta təhsil üzrə xalis təhsil əmsalının 50 faizdən də aşağı olduğu göstərilib.

Müqayisə üçün qeyd edim ki, müvafiq göstərici Latviyada 81, Litvada 89,7, Estoniyada 86,8, Polşada 94,4, Macarıstanda 87,6, Çexiyada 94,5, Rumıniyada 81 və Bolqarıstanda 82 faiz təşkil edib. Baxmayaraq ki, Azərbaycan rəsmi və qeyri-rəsmi mənbələr hesabına təhsilə yönələn vəsaitlərin həcminə görə bu ölkələrdən heç də ciddi fərqlərlə geridə qalmır.

Hökumət təhsil büdcəsinin genişlənməsi, təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması məqsədilə büdcədən və digər mənbələrdən hər il milyardlarla vəsait xərcləyir. Təhsilə yönələn investisiyalar nəzərə alınmadan yalnız bu sahədə siyasətin idarəolunması ilə bağlı xərclər 2009-cu ilin ikinci prioritet xərc maddəsi kimi təsdiq olunub və bu məbləğ 1 milyard 353 milyon manat təşkil edir.

Onu da deyim ki, eyni problemləri səhiyyə və elm sahəsində də müşahidə etmək mümkündür. Göründüyü kimi, Azərbaycan hökumətinin artan neft gəlirlərindən səmərəsiz istifadəsi əhalinin sosial-iqtisadi nailiyyətlərdən bəhrələnməsində əsas maneələrdən biri olaraq qalır.

Nəticə olaraq onu demək istərdim ki, BP-nin məlumatına görə, AÇG yatağında təsdiq olunmuş 5,4 milyard barel neftin artıq 1 milyard 60 milyon bareli çıxarılıb. Demək olar ki, mövcud ehtiyatların 20 faizi çıxarılaraq ixrac olunub, onun sayəsində Qərbin sənaye maşınları hərəkətə gəlib, Azərbaycanın əldə etdiyi neft dollarları da Qərbi Avropa və Amerika banklarında yerləşdirilib. Bunun müqabilində Azərbaycanın neftdən kənar sektorlarda olan sənaye müəssisələrinin əksəriyyəti fəaliyyət qabiliyyətini itirib, maliyyə sarıdan əziyyət çəkən banklarımız isə borc götürmək və daxildəki öhdəliklərini yerinə yetirmək üçün Qərbdə yerləşən kredit təşkilatlarına üz tutublar. Əhalinin rifahına gəlincə, hətta gələcək nəsillərin payının indidən xərclənməsinə baxmayaraq, Azərbaycan vətəndaşlarının bir qismi yenə yoxsulluqdan əziyyət çəkməkdə, əksəriyyəti isə inkişaf etmiş ölkələrdə tətbiq edilən sosial-iqtisadi tərəqqinin müasir nəticələrini həsrətlə gözləməkdədir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Geni dəyişdirilmiş məhsullar: xeyri nə, zərəri nə?
Onların ölkəyə idxalı nə təsdiq, nə təkzib edilir

Broylerlər 30 faiz ucuzlaşma vəd edir
Şərti də var: əgər quş yemi ƏDV-dən azad olarsa...



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər