![]() |
çap et |
|
|||
Ölkəyə geni dəyişdirilmiş məhsullar gətirilməsi mövzusu həmişə gündəmdədir. Ekspertlər Azərbaycana belə məhsullar gətirildiyini iddia etsələr də, müvafiq qurumlar bunu nə təsdiq, nə də təkzib edir. Faktlar isə göz önündədir. Xaricdən gətirilən meyvə-tərəvəzlərin eyni ölçüdə olması, gec xarab olması sadə vətəndaşda şübhələr oyadır.
Piştaxtalarda ilin, demək olar, bütün fəsillərində ölkəyə idxal edilən üzüm, alma, armud, portağal və başqa meyvələr satılır. Məsələn, tərkibində qlükoza, fruktoza, saxaroza, dəmir duzları, kalium-permanqanat, S və B qrupu vitaminləri, pektin maddəsi olan üzümün giləsi və şirəsi, ürək-qan damar sistemi, mədə-bağırsaq, qaraciyər, öd yolları və böyrək xəstəlikləri, tənəffüs yolları iltihabının müalicəsi üçün çox xeyirlidir. Söhbət təbii yolla yetişdirilən üzümdən gedir. Azərbaycanda üzüm mövsümü avqustun əvvəlindən oktyabrın sonuna qədərdir. Azərbaycan Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun direktoru Tariyel Pənahov tövsiyə edir ki, adamlar bazarlarda ilin bütün fəsillərində satılan üzümləri alarkən ehtiyatlı olmalıdır. Onun sözlərinə görə, xaricdən gətirilən üzümlərə kimyəvi maddələr vurulub, aylarla soyuducularda saxlanılır: "Giləsinə baxırsan, hamısı bir boyda, salxımlar bir boyda. Onlara mütəxəssislər mütləq nəzarət etməlidir". Eyni sözləri alma, armud və digər meyvələr, tərəvəzlər haqqında da söyləmək olar. Məsələ ondadır ki, Avropada geni dəyişdirilən məhsulların həm iqtisadi, həm ekoloji cəhətdən sərfəli olduğunu iddia edənlər var. Bu fikrin tərəfdarları olan ekspertlər, xüsusilə amerikalı mütəxəssislər ölkədə belə məhsulların istehsalı üçün təbliğata başlayıb. Yerli mütəxəssislər isə geni dəyişdirilən məhsullarla ehtiyatlı olmağı və bu məsələnin diqqətlə araşdırılmasını vacib sayırlar. Xarici ölkələrdə geni dəyişdirilən məhsullar geniş yayılıb. Amerika, Kanada, Argentina, Çin və başqa ölkələrdə alma, kartof, pomidor, xiyar, badımcan, qarğıdalı, soya və başqa bitkilərin geninin dəyişilmiş olması adi bir haldır. Belə məhsulların ən böyük üstünlüyü onun gətirdiyi mənfəətdir. Geni dəyişdirməklə məhsuldarlığı qat-qat artırmaq, meyvələrin ölçülərini sürətlə böyütmək mümkün olur. Bu da istehsalçılara yaxşı pul gətirir. İstehsalçıların söylədiklərinə görə, geni dəyişdirilən məhsullar yetişdiriləndə gübrədən az istifadə olunur. Bu məhsullar gübrədən istifadəni 114 milyon kiloqram azaldıb. Bu da əvvəlki illərlə müqayisədə fermerlərə 45 milyard əlavə gəlir gətirib. Yəni geni dəyişdirilən məhsullar həm ətraf mühitə təsir baxımından, həm də mənfəət baxımından sərfəlidir. Məsələn, Hindistan və Çində hətta kiçik bir sahəsi olan fermerlər də belə yeni texnologiyalardan istifadə etməklə 30-40 faiz artım əldə edirlər. Hazırda dünyada 1 milyard hektar ərazidə geni dəyişdirilən məhsullar becərilir. Yaxın vaxtlarda belə məhsullar Azərbaycanda da yetişdirilə bilər. Avropa, Afrika və başqa ölkələrin təcrübəsi göstərir ki, genetik baxımdan modifikasiya olunmuş meyvələri Azərbaycanda da yetişdirmək olar. İlkin mərhələlərdə xaricdə artıq tətbiq olunmuş və sınaqdan keçmiş metodlardan istifadənin mümkünlüyü gündəmdədir ki, bu daha ucuz başa gələr. Amerikalı mütəxəssislər ölkənin rayonlarında geni dəyişdirilən məhsulları təbliğ edirlər. Amerikalılar hesab edirlər ki, cəmiyyət genetik məhsulların nə qədər sağlam nə zərərsiz olmasından xəbərsizdir. Geni dəyişdirilən məhsullarla bağlı vəziyyət o qədər mürəkkəbdir ki, heç Azərbaycan Aqrar Elm Mərkəzində də onların zərərli və ya zərərsiz olduğunu dəqiq bilmirlər. Amma alimlər onların uşaq yeməklərinə tətbiqini istəmirlər. Mərkəzin baş direktoru Əsəd Musayev deyir: "Xaricdən gətirilmiş geni dəyişmiş bitkilərin xeyirli, yaxud ziyanlı olmaları haqda məlumat azdır. Ona görə elmi tədqiqat institutları birinci növbədə bu geni dəyişmiş bitkilərlə məşğul olmalıdır. Hesab edirəm ki, uşaq yeməkləri üçün geni dəyişilmiş bitkilərin məhsullarından istifadə qadağan olunmalıdır". Xaricdə belə məhsulların əsas üstünlüyü kimi iqtisadi səmərə və ziyanvericilərə qarşı davamlı olması göstərilir. Yəni belə meyvələrə həşəratlar da yaxın gəlmir. Hərçənd bu faktın özü meyvənin həm də təhlükəli olmasını sübut edir. Bəzən bitkilərə elə canlıların genini köçürürlər ki, onlar insan həyatı üçün təhlükəli olur. Əsəd Musayev deyir ki, buğda ilə çovdarın hibridləşməsi və yaxud noxudla digər paxlalı bitkilərin bir-biri ilə hibridləşməsi nəticəsində əmələ gələn yeni sortlarda qorxulu bir şey yoxdur. Ən qorxulusu bəzi orqanizmlərə, bitkilərə bir sıra ölkələrdən müxtəlif heyvanların, həşəratların genləri köçürülür və onlardan alınan geni dəyişən orqanizmlər qorxulu ola bilər. Bu sahə daha geniş araşdırılmalıdır". Doğrudur, Azərbaycanda geni dəyişdirilən məhsulların satışı qadağan edilməyib. Amma bu hal həmin məhsulların dəqiq yoxlanmasını da qadağan eləmir. İndi bəzi qurumlar bu məhsulların yoxlanması üçün laboratoriyalara malikdir. Alimlərin fikrincə, geni dəyişdirilən məhsulların təbiətini, onların insan orqanizminə təsirini tam araşdırmaq üçün ölkədə dövlət nəzarət institutu yaradılmalıdır. |