![]() |
çap et |
|
|||
Dünən Polşada voleybol üzrə qadınlar arasında Avropa çempionatı başlanıb. Qitə birinciliyində 16 ölkənin yığma kollektivi ilə yanaşı, Azərbaycanın qadınlardan ibarət milli voleybol komandası da mübarizə aparır.
16 komanda dörd qrupda mübarizəyə başlayacaq. Çempionatın reqlamentinə görə, qruplarda ilk iki yeri tutacaq 8 yığma komanda növbəti mərhələyə vəsiqə qazanır. Faiq Qarayevin başçılıq etdiyi yığmamız "D" qrupunda çıxış edir. Bu qrupun oyunları Polşanın Kotovitse şəhərində, 12 min tamaşaçı tutan "Spodek" idman arenasında keçirilir. Komandamız qrup mərhələsində Serbiya, Çexiya və Slovakiyə yığmaları ilə mübarizə aparacaq. Voleybolçularımız ilk görüşü dünən Serbiya kollektivinə qarşı keçiriblər. Görüşdə yığmamız 3:0 hesabı ilə məğlub oldu. Komandamız Avropa çempiontı ərəfəsində xüsusi hazırlıq keçib. Son bir neçə həftəni Belarusda olan voleybol yığmamız burda təlim-məşq toplanışı keçməklə yanaşı, beynəlxalq turnirdə də qüvvəsini sınayıb. Təəssüf ki, komandamızın həmin turnirdə göstərdiyi nəticələr narahatlığa əsas verə bilər. Ümumilikdə isə voleybol yığmamız son dövrlər qeyri-sabit oyun nümayiş etdirir. Bütün aparıcı oyunçularımızın çıxış etməsinə baxmayaraq, voleybolçularımız bloklarda inamsız oynayır, topun qəbulunda səhvlərə yol verirlər. Komandada gənc oyunçular üstünlük təşkil etsə də, oyunlarda əsas ağırlıq təcrübəli voleybolçular - Oksana Parxomenko, Natalya Məmmədova, Valeriya Korotenko, eləcə də Lidiya Maksimenko və Kseniya Kovalenkonun üzərinə düşəcək. Zədəsini yenicə müalicə etdirən Yelena Parxomenkonun komandamıza kömək edəcəyi sual altındadır. İndi yalnız ona ümid eləmək olar ki, vəziyyət Avropa çempionatının gedişində müsbət tərəfə dəyişəcək. Yeri gəlmişkən, Faiq Qarayevin yetirmələri ikinci mərhələyə çıxacaqları təqdirdə, "C" qrupundan olan komandalarla, daha dəqiq desək - Rusiya, İtaliya, Türkiyə və ya Fransa kollektivləri ilə üz-üzə gələ bilər. Faiq Qarayevin komandası bu gün Slovakiya kollektivi ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə 18:00-da başlanacaq. Qrup mərhələsində son oyunumuzu sabah Çexiya komandasına qarşı keçirəcəyik. |