Danimarkanın Herninq şəhərində güləş üzrə dünya çempionatı davam edir. Çempionatın medalları uğrunda Azərbaycan pəhləvanları da mübarizə aparırlar. Mübarizəyə ilk olaraq sərbəst güləşçilər qoşulublar. Bütün 7 çəki dərəcəsində təmsil olunan pəhləvanlarımızdan dördü dünya çempionatının mükafatlarına yiyələnib. Zəlimxan Hüseynov (60 kq), Çamsulvara Çamsulvarayev (74 kq), Xetaq Qazyumov (96 kq) çempionatın gümüş, Şərif Şərifov isə bürünc medalına sahib olublar. Digər üç sərbəst güləşçimiz isə uğursuz çıxış edib.
Finalda ruslara uduzuruq
Namiq Sevdimov (55 kq) ilk görüşdə qalib gəlsə də, sonra türkiyəli Sezər Akgülə uduzaraq mübarizəni təsəlliverici mərhələdə davam etdirib. Lakin o, bürünc medal uğrunda görüşdə rus Viktor Lebedeyə uduzub və mükafatsız qalıb.
Cəbrayıl Həsənov (66 kq) isə keçirdiyi əvvəlki iki görüşü qələbə ilə başa vursa da, yarımfinalda hindistanlı Kumar Suşiyə uduzaraq mübarizəni dayandırıb.
Namiq və Cəbrayıldan fərqli olaraq Xetaq Qazyumov ilk yarış günü məşqçiləri sevindirib. Keçirdiyi dörd görüşün hamısında rəqiblərini üstələyən Xetaq finalda yaxşı tanıdığı Rusiya güləşçisi Hacımurad Qatsalova məğlub olaraq, gümüş mükafata sahib çıxıb.
Zəlimxan Hüseynov da ardıcıl dörd rəqibini üstələyərək finala vəsəqə qazanıb. O, qızıl medal qazanmaq üçün adlı-sanlı rus pəhləvanı Besik Kuduxovla qarşılaşıb. Lakin görüş daha təcrübəli rusiyalının qələbəsi ilə başa çatıb.
Çamsulvara Çamsulvarayev də ardıcıl dörd görüşdə rəqiblərinə aman verməyib. Fəqət Çamsulvara da finalda, Xetaq və Zəlimxan kimi rusiyalı pəhləvana məğlub olaraq, qızıl medal qazanmaq şansını əldən verib.
Şərif Şərifov isə əsas mərhələdə qızıl medal qazanmaq şansını itirsə də, təsəlliverici yarışlarda müvəffəqiyyətlə çıxış edərək dünya çempionatını üçüncü yerdə başa vurub.
Sərbəst güləşçilərimizdən sonuncusu, 120 kq-da yarışan Əli İsayev ilk iki görüşdə qalib gəlsə də, üçüncü mərhələdə ABŞ güləşçisinə uduzaraq mübarizəni dayandırıb.
Beləliklə, ölkəmizin sərbəst güləşçilərdən ibarət yığması dünya çempionatında komanda hesabında ikinci nəticə göstərib. 48 xal toplayan millimiz yalnız Rusiyadan (63) geri qalıb. İran (40) üçüncü, Türkiyə dördüncü (27), Ukrayna (23) beşinci yeri tutub.
Ölkəmizə ilk qızıl medalları qızlarımız qazandırır
Dünya çempionatının ikinci yarış günü meydan qadın pəhləvanlara verilib. Ölkəmizə ilk qızıl medalları da məhz zərif cinsin nümayəndələri qazandırıb. Mariya Stadnik (48 kq) və Yuliya Radkeviç (59) dünya çempionu adına layiq görülüblər. Sona Əhmədli (55 kq) isə gümüş medalla kifayətlənib.
Qadınlardan ibarət yığmanın əsas qızıl medal ümidi Mariya Stadnik vəzifəsinin öhdəsindən yaxşı gəlib. Finala qədər keçirdiyi dörd görüşün hamısında qələbə qazanan Mariya ölkəmizə qazıl medal qazandıran ilk güləşçi olub. Maraqlıdır, o, yarımfinalda baldızı, Böyük Britaniyanı təmsil edən Yana Stadniki də mübarizədən kənarlaşdırıb. Qeyd edək ki, Mariya Stadnik ilk dəfədir dünya çempionu tituluna yiyələnir.
Ölkəmizə ikinci qızıl medalı isə Yuliya Radkeviç qazandırıb. O, dünya çempionu adı uğrunda həlledici görüşdə polşalı Aqata Pyetrzaka qalib gəlib.
Budəfəki dünya çempionatı Sona Əhmədli üçün də uğurlu olub. Əvvəlcə üç rəqibinin kürəyini yerə vuran Sona qızıl medal uğrunda görüşdə yaron Saori Oşidaya uduzaraq gümüşlə kifayətlənib.
63 kq-da çıxış edən Olesya Zamula isə zəif çıxış edərək müafatçılar sırasına düşə bilməyib. Qeyd edək ki, qadın güləşçilərin yarışında Azərbaycan 35 xal toplayaraq komanda hesabında 52 ölkə arasında birinci olub.
Dünən yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.
|