çap et  
Beynəlxalq Əfv Təşkilatı xəbərdarlıq edir:
Beynəlxalq Əfv Təşkilatı xəbərdarlıq edir:
İşgəncə və təcavüz qurbanlarının təhlükəsizliyi təmin olunsun
Şənbə, 26.09.2009

Sədi

Ötən həftənin sonunda Beynəlxalq Əfv Təşkilatı İranda seçki məhbuslarını, işgəncə və təcavüz qurbanlarını yeni təhlükələr gözlədiyinə dair narahatlıq bildirdi. Söz, fikir və mətbuat azadlığına qarşı Tehran hakimiyyətinin sərhəd tanımayan qəddarlığının qarşılığında beynəlxalq qurumların bu kimi "narahatlıq" ifadələrinin sayı artıq unudulmuşdur. İran rəsmiləri isə belə şeylərə məhəl qoymaqdan çox uzaq görünürlər. Bu ölkədə öz qanuni haqlarını tələb edənlərə qarşı təzyiqlərin günü-gündən artmasını başqa cür izah etmək mümkün deyildir.

"GünAz.TV"nin xəbərinə görə, Beynəlxalq Əfv Təşkilatının baş katibi xanım Ayrin Xan İranın ali rəhbərindən tələb edib ki, işgəncə və təcavüz qurbanlarının təhlükəsizliyi təmin olunsun, onlara qarşı zorakılıqda əli olan şəxslər qanun qarşısında cavab versinlər.

Ayrin Xan deyir ki, İranda işgəncəyə və təcavüzə əl atanların yerinə bu kimi cinayətlərin üstünü açanlar, həyəcan təbili çalanlar, ictimai fikri buna qarşı qaldıranlar təqib olunur. "Bu təqiblər məhkəmə qərarlarında da özünü göstərir. Buna görə də qurum insanların işgəncəyə və təcavüzə məruz qalmalarından, onlardan basqı altında etiraf alınmağından narahatdır", - deyə bəyanatda bildirilir.

Əfv təşkilatı Xamneyidən tələb edib ki, seçki məhbuslarının təhlükəsizliyinə təminat verilsin, eləcə də işgəncələr və edamlar praktikasına qarşı çalışan beynəlxalq mütəxəssislərin durumu təhqiq etmək məqsədilə İrana səfər etməsinə şərait yaradılsın.

Bu gün İranda işgəncələr və edamlar tək seçki etirazçılarına qarşı yönəlməyib. Eyni zamanda, bu ölkə əhalisinin az qala yarısını təşkil edən Azərbaycan türklərinin milli heysiyyətini müdafiə etməyə cəsarət göstərənlərə, milli təəssübkeşlərə qarşı da sərt tədbirlər praktikası davam etdirilir.