çap et  
"Leyli və Məcnun"un 100-cü tamaşasının DVD versiyasına maraq
Şənbə, 26.09.2009


Bir müddət əvvəl İspaniyanın Malyorka şəhərində konsert proqramı ilə çıxış edən azərbaycanlı musiqiçilərin çıxışlarından ibarət DVD hazırlanıb. Kastel De Belver adlanan qəsrdə təşkil olunan konsertdə xalq artistləri Mənsum İbrahimov, Aygün Bayramova, əməkdar artistlər Yeganə Axundova, Elçin Həşimov və Elnur Əhmədov iştirak edib. Mənsum İbrahimovun məlumatına görə, proqramda Azərbaycanın dünya şöhrətli bəstəkarları Qara Qarayev, Cövdət Hacıyev, Arif Məlikov və başqalarının əsərləri ifa olunub: "Həmin konsertdə "Leyli və Məcnun" operasından parça da oxumuşduq. Artıq bir həftədir konsertin təşkilatçıları tərəfindən həmin konsertin DVD versiyası buraxılıb. Bizim özümüzə də 100 ədəd hədiyyə göndəriblər. Bu, çox gözəl bir haldır və bu addım Azərbaycan musiqisinin dünyaya inteqrasiyasına xidmət edir".

Xanəndənin bildirdiyinə görə, Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının 100-cü tamaşasının Moskvada işıq üzü görən DVD versiyasının yenidən buraxılması nəzərdə tutulur: "Leyli və Məcnun"un DVD versiyası 1000 nüsxə buraxılıb. Çünki bu DVD ilk öncə səfirliklər, kitabxanalar, musiqi ocaqları üçün idi. Artıq tələbat çox olduğu üçün bu işi kütləviləşdirmək qərarına gəliblər. Toplu yenidən böyük tirajla buraxılacaq və Azərbaycanda satışa çıxarılacaq".

"Leyli və Məcnun" operasının həmin 100-cü tamaşasında Məcnun rolunu Mənsum İbrahimov, Leyli rolunu isə Nəzakət Teymurova canlandırıb.