çap et  
Səhnəmizin çəkidən ağır və yüngülləri
Səhnəmizin çəkidən ağır və yüngülləri
Pəhriz onların həyat tərzinə çevrilib
Şənbə, 26.09.2009

Zəminə Rüstəmova

"İncəsənət qurban tələb edir" deyimi şou dünyasının əzəli və əbədi şüarıdır. Üzdə plastik cərrahiyyəyə üz tutarkən, bədəndəki artıq kiloları aradan götürərkən onlar bu şüarı əldə bayraq edirlər. Hətta bu deyim müxtəlif mənalara yozularaq, boşanma kağızının əldə olunmasında da rol oynayır. Bütün bu addımların sonunda bir məqsəd var: tamaşaçı sevgisi və onların zövqünü oxşamaq yarışında qalibiyyət. Bugünkü sorğumuzda bu məsələyə qismən də olsa toxunmağa çalışdıq. Öyrəndik ki, incəsənət adamları formada qalmaq üçün hansı üsullara əl atırlar: Dəfələrlə plastik cərrahiyyə əməliyyatlarından keçib, həyatını riskə atan xalq artisti Aygün Kazımova bir müddət əvvəl Moskvada həkim müayinəsindən keçib və həkim məsləhəti ilə xüsusi pəhriz saxlayır. Bu qidalar orqanizmin tələb etdiyi və müəyyən miqdar ərzaq məhsullarıdır: "Qida rasionunun içində hər şey var, hətta yağlar və digər məhsullar da yemək olar. Ən maraqlı hal odur ki, pəhriz dörd gün sonra təsirini göstərir. Pəhrizdə konservatdan, şokoladdan istifadə etmək qadağandır".

Sənətçi mütəmadi olaraq idmanla da məşğul olduğunu dedi. Qaçış trenajorundan istifadə edir. Çəkisi 48 kiloqram olan Azəri qızı Günel üçünsə bədən formasında qalmağın olduqca bəsit üsulu var: "Sadəcə, az yeyirəm. Hazırda 48 kiloyam. Özümə heç bir qadağa qoymamışam. Yeyirəm, sadəcə, az yeyirəm". Tanınmış teleaparıcı Nərgiz Cəlilova isə illərdir efirdə eyni çəkidə görünür. O, formada qalmaq üçün böyük qurbanlar verdiyini düşünmür: "Mənim təbiətim belədir. Deyim ki, həmişə formama fikir verirəm, yox. Allahın bəxş etdiyi fiziki quruluşdur. Sadəcə, çox yeyən adam olmamışam. Evdə arabir idmanla məşğul oluram. Lakin idmanla məşğul olmaq üçün də böyük əmək sərf etmirəm. Hər bir orqanizmin uyacağı idman üsulları var. Qida rejimim sərbəstdir. Bir gündən bir olsa da, şirə içirəm. İdmandan yarım saat sonra yeyirəm. Hər işi ovqatımı saxlayaraq edirəm. Bu məqamda özümü yaxşı hiss edirəm. Nəinki saat 6-dan sonra, 8-9-dan sonra da yeyə bilirəm. Amma az yeyirəm. Bu, görünür, maddələr mübadiləsi ilə bağlıdır".

İradə İbrahimova da pəhriz saxlayan sənətçilərin sırasındadır. Lakin bunu mütəmadi etmir. Deyir ki, çəkisində müəyyən artımlar müşahidə edərkən, yeməyinə diqqət yetirir. Bəzən pəhrizdən kənara çıxaraq, sadəcə, rasionundakı tutumlu qidaları azaldır. Eyni zamanda, xanım sənətçi idmanla da məşğul olur. Bunu mütəmadi edən İradə İbrahimova idmana eyni zamanda sağlamlıq tərəfdən yanaşır. Meyxanaçı Namiq Qaraçuxurlu da bəlli çəkidə görünmək üçün çalışırmış: "İl yarım, iki ilə yaxındır idmanla məşğulam. Bacardığım qədər gecələr yemək yemirəm. Bir də çörək az yeyirəm. 81 kiloyam, əslində, 3 kilo artmalıyam, 84, ya da 85 kilo olmalıyam". Ana olmağa hazırlaşan Röya kökəlməyə meylli olduğunu deyir: "Vaxtilə pəhrizlər saxlamışam. Əgər diqqəti özümdən yayındırsam, bilirəm ki, çəkimdə rəqəmlər artacaq. Hazırda məlum səbəbdən buna diqqət yetirmirəm. Vitaminli və tutumlu qidalar qəbul edirəm. Amma ana olandan sonra mütləq rejimdə olmalıyam". Röyadan fərqli olaraq dolu bədənli əməkdar artist Almaz Ələsgərli kökəlməyə meylli olduğunu bilə-bilə qarşısında şərt qoymur. Necə pəhriz saxladığına yumorla cavab verdi: "Səhər yaxşı-yaxşı yeyirəm. Günorta saatlarında naharımı qaçırmıram. Bəzən ət, bəzən də tərəvəz yeməklərinə üstünlük verirəm. Şam yeməyimdə də bu cür qidalar əskik olmur. Bir sözlə, özümə əziyyət vermirəm. Amma deyim ki, son həftədə çəkimdə bir qədər azalma müşahidə olunur. İstəsəm, sürətlə arıqlaya bilərəm. Amma indiki çəkidə görünmək özümə xoşdur. Mən heç vaxt köklüyün təsiri altına düşməmişəm". Xalq artisti Faiq Ağayev də pəhrizdən istifadə edir. Lakin o, qida rasionunun tez-tez dəyişdiyini əsas gətirərək, bunu təfərrüatı ilə danışmaq istəmədi. Xalq artisti Brilyant Dadaşova uzun illərdir çəkisini idmanla və pəhrizlə qoruyur. Bu həftənin ilk günləri Türkiyədən Bakıya qayıdan sənətçi, sadəcə, aztutumlu qidalara üstünlük verdiyini bildirdi. Xalq artisti Firəngiz Mütəllibova isə Brilyant Dadaşovanın tövsiyələri ilə son günlərdə çəkisini azaltmağı bacarıb: "Brilyant xanımın məsləhətindən sonra özümə trenajor aldım. Axşam saatlarında evə gələndən sonra yeməyimi yeyir və trenajorla məşğul oluram. Əgər bir gün məşğul olmasam, özümü narahat hiss edirəm". Xalq artisti Nazpəri Dostəliyeva da pəhrizlə yaşayan və idmanla məşğul olanların sırasındadır: "Yayda çəkimdə bir qədər artım müşahidə edirdim. Bu səbəbdən pəhriz saxlayıram. Eyni zamanda aerobika ilə məşğul oluram. Çəkim artanda bunu dərhal hiss edirəm. Ona görə də məndə yüksək çəki artımı olmur". Xatırladaq ki, xalq artisti Nisə Qasımova və müğənni Rəqsanə ideal bədən formasına nail olmaq üçün bir müddət əvvəl plastik əməliyyatdan çıxıblar.