![]() |
çap et |
|
|||
Tezliklə ölkəmizdə ilk dəfə olaraq bədii əsərlə birlikdə onun audio versiyasının təqdimatı olacaq. Gənc yazıçı Elxan Xanəlizadə "Yol" romanının kitabı ilə birgə audio versiyasını da təqdim edəcək. Xatırladaq ki, bu vaxta qədər bir neçə gənc müəllif öz əsərlərini yalnız audio disk formasında təqdim etmişdi. İndi Bakıda kitabla disk ilk dəfə birlikdə təqdim edilir.
Layihənin rəhbəri Pərviz Hətəmovun verdiyi bilgiyə görə, romanın audio versiyası əməkdar artist, bəstəkar Gövhər Həsənzadənin studiyasında hazırlanıb. Əsərin audio versiyasının kitabla birgə təqdimi ideyasının müəllifi Emin Musəvidir. Romanın səsli versiyasını peşəkar jurnalist, aparıcı Ceyhun Əli səsləndirib. Kitabın və diskin üz qabığı ilə yanaşı digər şəkillərini rəssam Nərminə Vəliyeva çəkib. Bəstəkar Ülviyyə Vəliyeva isə xüsusi olaraq əsər üçün yeni musiqilər bəstələyib. Müəllif Elxan Xanəlizadə isə dünya ədəbi təcrübəsində xeyli vaxtdır sınaqdan keçirilən bu tendensiyanı Azərbaycana gətirməkdə məqsədli olduğunu bildirir. Onun sözlərinə görə, Azərbaycanda bədii əsər oxumağa meyli olan kütlə azlıq təşkil etdiyindən bu üsula əl atıb. Kitabı oxumağa vaxtı və həvəsi olmayan istənilən insan romanın audio versiyasını bir neçə saat ərzində qulaq asmaqla onu mənimsəyə biləcək. Müəllif əlavə edib ki, "Yol" romanı bütövlükdə böyük bir ədəbi layihənin tərkib hissəsidir və onun təqdimatı media qarşısında reallaşacaq. Elxan Xanəlizadə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirərək bakalavr və magistr dərəcələri alıb. Hazırda "Azad Azərbaycan" radiosunda aparıcı olan gənc yazıçı həm də jurnalist kimi fəaliyyət göstərir. |