çap et  
Rüşvətsiz, qayda-qanunla yaşamaq istəmişdik
Rüşvətsiz, qayda-qanunla yaşamaq istəmişdik
Məmurlar bizi bax beləcə süründürdülər
Şənbə, 26.09.2009

S.Abbas

"Əşi, hər şey yaxşı olacaq!". Bu fikri, demək olar, hamı deyir, amma nəyinsə yaxşı olması üçün əməldə bir fəaliyyət yoxdur. Rüşvət, korrupsiya, süründürməçilik, yalan, "ura-vətənpərvərlik", yaltaqlıq, məddahlıq və s. isə çiçəklənməkdə davam edir. Bu isə hər şeyin pisə doğru getdiyini göstərir.

İnsanlar qayda-qanunla adi sosial problemini həll edə bilmir, ən xırda məmurundan tutmuş irisinə qədər əksəriyyət rüşvət umur, yalan danışır. Prezidentə sədaqətlərini nümayiş etdirmək üçün oturduqları rahat kabinetlərdə onun rəsmmni başlarının üstündən asırlar. Və bu rəsmin qarşısındaca olmayan oyunlardan çıxırlar.

"Cərimə"dən qurtulan sürücülər "məhşər ayağında"

Ötən həftə sərnişin nəqliyyatında olan problemlərdən yazmışdıq. Həmin yazıda sürücülərin böyük məbləğdə qanunsuz olaraq cərimə olunmasından söz gedirdi. Medianın müdaxiləsindən sonra sürücülər qanuna müvafiq olaraq kimsəyə pul ödəmədən avtobuslarını Nəqliyyat Departamentinin "cərimə meydanı"ndan çıxara bildilər. Amma bu həftə ərzində yenə həmin avtobusların sürücülərinin bəziləri "Ayna"nın əməkdaşına zəng edərək məlumat veriblər ki, minbir bəhanə ilə yenidən ya avtobusları "cərimə meydanı"na aparıblar, ya da avtobusun texniki pasportunu sürücünün əlindən alıblar. Sözsüz ki, yenə pul umurlar.

Məsələyə aydınlıq gətirmək üçün "Bakı Sərnişin Nəqliyyat"ın texniki nəzarət şöbəsinin müdiri Niyazi Rüstəmovla telefon əlaqəsi saxladıq. Niyazi müəllim məsələni mütləq araşdıracağına söz versə də, onu da qeyd etdi ki, sürücülərin dayanacaqdan kənar avtobusları saxlamalarının qarşısını almaq üçün çox sərt tədbirlər həyata keçirilməkdədir. Belə sürücüləri 200 manatdan 1000 manata qədər cərimə gözləyir. Amma bu barədə hər hansı bir rəsmi qərarın olub-olmadığı, cərimə məbləğinin kim tərəfindən təsdiqləndiyi ilə bağlı sualımızı cavablandıra bilmədi.

Bu mövzuya aydınlıq gətirmək üçün Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənova iki gün dalbadal telefon açsaq da, bir nəticə hasil olmadı. Namiq müəllim nə iş telefonunun, nə də mobil telefonunun dəstəyini qaldırdı.

Amma istənilən halda, əgər Niyazi müəllimin dediyi qanunidirsə, bu rəqəmin axtarılıb tapılması da problem deyil. Rübün və ya ilin sonunda təmsil olunduğu qurumun dövlət büdcəsinə topladığı cərimələr hesabına etdiyi ödəmələr barədə rəsmi məlumatı almaqla da həqiqətin nə yerdə olduğunu aydınlaşdırmaq olar.

Rəqəmlərdə hətta Qazaxıstana satacağımız qədər taxılımız var

Bu bizim nəqliyyat sektorumuz. Srağagün axşam isə işdən evə gedəndə avtobusda mənimlə həmsöhbət olan həmkəndlim də ilginc faktlar söylədi. Bakıya fəhləlik üçün pənah gətirən və "qul bazarı"nda günlərlə işsiz qalan həmkəndlimi məzəmmət edirdim ki, niyə gül kimi havası olan kənddə əziyyət çəkib dolanmır. Hətta dövlət kəndliyə əkin-biçin üçün yardım edir, lap imkansızlara ünvanlı sosial yardım da verir.

Elə bil həmkəndlimin yarasının közünü qopartdım. Dedi ki, söylədiyim ünvanlı sosial yardım doğrudan da ünvanlı verilir - yəni illik ayrılan yardımın 3-5 ayını məmura güzəşt etsən, hətta milyonçu da olsan, həmin pulu ala bilərsən. Əks təqdirdə, bu yardımı almaq mümkün deyil.

O söylədi ki, taxıl əkmək üçün hektara verilən 40 manatı da almağın "üsulu" var. Adına 5-10 hektar zəmi yazılır, bir dənə taxıl əkmədən pulu alırsan, amma pulun müəyyən qismini məmurla bölməlisən və s.

Bax belə, sonra da Statistika Komitəsi bu rəqəmləri götürüb deyir ki, hətta Qazaxıstana da satmağa tıxılımız var.

Bağçaya gedən körpədən 12 manat rüşvət...

Uşaq bağçasına gedən 5 və 3 yaşlarında körpələrim yatmayıb elə həmən gecə adətləri üzrə yolumu gözləyirdilər. Qapının arxasından "ata, sənsən?" soruşub, qapının açılmasını gözləmədən, sayıb-oxumağı bacarmasalar da, 24 manat pul istədilər. Uşaqlar dedilər ki, bəs müəllimlərin bayramı gəlir, hərəmiz 12 manat "bayram pulu" verməliyik.

Bu sarsıdıcı xəbərdən özümə gəlməmişdim ki, şəkərli diabetdən əziyyət çəkən atam mənə zəng etdi ki, "Bala, 2 aydır insulin və insultat preparatlarını ala bilmirəm. Sahə həkimi Zakir İmanov Lerik rayon xəstəxanasına getsə də, ona mənim dərmanlarımı verməyiblər. Hətta həkimi təhqir də ediblər".

Atamın gözündə jurnalist çox böyük bir adamdır, köhnə kommunistlərdən olan atam elə bilir ki, mən rayonun baş hakiminə zəng edən kimi "təcili yardım"la dərmanlarını ona yollayacaq. Məcbur qalıb baş həkimə zəng etdim və dərmanların verilmədiyinin səbəbini soruşdum (...yeri gəlmişkən, bu birinci dəfə deyil - atamın mütəmadi olaraq müalicə alması üçün göndərişin verilməsi və dərman preparatları ilə təmin olunması üçün hər dəfə zəng etmək lazımdır. İndi təsəvvür edin ki, Bakıda jurnalist övladı olmayan xəstələr nə gündədir).

Həkim də, sağ olsun, adəti üzrə söz verdi ki, ağsaqqal ona yaxınlaşan kimi məsələni həll edəcək. Amma ağsaqqalın baş həkimə yaxınlaşmasına və ya onun jurnalist oğlunun kiməsə zəng etməsinə qətiyyən ehtiyac yoxdu. Dərmanı dövlət pulsuz ayırıb və o, sadəcə, xəstəxananın aptekinə yaxınlaşıb müvafiq sənədlərini təqdim edib, normasına uyğun dərmanlarını almalıdır, vəssalam!..

Rüşvətsiz bir iş mümkün olacaqmı?

Yeri gəlmişkən, atamın adətən zəngləri zamanı soruşduğu başqa bir məsələ də kiçik qardaşımın mənzilinin təbii qazla təmin edilib-edilmədiyi ilə bağlıdır. Bu mövzunun özü də böyük bir dastandır. Təxminən bir il öncə yaşadığı Binəqədi rayon Xocasən qəsəbəsinin Sulu-təpə yaşayış massivi, Ruslan Allahverdiyev küçəsindəki mənzilini təbii qazla təmin etmək üçün qardaşım Raman Abbasov qəsəbədəki qaz idarəsinə müraciət edir. Qəsəbə qaz idarəsinin artıq işdən çıxmış və ünvanı da bəlli olmayan Yusif adlı müdiri müvafiq sənədləri və "kod açdırmaq" üçün 120 manat "rüsum" da alıb. Yeri gəlmişkən, uşaq mənim "zibilimə düşdü". Mən ona qanunsuz heç bir iş görməməyi tapşırdım və o da qayda-qanun çərçivəsində mənzilinin qazla təmin edilməsinə başladı. Nəhayət, günlər, həftələr, aylar keçdi - mənzil qazla təmin edilmədi. Sonra qardaşım araşdırdı ki, həmin müdir onun kimi çoxsaylı adamdan pul alaraq aradan çıxıb.

Təxminən 3 ay əvvəl ona Binəqədi rayon Qaz İdarəsinə müraciət etməyi məsləhət bildim. Qardaşım da dediyim ünvana gedərək həmin vaxt idarənin abunə şöbəsinin müdiri olmuş Ağagül Rzayevin qəbuluna girib. Həmin "müəllim" şikayətçini qovmuşdu.

Səhərisi gün özüm bir böyük qardaş kimi irəli düşüb məsələni "azərbaycansayağı" həll etmək üçün qaz idarəsinə gedib həmin möhtərəmin qəbuluna girdim. Şişmanlıqdan masanın arxasına yerləşməyən və danışığı ziyalı danışığı ilə qətiyyət uzlaşmayan Ağagül müəllim öz qoçuları ilə məni otaqdan bayıra atdı, hələ mənə əl də qaldırdılar. Sözsüz ki, baş vermiş hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsinə rəsmi qaydada ərizə ilə müraciət etdim, sonra da iş Binəqədi rayon Prokurorluğuna göndərildi. Amma hələ ki, işdən bir xəbər yoxdur. Fakt isə odur ki, bu söz-söhbətin nəticəsi olaraq Ağagül Rzayev gül kimi vəzifəsini itirdi.

Amma məqsədim kimisə vəzifəyə gətirmək və ya vəzifədən çıxarmaq deyil, qardaşımın mənzilinin qazla təmin edilməsidir və sözsüz ki, rüşvətsiz. Yenə qardaşım yalvar-yaxar etdi ki, əl çək bu "qayda-qanun"dan, başqa bir dostu 100-150 manat rüşvət verib və hazırda evində qaz yanır. Amma mən mərdimazar kimi buna imkan vermədim. Nəhayət, bir ay da keçdi və məlum oldu ki, qardaşımın mənzilinin təbii qazla təmin edilməsi üçün texniki şərt verilib, amma "smart-kart" sayğacla.

Hər halda, Sulu-təpədə villalar istisna olmaqla, kasıb daxmalarının heç birində belə sayğac yoxdur. Nəhayət, qazı çəkilməsə də, rəsmi qaydada 370 manata qədər pul itirən qardaşıma sonra bəlli oldu ki, hələ 50-70 manat da xərc çəkib siqnalizasiya sistemi almalıdır.

Gedib bunu da aldı. Amma yenə mənzili qazla təmin olunmur. Bu dəfə də deyilir ki, "Azəriqaz" ARDNŞ-nin tərkibinə qatılıb, möhürü əlimizdən alıblar və bu səbəbdən də "kod" verə bilmirik... Amma özümdən 9 il yaşdan balaca ola-ola bu ölkənin gerçəkliklərini məndən yaxşı qavrayan qardaşıma qulaq asmış olsaydım, ona rüşvət verməsinə imkan yaratsaydım, evində qaz yandıra bilərdi, azı 7-8 ay bundan əvvəl...

Bu yazılanlar kimlərinsə xoşuna gəlməyə bilər, oturub ağıllı-ağıllı bu cümlələrin müəllifinə etika və peşəkarlıqdan dərs də verə bilərlər. Amma bir sualı çətin ki, cavablandıra bilsinlər - əgər hansısa məmur işində, əməlində təmizdirsə, geyindiyi bahalı kostyumunu, mindiyi bahalı avtomobilini, bahalı telefonunu və sürdüyü lüks həyat səviyyəsini hansı pullarla təmin etməsi barədə hesabat versin.