Hal-hazırda Ayna qəzetinin 26.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Bakıya oxşayan İsmayıllı
Bakıya oxşayan İsmayıllı
Bu rayonda normal qəzet çıxarmaq çətindir
Şənbə, 26.09.2009


B.Ağayev
mətn ölçüsü  

Xeyli vaxtdı Bakıdan çıxmamışdım desəm, yalan olar. Elə bu yay bir neçə dəfə Göyçaya və ondan o yana, Gədəbəyə kimi gedib çıxmışam. Hər dəfə də, sadə dillə desək, Şamaxı yolu ilə. Bir ildən çoxdur əsaslı təmir olunan bu yolun hər "çuxuru" maşınım üçün doğmadır desəm, yanılmaram. Şamaxıyadək olan 110 kilometrlik yolda çox əziyyətlər çəkib. Ölməsək, bizim maşın da nə vaxtsa bu yolda hamar asfalt üzərində şütüyəcək və Şamaxıya üç saata yox, saat yarıma çatacaq.

Şamaxıdan İsmayıllıya gedən yol barədə isə belə xəyallara dalmağa dəymir. Demək olar, hər il təzələnən bu yol elə həmin il də pis günə düşür. Adamın, sadəcə, heyfi gəlir illər boyu bura xərclənən pullara. Pul demişkən, bizim özümüzün İsmayıllıya budəfəki səfərimizin xərcini "Soros" fondu çəkmişdi. Təşkilatçı isə "Demokratik Jurnalistika Məktəbi" idi. Paytaxt jurnalistləri ilə əyalət jurnalistlərinin görüşünü təşkil edib, onların əlaqə və əməkdaşlıqlarının təməlini qoymaq məqsədi daşıyan və "Region mətbuatına dəstək" adını daşıyan bu layihənin İsmayıllı bölümündə mən də iştirak etdim.

Sözün düzü, İsmayıllı Bakıya çox oxşayır. Orada da Bakıda olduğu kimi hara baxsan, təmir-tikinti işlərinin şahidi olursan. Yəni yollar təzədən asfaltlanır, hasarlar rənglənir... Məsələn, mərkəzi küçə bu 3-4 ildə eynən Bakıdakı Nobel prospekti kimi hər 5-6 aydan bir təzədən asfaltlanır desəm, yalançı olmaram. Orada da artıq paytaxtdakı kimi çoxmərtəbəli binalara "üzlükçəkmə" prosesi gedir.

REKLAM

Ən gülməlisi də odur ki, Bakıda bu işləri əsasən əyalətdən çörək dalınca gələnlər görürsə, İsmayıllıda bu iş üçün fəhləni məhz paytaxtdan gətizdirirlər. Burada iş prinsipi belədir.

Balaca vaxtı həmişə valideynlərimiz bizi qorxudardılar ki, bəs, dərslərinizi yaxşı oxumasanız, böyüyəndə süpürgəçi işləyəcəksiniz. İsmayıllıda da əvvəlcə elə bildim ki, burada heç kim məktəbə getməyib. Çünki istənilən idarənin istənilən şöbəsinə ayaq basan kimi qapının sol tərəfində süpürgə və dırmıq düz sənin üzünə gülümsəyir. İşçilərlə qısa söhbətdən sənə aydın olar ki, rayonda peşəsindən asılı olmayaraq, hər kəs həftənin istənilən günü icra hakimiyyətindən gələn "hamı iməciliyə" çağırışı ilə küçələrə tökülüb təmizlik işlərilə məşğul olmalıdır. Əks halda, işi və onsuz da az olan məvacibi ilə vidalaşmalıdır.

İsmayıllıda iş tapmaq Əhmədlidə qapaqlı lyük tapmaq kimi qəliz və məşəqqətli bir işdir. Məsələn, rayonda bir neçə il əvvəl təntənəli şəkildə açılış mərasimi keçirilən xalça fabriki də elə qonaqlar qayıdıb Bakıya gedəndən sonra qapanıb. Bu dəqiqə rayonda çayxana ən perspektivli biznes sayılır. Ən azı, gün ərzində bekarçılıqdan dəfələrlə çayxanalara girib-çıxanların sayı ərzaq üçün dükan və bazara gedənlərin sayından qat-qat artıqdır.

Bütün sosial narazılıqlara baxmayaraq, İsmayıllıda siyasət və siyasətçi deyilən bir şey olmadığını söyləmək heç də çətin deyil. Belə ki, AXCP Ali Məclisinin üzvü, sədrin siyasi məsələlər üzrə müavini Fuad Mustafayevin partiyadan könüllü gedişini bu partiyanın yerli fəallarından biri bizimlə ayaqüstü söhbətdən xəbər tutdu. Halbuki Fuad Mustafayevin partiyadan getmə xəbəri hələ bir neçə həftə əvvəl yayılmış və qəzetlərdə bu barədə azı əlliyə yaxın xəbər və yazı dərc olunmuşdu. Amma qınamalı deyil, rayonda cəmi bir qəzet köşkü var, oradan da qəzet alan kimdi ki? Yerli qəzetlərə gəlincə, burada vəziyyət ağlamalıdır. İsmayıllıda İsmayıllıya aid iki qəzet var - "Girdiman" və "İsmayıllı xəbərləri". Birincisi 4 səhifəlik olmaqla, rayon İcra Hakimiyyətinin rəsmi mətbu orqanıdır. Açığı, buna qəzet deməyə adamın heç dili gəlmir. "İsmayıllı xəbərləri" isə yenə də pis-yaxşı, heç olmasa qəzetə oxşayır.

Qəzetin baş redaktoru və təsisçisi Şahməmməd Soltanov həm də İsmayıllı bələdiyyəsində Sosial Məsələlər daimi Komissiyasının sədri və Ana Vətən Partiyası rayon təşkilat şöbəsinin rəhbəridir. Qısası, baş redaktorun daşıdığı vəzifələrdən görünür ki, qəzet "müstəqildir", özü də çox "müstəqil". Elə bu da bəzən hansısa problemlə bağlı redaksiyaya müraciət edən oxucunun problemini məsələni qəzet vasitəsilə ictimailəşdirmək yox, icra hakimiyyətindəkilərlə xüsusi münasibətləri sayəsində həll etmək imkanı verib. Bir sözlə, həmkarım kiminsə probleminin şəxsi əlaqələr hesabına həllini onu qəzet səhifələrinə çıxarmaqdan daha məqbul variant sayır.

Oxucu demişkən, bəlkə də biz yeganə adam idik ki, təqdim olunan "İsmayıllı xəbərləri"ni əlimizə alıb xüsusi maraqla vərəqləyirdik. Axı 1000 tirajla ayda cəmi iki dəfə nəşr edilən və qiyməti 40 qəpik olan qəzet yalnız abunə vasitəsilə yayılır. İndiki zamanda abunənin nə olduğunu izah etməyə ehtiyac yoxdur. Yəni abunəçilər sıravi sakinlər yox, rayonda fəaliyyət göstərən idarə və müəssisələrdir. Bura icra hakimiyyəti, bələdiyyə və məktəblər də daxildir. Baş redaktor abunə problemini rayon icra hakimiyyətinin köməyi ilə yoluna qoyduqlarını inkar eləmir. Elə qəzetin redaksiyası da bələdiyyə binasında, Ş.Soltanovun rəhbəri olduğu komissiyaya ayrılmış otaqda yerləşir. Amma maraqlı burasıdır ki, bu otaqda nə kompüter var, nə də qəzet çıxarmaq üçün lazım olan digər texniki avadanlıqlar. Əvəzində digər idarə və müəssisələrdə olduğu kimi baş redaktorun da kabinetini dırmıq bəzəyir.

Sonradan öyrəndik ki, avadanlıqlar baş redaktorun evində yerləşir və materiallar da elə orada hazırlanır. Üstəlik, 4-5 nəfərdən ibarət kollektivdə Ş.Soltanovun ailə üzvləri də təmsil olunur. Onlar yazıların yığılmasında və digər xırda texniki işlərin ərsəyə gəlməsində baş redaktora kömək edirlər.

Bir sözlə, İsmayıllıda həqiqi və normal qəzet çıxarmaq indiki halda, sadəcə, mümkün deyil. Çıxarsan da səni elə bir-iki buraxılışdan sonra eynən Bakıdakı kimi şərləyib tutduracaqlar. Ya da ki, elə Şahməmməd müəllim demişkən, gərək rayondan qaçıb canını qurtarasan. Bu səbəbdən də mənə elə gəlir, yaxşısını elə məhz Şahməmməd müəllim eləyir. Adam gəmidə oturub gəmiçi ilə savaşası deyil ki? Onun da bu zamanədə hamı kimi başını aşağı salıb ailəsini dolandırmağı daha məsləhətdir. İnanın, İsmayıllı Bakıya yaman oxşayır. Məmuru və polisi ilə.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Uşaq ölümünün ən çox yayıldığı ölkələr arasındayıq
Əksər uşaq tibb ocaqları bərbad durumdadır

Rüşvətsiz, qayda-qanunla yaşamaq istəmişdik
Məmurlar bizi bax beləcə süründürdülər

Bir məktəbin aylıq mühafizəsi 1500-1800 manata başa gəlir
Ramil Usubov mühafizə ilə bağlı xüsusi tapşırıqlar verib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Hakimiyyət daxilində dəyişiklik gözlənilir"

"Hakimiyyət daxilində dəyişiklik gözlənilir"


Azərbaycan torpaqlarında yeni "qayçılama" əməliyyatları

Azərbaycan torpaqlarında yeni "qayçılama" əməliyyatları


Kremlin Quzey Qafqaz siyasəti dəyişir

Kremlin Quzey Qafqaz siyasəti dəyişir


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər