Uşaq ölümünün ən çox yayıldığı ölkələr arasındayıq
 |
Əksər uşaq tibb ocaqları bərbad durumdadır
Şənbə, 26.09.2009
Rafiq ALIŞOV, Sağlamlıq Hüquqları Klinikasının direkt |
mətn ölçüsü |
|
|
|
Uşaqların sağlamlıq hüquqlarının qorunması, uşaq səhiyyəsinin inkişafı dünya ölkələrini narahat edən və Azərbaycanda bizim önəm verdiyimiz məsələlərdən birincisidir. Gələcəyin vətəndaşlarının sağlam doğulması, böyüməsi, sağlam ətraf mühitdə yaşaması, qidalanması, təhsili, mənəvi-psixoloji cəhətdən sağlam ailədə tərbiyə alması çox mühüm önəm daşıyır. Bu proses dövlətin nəzarəti altında, maarifləndirmə, məlumatlandırma, ailə planlaması proqramlarının qəbulu və əhali arasında təbliği, gənc ailələrin, övlad sahibi olmaq istəyən şəxslərin müvafiq tibb müəssisələrinə cəlb edilməsilə həyata keçirilməlidir. Hökumət bir sıra qanunvericilik aktları və proqramlar qəbul etsə də, islahatlar keçirsə də, çatışmazlıqlar mövcuddur.
Ölkənin hər bucağında analığın mühafizəsi ilə bağlı tədbirlər öz ünvanına vaxtında gedib çatmır. Xüsusən də kənd rayonlarında bununla bağlı vəziyyət ürəkaçan deyil. Hətta bəzi aztəminatlı hamilə qadınlar özlərini müayinə etdirməkdən çəkinirlər. Bu cür vəziyyət, əlbəttə, həmin ailələrin məlumatsızlığından və məsuliyyətsizliyindən yaranır. Ancaq səhiyyə idarələrinin və uşaq poliklinikalarının ana və uşaqların sağlamlığının qorunması sahəsində məlumatlandırma və təbliğat aparmaması problemi daha da dərinləşdirir.
1000 uşaqdan 39-u ölü doğulur
NK-nın 15 sentyabr 2006-cı il tarixli 211 saylı "Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı"nda göstərilir ki, "yeni doğulan uşaqların sağlamlığı ananın sağlamlıq durumu ilə sıx əlaqəlidir. Azərbaycanda hamilə qadınlara və uşaqlara perinatal, neonatal, eləcə də postneonatal dövrlərdə göstərilən xidmətin kökündən yaxşılaşdırılmasına, onun müasir standartlara uyğun yenidən qurulmasına böyük ehtiyac vardır".
"Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" qanunda müvafiq prinsiplər və dövlətin bu yöndə yürüdəcəyi siyasət öz əksini tapır. Qanunun və dövlət proqramının qəbuluna baxmayaraq, görülən işlər nəzərdə tutulduğundan azdır. Həm ana bətnində olarkən, həm də doğuşdan sonrakı uşaq ölümləri davam edir.
UNICEF-in 2009-cu il üçün dünya uşaqlarının vəziyyəti üzrə illik hesabatına görə, 2007-ci ildə beş yaşına qədər uşaqlar arasında ölümün ən çox yayıldığı ölkələr arasında Azərbaycan da var. Ölkədə hər 1000 nəfər körpədən 39-u ölü doğulur. Doğulan 1000 uşaqdan 34-ü isə 1 yaşına çatmamış ölür. Hesabatda həmçinin göstərilir ki, 1000 nəfər körpənin 35-i doğulan kimi ölür.
Tibb işçilərinə - cüzi maaş
Dövlət proqramına əsasən, Bakıda və bölgələrdə fəaliyyət göstərən doğum evlərinin və K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı müəyyən işlər görülüb. Bunlara müasir tibbi texnikanın və avadanlıqların alınması və s.
daxildir. Bununla paralel, əlbəttə, həkimlərin və tibb işçilərinin ixtisaslaşması, müasir tibbi biliklərə yiyələnməsi və yeni doğulmuş uşaqların sağlamlığının qorunması ilə bağlı müvafiq təlimlərdən keçməsi də həlli vacib məsələdir.
Lakin həlli daha vacib məsələ - tibb işçilərinin maddi-sosial tələbatının təmin edilməsidir. Belə ki, həkimlərə və digər tibb işçilərinə verilən əməkhaqqı onların tələbatını ödəyəcək səviyyədə deyil və onlar pulsuz tibbi xidmət göstərməkdə acizlik nümayiş etdirirlər. Belə olan təqdirdə vətəndaşlardan uşağın doğum evində doğulmasına görə pul tələb olunur və ən nəhayətdə uşaqların sağlamlıq hüquqları pozulur.
Sağlamlıq Hüquqları Klinikasının apardığı araşdırmalar zamanı üzə çıxıb ki, bir çox imkansız gənc analar dövlət tərəfindən maliyyələşdirilən doğum evlərindəki həkimlərə pul ödəmək imkanları olmadığına görə evdə doğmağa üstünlük verirlər. Bu isə həm anaların, həm də yeni doğulmuş uşaqların sağlamlığını və həyatını təhlükədə qoyur.
"Əhalinin sağlamlığının qorunması haqqında" qanuna əsasən, dövlət tibb müəssisələrində tibbi xidmət pulsuzdur və dövlət hesabına həyata keçirilir. Eyni zamanda, SN-in zəmanətli tibbi yardımın təmin edilməsi barədə 2005-ci il tarixli 141 saylı əmrinə əsasən, tibb müəssisələrində tibbi xidmətlər ödənişsiz həyata keçirilməlidir. Buraya dərman vasitələri və tibbi ləvazimatla təminat da daxildir.
Dərman vasitələri - xəstələrin hesabına
Apardığımız sorğular göstərib ki, doğum evlərində dərman vasitələri bəzi hallarda xəstələrin hesabına alınır. Pasiyent tərəfindən həkimlərə müayinə və müalicə xərcləri adında pul ödənilir. Belə olan təqdirdə doğum evinə daxil olmuş xəstələrin və yeni doğulan uşağın vəziyyətinin nə səviyyədə olduğu sualı ortaya çıxır. Orada çalışan tibb işçilərinin pasiyent hüquqlarını nə dərəcədə bilmələri də vacib şərtdir.
NK-nın təsdiq etdiyi qaydalar üzrə SN müvafiq tibb müəssisələrini dərman vasitələri ilə təmin edir, ancaq bir çox hallarda həmin dərman vasitələri lazımi qaydada istifadə olunmur. Dövlət tibb müəssisələrində çalışan həkimlər və tibb işçiləri əməkhaqqının azlığından şikayətlənirlər, ona görə də xəstədən pul almaq onlar üçün məcburi hala çevrilir. Əvvəl dövlət tibb müəssisəsində işləmiş, lakin hazırda özəl klinikada çalışan həkimlərlə apardığımız müsahibə zamanı onların əksəriyyəti özlərini özəl klinikada həkim kimi hiss etdiklərini bildirirlər. Bunu belə izah edirlər ki, həkim pasiyentdən pul almaq haqqında deyil, onu necə müalicə etmək haqqında düşünməlidir. Maliyyə məsələlərini və həkimlərin təminatı ilə bağlı məsələləri tibb müəssisəsinin rəhbərliyi həll etməlidir.
Tibb müəssisəsinə daxil olan xəstədə o narahatlıq və inamsızlıq mövcuddur ki, həkimə və tibb bacısına pul verməsə, onun sağlamlığı təhlükə altında qalar. Bu inamsızlığı aradan qaldırmaq üçün səhiyyənin digər sahələrlə müqayisədə daha ciddi sahə olduğunu nəzərə almaq, bu sahədə çalışanların sosial-iqtisadi problemlərinin həllini sürətləndirmək lazımdır. Səhiyyəni müasir səviyyəyə çatdırmaqdan ötrü pasiyentin həkimə və tibb müəssisəsinə inamının artırilması yönündə islahatlar aparılmalıdır.
Bakı və Abşeron ərazisində yerləşən uşaq poliklinikaları və xəstəxanalarının bir çoxunun sanitar-epidemioloji vəziyyəti ürəkaçan deyil. Məsələn, ağır vərəm xəstəliyinə düçar olmuş uşaqları bəzən uşaq xəstəxanalarına qəbul etməkdən imtina edirlər. Qəbul olunan ağır xəstəliyi olan uşaqları isə xəstəxananın ən baxımsız, sanitariya baxımından uyğun olmayan palatasında yerləşdirirlər. Uşaq poliklinikalarında qangötürmə və peyvənd otaqlarının sanitariya vəziyyəti normadan aşağıdır və orada çalışanlar qangötürmə və peyvəndetmə qaydalarına ciddi riayət etmirlər.
Uşaqların sağlamlıq hüququ hər yerdə pozulur
Uşaqların sağlamlıq hüquqları təkcə poliklinikalarda, tibb müəssisələrində deyil, həm də uşaq bağçalarında, təhsil müəssisələrində və digər təlim-tərbiyə ocaqlarında da qorunmalıdır. Belə ki, uşaq bağçalarında və orta ümumtəhsil məktəblərində uşaqların sağlamlığının qorunmasına ciddi nəzarət edilməlidir. Buraya həm bağçada uşaqların qidalanması ilə bağlı məsələlər, həm təlim-tərbiyə müəssisələrinin sanitar normalara cavab vermədiyi, həm də yoluxucu xəstəliklərin yayılması zamanı ciddi karantin tədbirlərinin görülmədiyi daxildir. Təhsil və tərbiyə müəssisələrində çalışanların peşə səviyyəsi, sadəcə, ibtidai biliklərlə məhdudlaşır, uşaqların sağlamlığı ilə bağlı biliklərinin azlığı onları bu sahədə tibbi kurslara cəlb etmək zərurətini yaradır. Azərbaycanda konstitusiya və qanunvericilik səviyyəsində uşaqların sağlamlıq hüquqlarının qorunması ilə bağlı bir çox təminatlar öz əksini tapıb.
Konstitusiyanın 17-ci maddəsində deyilir: "Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir..
|
|
|
Oxşar xəbərlər:
İlkin Nəzərov: Səhiyyə xərclərində dövlətin payı çox aşağıdır - cəmi 25 faiz
Uşaqlar üçün "qaynar xətt" açılacaq
Gənclər Evi yaradılır
Bölgələrdə informasiya əldə etməklə bağlı ciddi problemlər var
Cənub Media Hüquq Mərkəzi bölgə jurnalistləri arasında sorğu keçirib
|
|
|