![]() |
çap et |
|
|||
Bu həftəyə 15 sentyabr öz möhrünü vurdu. Bakının Qurtuluşunun 91-ci ildönümünü və Bilik Gününü qeyd etdik. Bir gündə. Həmin gün ali və orta məktəblərdə dərslər də başlandı. Bir də "Əsrin müqaviləsi"nin 15 illiyi idi və bulvarda ARDNŞ-nin açdığı sərgiyə baxa-baxa keçib getdik. İlk baxışda 91 il öncənin hadisəsi ilə bizim günlərə aid bu iki tarixçə arasında bir bağlılıq görünmür. Fəqət vardı.
Bizim toplum hələ də 15 sentyabrı bütün dərinliyi ilə mənimsəyə bilməyib. Müdafiə Nazirliyinin və hərbyönümlü qurumların həmin günə barmaqarası və açıq hiss olunan ögeyliyi anlaşılmaz idi. Həmin gün qatıldığım bir neçə törəndə bəsit münasibəti görmək çətin deyildi. O günün mahiyyəti barədə deformasiyalı bir təsəvvür var oxumuşlarımızda. Çox şey qarışdırılır - bağışlanmaz haldır. Ən az ona görə ki, biz bunu yaxşı bilməliyik. Öncə bilməliyik ki, Bakı bizim olmasaydı, Azərbaycan bu gün bir dövlət kimi mövcud olmayacaqdı. Biz Bakını bizimki etməklə, yeni qurulan Azərbaycan üçün dünyanın siyasi xəritəsinə vəsiqə qazanmış olduq. Nəzərə alsaq ki, "Bakı - Azərbaycan deyil" deyənlər martda qırğın törətmiş və şəhərin türk əhalisinin bir qismini qırmış və digər qismini şəhəri tərk etmək məcburiyyəti qarşısında qoymuşdular. Sentyabrda bu məsələni öz xeyrimizə həll etdik. 20-ci ildə yenidən qayıtmış olan Rusiyanın təmsilçisi Serebrovski deyirdi ki, Bakı heç vəchlə türk şəhəri olmayacaq. Elə o ildə kənardan buraya çoxlu rus əhali gətirib yerləşdirdilər. Lakin şəhərin milli spektrində türklərin 30-cu illərdə qərarlaşmış güclü artımına 37-38-ci illərin repressiyasında "düzəliş" verildi: repressiya olunanların ailələri şəhərdən xaric edilirdi. 40-50-ci illərdə isə kəndlərdən "artıq" əhalinin sənaye müəssisələrində gəlib işləməsinə süni maneçiliklər törədilirdi. Lakin bununla belə 70-80-ci illərdə - Heydər Əliyev Azərbaycan rəhbərliyində olanda türk əhalinin dominantlığı tam təmin edilmişdi. Bunu unutmayaq. Nə istəyirdilər bizdən? Çünki Bakıda neft vardı, onu qısqanırdılar. 20 Yanvarın da, Qarabağ fitnəsinin də arxasında Kremlin bir neft qısqanclığı vardı. Əgər xatırlayırıqsa, 80-ci illərin sonlarında "Bakılılar - ayrıca bir millətdir" sözü də atılmışdı ortaya. Bu da o həsədin, paxıllığın, bir elementi idi. Onları da ayaqlayıb keçdik. Bakı uğrunda, Bakı nefti uğrunda 1917-ci ildə başlanan savaş müxtəlif qanlı olaylardan keçərək, ən fərqli formalarda 70 il sürdü. Bu dönəmdə, heç şübhəsiz, ən qanlı savaş 1918-ci ilin avqust-sentyabrında Bakı civarında aparılmışdı və biz - Anadolu və Azərbaycan türkünün birləşmiş gücü o savaşdan qalib çıxmışdı. O gün elə bir səhifə yazıldı, elə bir möhür vuruldu ki, sonrakı dönəmlərdə bu tarix vazkeçilməz oldu. 20 Yanvar isə - bizi istəməyənlərin isterikasının zirvə nöqtəsi idi. Şübhəsiz, Bakı uğrunda savaşın daha bir önəmli səhifəsi 1994-cü ildə "əsrin müqaviləsi"nin imzalanması idi. Bu hadisə - 70 illik savaşın məntiqinə söykənirdi. Dünyanın neft gücləri bizimlə - o neft və qaz sərvətlərinin gerçək sahibi olan Azərbaycanla, onun liderləri ilə imza törəninə gəlmişdilər. Aradan 15 il keçir. Bu gün biz əcdadlarımıza şükran duyğusu ilə öz sərvətlərimiz, öz qazancımız hesabına sakitcə qururuq, yaradırıq. Özü də dünya standartları ilə işləməyi pis də mənimsəmədik. "Türklər qurucu-yaradıcı millət deyil" tezisini tirajlayanlar gəlib paytaxtımızı və balaca əyalət şəhərlərimizi, kəndlərimizi, insanlarımızın yaşadıqları ev-eşiyi, mindikləri maşınları, əyin-başlarını, avtomobil yollarımızı, zavod-fabriklərimizi görsünlər. Bunları gözə soxmaqdan uzağıq, sadəcə, qabiliyyətimizi görməyi bacarsınlar. 15 sentyabr Bilik Gününə gəldikdə, bu da əlamətdardır. Həmin gün milyon yarım məktəbli yeni dərs ilinə başladı. Milyon yarım... Yüz il öncə türk düşmənlərinin planına görə, biz Qafqazda ümumiyyətlə olmamalıyıdıq. Qərbdən baxanda burada - Güney Qafqazda yalnız erməni görünməli idi, Tiflis onların paytaxtı, Bakı sənaye mərkəzi olmalı idi. Başqa heç kəs bu bölgədə görünməməli idi. Fəqət bizlər varıq və sayımız da, sanbalımız da artır. Bütün mənfur planları poza bilmişik. Öz yolumuzla gedir, öz həyatımızı əcdadlarımızın qanı axan torpaqlarda, Xəzər sahilindəki bu gözəl şəhərdə sürdürürük. |