Baş nazir Rəcəb Tayyib Ərdoğan sentyabrın 17-də axşam televiziya kanallarının və qəzetlərin baş redaktorları üçün iftar verib. APA-nın "Milliyet" qəzetinə istinadən verdiyi xəbərə görə, baş nazir iftarda bir sıra aktual məsələlərə dair açıqlamalarla çıxış edib və media rəhbərlərinin suallarını cavablandırıb. Ermənistanla paraflanmış protokollara toxunan baş nazir bəyan edib ki, Azərbaycanla Ermənistan arasındakı problem həll olunmadan Türkiyə Ermənistanla sərhədi açmayacaq: "Bunu özlərinə də söyləmişik. Hazırda Əliyev, Medvedyev və Sarkisyan arasında danışıqlar intensivləşib. Dağlıq Qarabağ münaqişəsinin həllinə əvvəlkindən daha yaxın nöqtədəyik. Bu problem həll olunmadan sərhədi açmağımız mümkün deyil".
Baş nazir onu da əlavə edib ki, Ermənistan diasporanın təsirindən xilas olmalıdır: "Diasporanın Ermənistana heç bir faydası yoxdur. Əksinə, diaspora Ermənistandan faydalanır".
"Bizim Ermənistanla münasibətlərimizin normallaşması Azərbaycanın probleminin həllinə də təsir göstərir". Bunu isə Bakıda jurnalistlərə açıqlamasında Türkiyə baş nazirinin müavini Cəmil Çiçək bildirib. Cəmil Çiçək Ermənistanla Azərbaycan arasında 17 ildir müharibə getdiyini, ATƏT Minsk Qrupu da daxil olmaqla, heç kimin bir iş görmədiyini qeyd edib:
"Türkiyə hər bir cəhdində Azərbaycanın mövqeyini qiymətləndirdi. Azərbaycanın mövqeyi bizim üçün hər zaman önəmlidir. Bölgədə heç bir şey bizim Azərbaycanla qardaşlıq münasibətlərimizdən önəmli deyil. Biz bunu dəfələrlə demişik".
Bölgədə bu gün həm qaynar, həm də soyuq savaş getdiyini bildirən baş nazir müavini daha sonra söyləmişdir: "Yanlış xəbərlə təbliğat aparıb qardaşlığımıza ziyan vuranlar var. Bununla bağlı dəfələrlə Türkiyənin həm baş naziri, həm xarici işlər naziri, həm də mən fikirlərimizi bildirmişik". Cəmil Çiçək onu da deyib ki, bütün proseslərlə bağlı Azərbaycan tərəfi məlumatlandırılır.
Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı Azərbaycan hakimiyyəti ilə siyasi partiyalar arasında müzakirələrin aparılması gündəmdə deyil. Bu barədə Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.
Onun sözlərinə görə, bu yöndə mühüm məqamlar olduğu halda, məsələ müzakirə obyektinə çevrilə bilər. Elnur Aslanov deyib ki, sərhədlərin açılması ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi öz mövqeyini bildirib: "Bir neçə gün əvvəl Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan da deyib ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması Dağlıq Qarabağ konfliktinin həllindən əvvəl baş verə bilməz. Hazırda həm Ermənistanda, həm də Türkiyədə bununla bağlı müzakirələr aparılır. Ona görə də tələsməyə ehtiyac yoxdur. Prosesi gözləyək".
|