Oqtay Əsədov İsveçrədə görüşlər keçirib
|
Türkiyə-Ermənistan münasibətlərinə də toxunulub
Şənbə, 19.09.2009
|
|
mətn ölçüsü |
|
|
|
Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament heyətinin İsveçrəyə səfəri davam edir. Parlamentdən APA-ya daxil olan məlumata görə, heyət dünən İsveçrə Konfederasiyasının Federal Xarici İşlər Departamentinin rəhbəri (xarici işlər naziri) xanım Mişelin Kalmi-Rey ilə görüşüb. Söhbət zamanı hər iki tərəfin maraqlarını və mənafeyini əks etdirən bir çox məsələlər müzakirə olunub. Belə səfərləri yüksək qiymətləndirən xanım Mişelin Kalmi-Rey ölkəsinin Azərbaycanla əməkdaşlığa xüsusi maraq göstərdiyini söyləyib: "Azərbaycan prezidenti İlham Əliyevin bu ilin oktyabrında İsveçrəyə nəzərdə tutulan səfəri ilə bağlı ciddi hazırlıq işləri görülür. İsveçrə bu səfəri səbirsizliklə və böyük məmnuniyyətlə gözləyir".
Ermənistan-Azərbaycan münasibətlərinə toxunan departament rəhbəri Türkiyə-Ermənistan danışıqlarında vasitəçilik missiyasının İsveçrə hökuməti tərəfindən onun rəhbərlik etdiyi quruma həvalə olunduğunu diqqətə çatdırıb.
Milli Məclisin sədri Oqtay Əsədov ölkələr arasında yaranan əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə edib. Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə İsveçrə hökumətinə təşəkkürünü bildirən spiker qeyd edib ki, Türkiyə ilə Ermənistan sərhədlərinin bağlanmasının əsas səbəblərindən biri məhz Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasıdır: "Bu məsələ isə neçə illərdir öz həllini tapmayıb. Ermənistan beynəlxalq hüquq normalarına və nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrə məhəl qoymur. Azərbaycan nə Türkiyə, nə də Ermənistanın daxili işlərinə qarışmaq fikrindədir. Amma hamı bilməlidir ki, sərhədlərin açılması prosesi ilə torpaqların işğaldan azad olunması məsələsi paralel olaraq həyata keçirilməlidir. Bu məsələdə paralelliyi pozmaq istəyənlər anlamalıdırlar ki, işğal olunmuş ərazilər boşaldılmadan sərhədlərin açılması Azərbaycanın maraqlarına zidd olmaqla yanaşı, eyni zamanda, Cənubi Qafqaz regionunda sülhün və əmin-amanlığın bərpasına ağır zərbə olar".
|
|
|
Oxşar xəbərlər:
Məleykə Əsədova: "Tək qalmaq çətindir"
Cazmenlər İsveçrədə çıxış edəcəklər
|
|
|