Avstraliyanın Xarici İşlər və Ticarət Departamenti BMT Baş Assambleyasının 62-ci sessiyası çərçivəsində 2008-ci il martın 14-də qəbul olunmuş "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı qətnamənin icrası üzrə BMT baş katibinin hesabatı ilə bağlı Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinə nota göndərib.
Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətindən APA-ya verilən məlumata görə, notada bildirilir ki, Avstraliya hökumətinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstəyi dəyişməz qalır. Avstraliya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadığını bəyan edib. Bu ölkə hökuməti ATƏT-in münaqişənin Azərbaycan və Ermənistan üçün məqbul olan sülh yolu ilə həllinə yönəlmiş vasitəçilik səylərini dəstəklədiyini açıqlayıb.
|