![]() |
çap et |
|
|||
İran prezidentinin müşaviri, tarix elmləri doktoru Hüseyn Əhmədinin "Talışlar: Səfəvilər dönəmindən 1826-28-ci illər ikinci rus-İran müharibəsi bitənədək" adlı kitabının "Rosbalt" informasiya agentliyinin Moskva mətbuat mərkəzində srağagün təqdimatı keçirilmişdir. Kitab "Librokom" nəşriyyatında buraxılıb, rusdilli nəşrin elmi redaktoru tibb elmləri namizədi Mirbaba Hüseynzadə, məsləhətçisi Ataxan Əbilov, ruscaya tərcüməçisi isə "Şiə müsəlmanlar" dini təşkilatının sədri Famil Cəfərovdur.
Əvvəlcədən deyilmişdi ki, diskussiyanı Mirbaba Hüseynzadə, Ataxan Əbilov, "Talış diasporası" təşkilatının sədri İsmayıl Şabanov və Famil Cəfərov yönləndirəcək. Onlar jurnalistlərə "Zaqafqaziya xalqlarının tarixlərinin öyrənilmə problemlərindən" danışacaq, "İranda və Zaqafqaziyadakı indiki durumla" bağlı suallara cavab verəcəkdilər. O da vəd olunurdu ki, jurnalistlərə Şərq stilində forşet təklif olunacaq və müəllifin avtoqrafı ilə bu kitabdan hədiyyələr paylanacaq. Xəbərdə, bəzi KİV-lərə istinad edilməklə, İranın indiki prezidenti Mahmud Əhmədinejadın etnik mənşəcə talış kökənli olduğunu vurğulamaq da yaddan çıxmamışdı. "Rosbalt"ın xəbərinə görə, tədbirdə belə bir fikir səsləndirilib ki, Azərbaycanda talışların sayı 800 min, İranda isə yarım milyondan artıqdır, amma əlifbaları yoxdur. Azərbaycan talışları ilə bağlı rəqəmdə "bir balaca" şişirtmə görünür. Heç olmasa ona görə ki, talışların ənənəvi olaraq yaşadıqları bir neçə cənub rayonunda əhalinin sanballı qismini etnik türklər təşkil edir. 1999-cu il əhali sayımında Azərbaycanda 78 minə yaxın vətəndaş özünü talış etnik mənsubiyyətinə aid etmişdi (builki siyahıyaalmanın nəticəələri hələ elan edilməyib). Müəllifin bəzi fikirləri onun gerçək niyyətlərin faş edib. Tanıya bilmədiyimiz bu "tarixçi" deyəsən, ara qızışdırmağa çalışıb. Amma əbəs yerə. Hər halda, Hüseyn Əhmədi talışları ikiyə bölünmüş xalq elan edir (görəsən Azərbaycan türklərini də ikiyə bölünmüş xalq sayırmı?). Belə bir fikir söyləyir ki, "onlara iki dövlət - Rusiya və İran kömək edə bilər, amma təəssüf ki, onların aralarında bu məsələdə qarşılıqlı anlayış yoxdur". İranın prezident müşavirini anlamaq olmur ki, Azərbaycanda yaşayan bizim talış vətəndaşlarımıza hansı məsələdə və nə üçün məhz qonşu Rusiya və İran dövlətləri kömək etməli imiş. İrandakı 30 milyon türkə - etnik əksəriyyətə görəsən hansı qonşu dövlətlər kömək etməlidirmi?.. 30 milyon türkə əlifba kitabını yasaq edənlər birdən xeyir ola, bizim talış vətəndaşların qayğısına qalan oldular. İrandakı yarım milyon talışın mədəni haqlarını İran dövləti tanıyırmı görəsən? Müqayisə üçün müşavirə xatırlada bilərik ki, bizim talış vətəndaşların mədəni haqları tanınıb və bu haqlar real olaraq təmin və təşviq olunur. Qalan hər şey özlərindən asılıdır. Nə isə. Müəllif belə bir "xoruz səsi eşitməmiş" fikir də söyləyir ki, guya Şeyx Səfidən tutmuş Talış xanlığı Rusiyaya birləşdirilənə qədər burada "Şimali və Cənubi Talış" adlı "dövlətlər" (?) mövcud olub. Başa düşmədik ki, ərdəbilli təriqət şeyxi Səfiəddinin dövlətçiliyə nə aidiyyəti varmış? Kiçik dərəbəyliklər və ya feodal mülkləri, ayrı-ayrı vilayətlər nə vaxtdan "dövlət" sayılıb? Xatırladılan bu kimi ötəri faktlar müşavirin tarix elmində nə dərəcədə professional olduğu barədə hər halda təsəvvür yaradır. Hüseyn Əhmədi deyib ki, bu "kitabı" yazmaq üçün əvvəlcə öz vətəni İranda "materiallar" toplayıb, indi də Moskva və Sankt-Peterburqda "materiallar" əldə etmək ümidindədir. Bu kitabından hiss edə bildik ki, bu cənab da lamançlı Don Kixot kimi çoxlu hədsiz sayda tarix kitabları oxuyub. Bununla belə Hüseyn Əhmədi indiki prezident Mahmud Əhmədinejadın talış olduğunu inkar edərək deyib ki, bu adam - farsdır. Görünür, müəllif etnologiya və geneologiyanı da pis bilmir. Əlavə edək ki, son illərdə Moskva və Sankt-Peterburqda Azərbaycanda yaşayan ayrı-ayrı milli azlıqların bəzi davakar təmsilçilərinin naməlum mənbələrdən və məqsədyönlü şəkildə maliyyələşdirilməsi hesabına növbənöv "tarix" kitabları nəşr edilir, bu "kitablarda" ölkəmiz, xalqımız və dövlət siyasətimiz barədə mənfi rəy yaratmağa çalışırlar. Bu kitablarda Azərbaycanın zəngin tarixi keçmişini təftiş etməyə cəhdlər göstərilir, ayrı-ayrı böyük azərbaycanlılara, böyük türk şəxsiyyətlərinə təzə "bioqrafiyalar" yazılır, onlar bu və digər başqa etnik qrupa aid edilir və s. Bu kimi natəmiz fəaliyyətlərin arxasında isə separatizmi körükləməyə uğursuz cəhdlərin dayandığı sirr deyil. Ortalıqda oynayan erməni pullarından da xəbərimiz var. Fəqət bu dəfə ortalığa hansısa bir "yarımçıq" yox, başmaqlarını çıxarıb İran prezidentinin müşaviri Hüseyn Əhmədi adlı zat çıxıb... |