çap et  
Müdafiə Nazirliyi "sabiqləri" yola saldı
Müdafiə Nazirliyi "sabiqləri" yola saldı
Onların arasında 30-dan artıq general və böyük zabit var
Şənbə, 19.09.2009

Cəsur Sümərinli

Müdafiə Nazirliyi "sabiqləri"in böyük bir dəstəsini yola saldı. Onların arasında 30-dan artıq general və böyük zabitlər var. Müdafiə Nazirliyi Hərbi Elm Mərkəzində xidmət edən bu hərbçilərin beşi general rütbəsini daşıyır. Xəbərlərə görə, MN yeni ştat strukturuna keçmişdir. bundan irəli gəlməklə ciddi ixtisarlar başlanır Bu barədə "MilAz" İnformasiya Agentliyi məlumat yayıb. Agentliyə hərbi mənbələrdən daxil olan məlumata görə, ixtisar prosesi Müdafiə Nazirliyinin mərkəzi aparatında aparılan islahatlar (NATO standartlarına keçid) çərçivəsində həyata keçirilib.

MN Şəxsi Heyət İdarəsinin rəis əvəzi general-leytenant Çingiz Məmmədov Hərbi Elm Mərkəzinin binasına gələrək ixtisar olunan şəxsi heyətlə söhbətində onlara bildirib ki, təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar olaraq vəzifələri ixtisara düşüb. Onların yeni ştatlara uyğun başqa vəzifələrə təyin edilməsi imkanları isə məhduddur.

"MilAz" İA-nın əldə etdiyi bilgiyə görə, ixtisara düşən general və zabitlərin bir qismi aşağıdakılardır:

- General-mayor Dadaş Rzayev (sabiq müdafiə naziri, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri),

- General-mayor Tacəddin Mehdiyev (sabiq müdafiə naziri),

- General-mayor Məmməd Sarıyev (müdafiə nazirinin sabiq müavini),

- General-mayor Zaur Rzayev (müdafiə nazirinin sabiq müavini),

- General-mayor Aleksandr Vasyak (Müdafiə Nazirliyinin sabiq idarə rəisi),

- Polkovnik Əli Məmmədov (müdafiə nazirinin sabiq müavini),

- Polkovnik Qasım Əhmədov (Hərbi Dəniz Qüvvələri komandanının sabiq müavini),

- Polkovnik Yavər Məcidov (Müdafiə Nazirliyinin sabiq şöbə rəisi),

- Polkovnik Həsən Əmirov (Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədr müavini) və s.

Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi polkovnik-leytenant Eldar Sabiroğlu adları siyahıda göstərilənlərin ehtiyata göndərildiyini təsdiq etdi. "Təqaüddə olan bu şəxslər Müdafiə Nazirliyinin yeni ştat strukturuna keçidi ilə əlaqədar ehtiyata göndəriliblər. Onların vəzifələri ixtisara düşüb", - deyə Eldar Sabiroğlu bildirdi. MN rəsmisi bu barədə məlumatın təqdim olunma formasına etirazını bildirdi. O eyni zamanda işdən azad olunan şəxslərin ümumi sayı ilə bağlı məlumatı olmadığını dedi.

Xatırladaq ki, təxminən bir ay bundan öncə Azərbaycan Silahlı Qüvvələrinin iki generalı - Talıb və Qabil Məmmədovlar öz xahişləri ilə ehtiyata göndəriliblər.

Qeyd edək ki, MN mərkəzi aparatında və Silahlı Qüvvələrin Baş Qərargahında həyata keçirilmiş ştat-struktur islahatları tamamlanıb. Məlum olub ki, islahatlar nəticəsində MN Əməliyyat İdarəsi böyüdülərək Baş Əməliyyat İdarəsinə çevrilib və oraya indiyədək nazirlik daxilində ayrı-ayrılıqda fəaliyyət göstərmiş bir sıra idarə, şöbə, bölmə və xidmətlər daxil edilib.

Bundan başqa, yeni idarə - Şəxsi Heyət İdarəsi yaradılıb ki, buraya kadrlar idarəsi, tərbiyəvi işlər idarəsi, təşkilat-səfərbərlik idarəsi və s. daxil edilib. İslahatlar nəticəsində MN Beynəlxalq Əlaqələr və Avroatlantik İnteqrasiya İdarəsinin adı dəyişdirilərək Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi olub.

MN bəyan edib ki, həyata keçirilən islahatlar Silahlı Qüvvələrin daha çevik şəkildə idarə olunmasına səbəb olacaq.