Hal-hazırda Ayna qəzetinin 19.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Media hərbçilərdən nə istəyir?
Media hərbçilərdən nə istəyir?
MN münasibətlərin normallaşmasını, KİV isə nazirliyin informasiya siyasətinin təkmilləşdirilməsini istəyir
Şənbə, 19.09.2009

C.Məzahiroğlu mətn ölçüsü  

Dünən "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi ACİ - Yardım Fondunun maliyyə dəstəyi ilə "Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafı" layihəsi çərçivəsində ilk debatını keçirib. Debatda "Doktrina" mərkəzinin, "Hərbi Jurnalistlər" İctimai Birliyinin, "Ehtiyatda və İstefada olan Zabitlər" İctimai Birliyinin, Hərbi Analitik Tədqiqatlar Mərkəzinin, "Manevr" Jurnalist Araşdırmaları Mərkəzinin, "NATO-ya inteqrasiya" İctimai Birliyi və başqa qeyri-hökumət təşkilatlarının, Müdafiə Nazirliyinin, Ombudsman Aparatının, informasiya agentliklərinin, KİV-lərin nümayəndələri, müstəqil hərbi ekspertlər iştirak ediblər.

"Media hərbçilərdən nə istəyir? Əməkdaşlığın reallıqları və perspektivləri" mövzusunda keçirilən ilk debatda müxtəlif tərəflərin mövqeləri dinlənib və Azərbaycanda hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafı ilə bağlı təkliflər müzakirə edilib.

Layihə rəhbəri, "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri, "Ayna" və "Zerkalo" qəzetlərinin əməkdaşı Cəsur Sümərinli bu gün Azərbaycanda güc strukturları ilə media arasında bir gərginliyin olduğunu qeyd edib. Onun fikrincə, normal münasibətlərin yaranması üçün hər iki tərəf məsuliyyət daşıyır. "Güc strukturlarının, xüsusilə də Müdafiə Nazirliyinin informasiya siyasəti təkmilləşdirilməli, ictimaiyyəti məlumatlandırma mexanizmi yaradılmalıdır. Media isə hərbi sahədə daha da peşəkarlaşmalıdır. Peşəkar media hərbi sahədə ictimaiyyəti maraqlandıran suallara daha tez və asan cavab əldə edə bilər", - deyə Cəsur Sümərinli bildirdi. Onun sözlərinə görə, Azərbaycanda hərbi jurnalistlərin hazırlanma mexanizmi yaradılmalıdır. "Bu jurnalistlər hərbi məktəblərdə hazırlana bilər, mülki ali məktəblərdə də. Üstünlük mülki hərbi məktəblərə verilməlidir. Çünki mülki şəxslər öz fikirlərini ifadə etməkdə daha sərbəstdirlər", - deyə o qeyd etdi.

Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev KİV və Müdafiə Nazirliyi arasında münasibətlərin normallaşmasının zəruri olduğunu dedi. O bildirdi ki, Müdafiə Nazirliyi KİV üçün mətbuat konfransları keçirir və yaxın gələcəkdə bu tip tədbirləri intensivləşdirmək istəyindədir. T.Abdullayev Azərbaycanda hərbi jurnalistikanı inkişaf etdirməyin zəruriliyini qeyd etdi. "Mətbuat xidməti ona ünvanlanan sualları dərhal cavablandırmağa çalışır. Ola bilər ki, bu proses bir qədər uzansın, çünki biz faktları dəqiqləşdirməliyik. Bunu isə media işçiləri başa düşməlidir", - deyə T.Abdullayev bildirdi.

T.Abdullayev əlavə etdi ki, Azərbaycanın müharibə vəziyyətində olması, torpaqlarımızın ermənilər tərəfindən işğal altında olması faktı həmişə jurnalistlərin diqqətində olmalıdır.

REKLAM

"Media anlamalıdır ki, yazdıqlarını düşmən tərəf də oxuyur və bu, müdafiə qüdrətimizə zərbə vura bilər", - deyə T.Abdullayev qeyd etdi.

Layihənin assistenti, "Hərbi Jurnalistlər" İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirdi ki, öncə güc strukturlarında media ilə münasibətlərin sıxlaşmasından ehtiyat edənlərin arqumentləri müzakirə edilməlidir. "Demokratik ölkələrdə güc strukturları KİV-ə həvəslə məlumat verməyə razı olurlar, çünki onların məqsədləri var, hədəfdə ölkənin milli maraqlarıdır. Qeyri-demokratik ölkələrdə isə hərbi məmurlar media ilə münasibətlərdən qaçır. Onlar hesab edirlər ki, KİV-ə məlumat verməklə ölkənin müdafiə qüdrətinə zərər gətirə bilərlər. Amma onları qorxudan məsələ güc strukturlarında şəfaflığın yaranması nəticəsində neqativ halların üzə çıxa biləcəyi təhlükəsidir", - deyə ekspert qeyd etdi.

"Turan" İnformasiya Agentliyinin əməkdaşı Tapdıq Fərhadoğlu bildirdi ki, ilk əvvəl jurnalistlə hərbi jurnalisti bir-birindən ayırmaq lazımdır: "Jurnalist heç kimin ruporu ola bilməz. Jurnalistin işi olan hadisələri qanun çərçivəsində ictimaiyyətə çatdırmaqdır. Hərbi sirr olmayan bütün məlumatlar cəmiyyətə çatdırılmalıdır. Hərbi jurnalistika isə idarə olunandır - bu jurnalistika növü güc strukturlarının tərkibində olur. Bəllidir ki, bu gün dünyada güc strukturlarının nəzdində olan mətbuat ictimaiyyət üçün maraq kəsb etmir".

T.Fərhadoğlu bildirdi ki, müstəqil KİV-in əsas işi güc strukturlarının sifarişini cəmiyyətə çatdırmaq, cəmiyyətin reaksiyasını isə, əksinə, güc strukturlarına ötürməkdən ibarət olmalıdır. O bildirdi ki, Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin işində son zamanlar şəffaflıq hiss edilir, bir sıra məlumatlar cəmiyyət üçün daha açıq olub.

Ombudsman Aparatının nümayəndəsi Fəzail Həsənov bu gün müdafiə və təhlükəsizlik sektoru ilə bağlı dəqiq və qərəzsiz informasiyaların yayılmasının zəruri olduğu qənaətindədir. Onun fikrincə, bir sıra jurnalistlərin ordu ilə bağlı ilkin anlayışları yoxdur, onların bu sahədən hansısa bir məqalə yazması anlaşılmazlıq yarada bilər. F.Həsənov hesab edir ki, hərbi sahədə yazmaq peşəkarlara həvalə edilməlidir.

"Azərbaycan Ordusu" qəzetinin baş redaktor müavini İbrahim Rüstəmov 1992-ci ildən hərbi jurnalistikada olduğunu qeyd etdi. Onun sözlərinə görə, Azərbaycanın ümumi jurnalistikasında olan problemlər hərbi jurnalistikaya da təsir edib: "Biz jurnalistikamızda olan problemləri aradan qaldırmamış hərbi jurnalistikanın inkişafından danışa bilmərik" deyən İ.Rüstəmov Azərbaycanda ordu ilə bağlı neqativ halların qəzetlərin manşetinə çıxarılmasını düzgün hesab etmir. Onun fikrincə, bu kimi hallar ölkədə hərbi-vətənpərvərlik ruhuna təsir edir.

"Gündəlik Bakı" qəzetinin əməkdaşı, hərbi sahədə məqalələr yazan Elçin Eldəniz jurnalistlərin hərbi sahədə qarşılaşdıqları problemlərdən danışdı. Bildirdi ki, bir çox hallarda əldə edilən məlumatları dəqiqləşdirmək imkanı olmur: "Odur ki, məcbur qalıb dezinformasiya yazırıq, sonradan onun təkzib olunacağı təqdirdə həqiqətin üzə çıxacağını düşünürük".

"Ehtiyatda və İstefada olan Zabitlər" İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik-leytenant Yaşar Cəfərli bu gün Azərbaycanda hərbi informasiya siyasətinin özəlliklərindən söz açdı. Onun fikrincə, ölkənin müharibə şəraitində olması, torpaqlarımızın 20 faizinin işğal altında qalması bu gün Azərbaycanda güc strukturları ilə KİV arasında münasibətlərə xüsusi özəllik gətirir. "Məhz sadaladığım faktlar hərbi jurnalistikanın inkişafında və güc strukturlarının ictimaiyyəti məlumatlandırma siyasətində xüsusi sədlər yarada bilər və bu, təbiidir. Lakin bu, Azərbaycan vergi ödəyicilərinin ordudakı vəziyyətdən, islahatlar prosesindən xəbərsiz qalmasına dəlalət etməməlidir. Müharibə şəraitində olan, torpaqları işğal altında olan dövlətlərdə hərbi sektor barədə ictimai məlumatlandırmanın bir qaydası var və Azərbaycan o qaydadan yararlanmalıdır. Bu baxımdan Gürcüstan nümunəsi təqdirəlayiq hesab edilə bilər", - deyə Y.Cəfərli bildirdi.

Ekspertin fikrincə, Azərbaycanda "hərbi sirr" anlayışına da aydınlıq gətirilməlidir. O qeyd etdi ki, Müdafiə Nazirliyi ilə müstəqil KİV-lər və hərbyönlü QHT-lər arasında münasibətlər qaydaya düşməlidir, bu isə tərəflərin səylərindən asılıdır.

Hərbi Analitik Tədqiqatlar Mərkəzinin (HATM) direktoru, ehtiyatda olan polkovnik İldırım Məmmədovun fikrincə, Azərbaycanda hərbi jurnalistika təsisatının yaradılmasına lüzum yoxdur. "Belə bir ixtisasın yaradılması lazım deyil. Sadəcə, bu və digər istiqamət üzrə ixtisaslaşmış jurnalistlər vacibdir. Xüsusilə hərbi sahədə jurnalistlərin formalaşdırılması işi güc strukturlarının üzərinə düşür. Güc strukturları həmin jurnalistlər üçün seminarlar, treninqlər təşkil etməlidirlər", - deyə o qeyd etdi.

"Ayna" və "Zerkalo" qəzetlərinin əməkdaşı İdrak Abbasov isə hərbi sahədə çalışan jurnalistlərin peşəkarlaşmasını zəruri sayır. Onun fikrincə, bu məsələdə dövlət, güc strukturları jurnalistlərə dəstək olmalıdır. "Mən Rusiya - Gürcüstan müharibəsini yaxından izləmişəm. Bunun üçün qoruyucu geyimlə - zirehli gödəkcə ilə təchiz olunmaq üçün Azərbaycanın Mətbuat Şurasına və güc strukturlarına müraciət etmişdim. Amma məsələlər müsbət həllini tapmadı".

Qeyd edək ki, "Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafı" layihəsi çərçivəsində növbəti debat oktyabr ayında keçiriləcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Röyanın səhhəti pisləşib

İnformasiya "sipər"ləri

"Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafı"na başlanır

Cənub Media Hüquq Mərkəzi bölgə jurnalistləri arasında sorğu keçirib

Müdafiə Nazirliyinin KİV-i məlumatlandırma mexanizmi təkmilləşdirilməlidir

Bölmənin digər xəbərləri
 
Ermənistan ordusu real böhran içində
Erməni mənbələrinin acınacaqlı həqiqətləri

Müdafiə Nazirliyi "sabiqləri" yola saldı
Onların arasında 30-dan artıq general və böyük zabit var

Rusiya üçün RƏM planı
Ağ ev, Kreml Azərbaycanla bağlı addımlar atacaqlar

İran prezidentinin müşaviri talışlardan kitab yazıb
Amma deyir ki, Əhmədinejad talış deyil, farsdır

BMT baş katibi Beynəlxalq Sülh Günü münasibətilə müraciət edib
Azərbaycan isə BMT-yə Ermənistanın davranışından dolayı etiraz məktubu ünvanlayır

Xəzər regionunda terror təhlükəsi daha da artıb
Buna səbəb bölgədə böyük həcmdə neft-qaz yataqlarının olmasıdır

Avstraliya Azərbaycana nota verdi
"Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstəyimiz dəyişməz qalır"

Oqtay Əsədov İsveçrədə görüşlər keçirib
Türkiyə-Ermənistan münasibətlərinə də toxunulub

"Azərbaycanla Ermənistan arasındakı problem həll olunmadan sərhəd açılmayacaq"
Ərdoğan: "Dağlıq Qarabağ münaqişəsinin həllinə əvvəlkindən daha yaxın nöqtədəyik"

Bu həftənin əziz günü - 15 sentyabr
Onun mahiyyətini yetərincə mənimsəyə bilmişikmi?



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər