çap et  
Ermənistan ordusu real böhran içində
Ermənistan ordusu real böhran içində
Erməni mənbələrinin acınacaqlı həqiqətləri
Şənbə, 19.09.2009

Ənvər Börüsoy
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin ekspert

Ordu quruculuğu prosesində Ermənistan yeni çətinliklərlə üzləşib. Ölkənin sosial, iqtisadi, maliyyə sektorunda yaranmış dərin çatlar, eləcə də siyasi müstəvidə hakimiyyətdəki oliqarxların bütün opponentlərinə qarşı qəddarcasına münasibətləri bu problemlərin daha da dərinləşməsinə səbəb olub.

Milli Statistika Xidmətinin (MSX) rəsmi açıqlamasında bildirilir ki, son 10 ildə ölkəni orta hesabla 1 milyon 435 min nəfər tərk edib. Xaricdə işləməklə ailəsini dolandırmaq istəyənlərin əksəriyyəti imkan düşən kimi ailələrini də mühacirətə aparırlar. Erməni əmək miqrantları daimi yaşamaq üçün İspaniya, Argentina, Kanada, Rusiya, Polşa, Avstraliya, Braziliya kimi dövlətlərə üstünlük verir.

Hakimiyyət həm də siyasi və ictimai mənada əsəbi vəziyyətdədir. Buna görə də Gürcüstan və Azərbaycana olan münasibətində bütün proseslərə qurşaqdan aşağı miqyasda yanaşılır. Belə bir ictimai düşüncənin özü bir sıra mətləblərə aydınlıq gətirməkdədir.

Əsgəri xidmət "gönüllülər"in ümidinə qalıb

Ermənistanda xristian dininin katolik, babtist, lüteran, protestant, qara metal yevangelist, adventist, kalvinist, ştundist, mavi xaç, Yəhva şahidləri, ortodoks və digər təriqət və məzhəblərinə qarşı çox ciddi tərkilər yaşanılmaqdadır. Belə ki, ermənilərə məxsus qriqorian təriqətinə məxsus Apostol kilsəsi öz monopoliyasını qoruyub saxlamaq üçün hakimiyyəti və cəmiyyətin digər təbəqələrini daim səfərbər edib. Digər xristian məzhəb və təriqətlərinə "milli xəyanət" damğası vurularaq, yasaq olunması barədə məhkəmə qərarlarının çıxarılmasına da nail olunur.

Hüquqşünas Lev Marqaryan bildirib ki, Nikita Xruşşovun 1950-ci illərdə cinayət-prosessual qanunlarına əlavə etdiyi 244-cü maddə Ermənistan məhkəmələrində hələ də tətbiq olunur. Xristian qardaşlığından dəm vuran Eçmiadzin kilsəsi dini prosesləri özünün monopoliyasında saxlamaq üçün bu addımları atır. Xüsusilə orduda qriqorian kilsəsinə mənsub olmayan gənclərə qarşı daha sərt cəzalar verilir.

Dini məsələlər üzrə ekspert Manvel Simonyan bildirir: "Qriqorian kilsəsinə mənsub olmayan digər xristian təriqət və məzhəbələrində olan ermənilərə dünyanın heç bir dövlətində ayrı-seçkilik münasibəti yoxdur. Ermənistanda isə belə hallara qarşı faşistcəsinə yanaşılır. Halbuki müxtəlif dini baxışlara rəğmən hamımızın müqəddəs kitabı "İncil"ə istinad olunur. Orduda hərbi kəşfiyyatın əsas fəaliyyət dairəsi xristian dininin digər məzhəblərinə malik olan əsgərləri üzə çıxarıb, onları hərbi tribunalın qərarı ilə ən azından 5 il müddətinə həbs etməkdən ibarətdir. Məhkəmələrdə isə əsas bəhanə "qeyri-ənənəvi məzhəb və təriqətlərə ibadət" kimi heç bir standarta uyğun olmayan iddialara üstünlük verilir".

Ekspertlərin fikrincə, bu gün Ermənistan cəmiyyətində qriqorian təriqətindən uzaqlaşaraq digər təriqət və məzhəblərə önəm verənlərin sayı orta hesabla 280 min nəfərdən artıqdır. Onların çoxu hakimiyyət dairələrinin təzyiq və təqiblərindən qorxaraq inanclarını gizlətməyə məcburdur. Orduda bütün dünya ermənilərinin katolikosu 2-ci Qareginin xüsusi nümayəndəsi kimi fəaliyyət göstərən Vartanes Abramyan və Paryur Avetisyan kimi keşişlərin rəhbərlik etdikləri 30 nəfərlik keşişlər qrupunun verdiyi arayışlar sayəsində əsgərlərin və zabitlərin dini mənsubiyyəti də müəyyənləşdirilir.

Xarici dövlətlərə köç dalğasının davam etməsi nəticəsində ölkədə gənclərin sayca azalmasını nəzərə alaraq, ordunun mövcudluğunu qorumaq üçün "könüllü əsgəri xidmət" qanununa istinad olunmaqdadır. Könüllü əsgəri xidmətdə olanların əksəriyyəti savadsız və imkansız vətəndaşlardan ibarətdir. Onlara ayda 250-300 dollar civarında maaş verməklə guya ordunun formalaşması kimi təbliğatlar aparılır.

İctimai və sosial gərginlik ordunu hədəfə alıb

Vazgen Sərkisyan və Armenak Xanferyants adına hərbi məktəblərin müdavimləri ilə görüşündə müdafiə naziri Seyran Ohanyan ordudakı problemlərin yetərincə olduğunu etiraf etməklə yanaşı bildirib: "Dövlətin mövcudluğu indiki iqtisadi və maliyyə böhranlarına görə təhlükə altındadır. Bu problemləri dəf etməyin bircə yolu qalıb ki, bizlər erməni milliyyətçiliyini gənclər arasında üstün səviyyədə inkişaf etdirək. Hazırda orduda artilleriya, tank, aviasiya, hava hücumundan müdafiə, tibbi xidmət və digər sahələr üzrə 4 min nəfər zabit heyəti çalışır. Onların hamısı olduqca ağır maddi və sosial həyat tərzi şəraitində yaşamağa məcburdur. Bizlər bütün bunlara dözməliyik. Çünki 1918-ci ildə tarixdə ilk dəfə olaraq Ermənistan adlı dövlətin yaranmasına nail olmuşuq. Bunu diqqətə alıb, hər cür çətinliklərə və ağırlıqlara dözməliyik".

İrəvandakı "ArmeniaNow.com" internet qəzetinin redaktoru Qayane Abramyan ordu ilə bağlı araşdırmalarında qeyd edir: "Orduya hərbi səfərbərliklə bağlı yaranmış problemləri həll etmək üçün rəhbərlik tələbələrin "əsgəri möhlət" hüququnu ləğv etmək istəyir. Çünki tələb olunan hərbi səfərbərlik üçün planı doldurmaq mümkün deyil. Ordu komandanlığı buna görə əsas da tapıb: "Azərbaycan ordusunda döyüş ruhunun gücləndirilməsi prosesi gücləndirilibdir". Halbuki ali məktəb müəllimlərinin və valideynlərin fikrincə, tələbələrin "əsgəri möhlət" hüququndan məhrum olması onların elmi biliklərə yiyələnmələrinə ciddi şəkildə mənfi təsir göstərəcək".

MSX-nin əhalinin məskunlaşma və demoqrafik vəziyyəti üzrə idarə rəisi Karina Kümcyan mətbuat konfransında: "Son 10 ildə ölkədə demoqrafik durum fəlakətli həddə çatıb. Əsgəri yaş həddinə çatanların sayı hərbi səfəbərliklə bağlı tələb olunan normativlərə görə mənfi dərəcəyə enib. Vəziyyətin belə davam edəcəyi təqdirdə yaxın 10-15 ildə hərbi səfərbərliklə bağlı orduya çağırılanların sayı orta hesabla 60-70 faiz azalacaq. Baxmayaraq ki, silahlı qüvvələrlə bağlı bütün məlumatlar hərbi sirr olaraq saxlanılmalıdır, bu yöndə həyəcan təbilini çalmaq mənim vətəndaşlıq borcumdur".

Sosioloq Anait Simonyanın tədqiqatlarına görə, Ermənistan ordusunda hərbi xidmətdən yayınanların 65 faizindən çoxu hərbi komissarlıqlara rüşvət verməklə guya ali təhsil aldıqları barədə "əsgəri möhlət" arayışını təqdim edir. Universitetlərdə tələbələr arasında aparılan araşdırmalardan məlum olub ki, onrların 30 faizindən çoxu məhz əsgəri xidmətə getməmək üçün ali təhsil almaq məcburiyyətindədir. A.Simonyanın fikrincə, "əsgəri möhlət" qanununun ləğvini gündəmə gətirən mafiyanın məqsədi rüşvətin miqdarını artırmaq və eyni zamanda bu prosesə daha çox vətəndaşı cəlb etməkdir.

2000-2007-ci illərdə müdafiə nazirinin müavini vəzifəsində çalışmış, indi isə Daşnaksütyun Partiyasının idarə heyətinin üzvü olan general-mayor Artur Ağabekyan hərbi səfərbərliklə bağlı bildirib ki, orduya cəlb olunan 18 yaşlı erməni gənclərin böyük əksəriyyəti fiziki cəhətdən yararsızdır. O, sözlərinə əlavə edir: "Ölkədə demoqrafik vəziyyətin ildən-ilə ağırlaşması ordu üçün fəlakətə çevrilib. Buna görə də peşəkar ordunun formalaşdırılmasına üstünlük verilməlidir. Ancaq təəssüflər olsun ki, dövlət büdcəsi peşəkar ordunun formalaşması üçün yetərli deyil".

Onun bu fikrinə dəstək verən general-mayor Kamo Koçunts açıqlamasında onu da vurğulayıb ki, 2005-ci ildən etibarən professional ordunun yaradılması üçün 8 min nəfərlik heyətin əsgəri xidməti istiqamətində layihə hazırladıq. Nəticədə məlum oldu ki, bu qədər könüllü əsgərin maaşla təmin olunması üçün dövlətin imkanları, demək olar ki, yoxdur.

Problemlərdən çıxış yolu kimi Azərbaycan hədəfə alınıb

İstefada olan general-mayor Arkadi Ter-Tadevosyan ordudakı problemləri diqqətlə təhlil edərkən gəldiyi qənaət belədir: "İndiki şəraitdə ordu və ictimaiyyət arasında təzadlı münasibətlər dərinləşməkdədir. On minlərlə müxalifət tərəfdarı mitinqlərdə məhz ordu tərəfindən təhdid olunmalarına görə "orduya xidmət Serj Sarqsyan hərbi xuntasına xidmət deməkdir" fikrilə övladlarını mümkün olan bütün vasitələrlə əsgəri xidmətdən yayındırmaqdadır. Bizim müşahidələrimizə görə, ordu və cəmiyyət arasında yaranmış uçurumu bərpa etmək mümkün deyil. Ordudakı vandalizm siyasəti gənclərin hərbi xidmət psixologiyasına mənfi təsir edən əsas amillərdən biridir. Dağlıq Qarabağ uğrunda müharibədə bizlər 6 min nəfər əsgərimizi itirmişik və bir o qədər də döyüşçümüz ömürlük əlil qalıb. Ancaq "şəhid" olanlarımızın və əlillərimizin ailələrinə dövlət tərəfindən indiyə kimi heç bir qayğı göstərilməyib. Bu da öz növbəsində orduya olan inamı məhv edən fakta çevrilib. İndi heç kim orduda xidməti şərəfli iş hesab etmir".

İrəvandakı hərbi mütəxəssislərin fikrincə, orduda xidmət edən əsgərlərin sayı 48 min nəfər olsa da, bu fakt əsl reallığı əks etdirmir. Belə ki, hər il orduda xidmətə 17-20 min nəfər gənci səfərbər etmək mümkündür. Çünki ordunun saxlanmasında çox böyük problemlər mövcuddur. Əsgərlərdən hətta acından ölənlərin sayı hər il artmaqdadır.

"Əsgər Anaları Birliyi"nin sədri Qreta Mirzoyan ordu ilə bağlı apardığı monitorinqlərdən sonra dəhşətə gəldiklərini səmimi şəkildə etiraf edərək bildirib ki, orduda əsgəri xidmətdə olanların 30 faizi könüllülərdir. Onlar əsgəri xidmətə çağırılmış gənclərə rəhbərliyin gözü qarşısında dəhşətli işgəncələr verirlər. Belə bir hal keçmiş sovet ordusunda mövcud olub. Buna görə də gənclərin ictimai şüurunda orduda xidmət "katorqa cəzası" kimi dəyərləndirilir. Gənclər orduda xidmətdən yayınmaq üçün min bir üsuldan istifadə edirlər.

Analitika. at.ua tərəfindən "Bizim ordumuz yaxşıdırmı?" adı ilə keçirilən sosioloji tədqiqatlardan sonra aydın olub ki, Ermənistan ordusunda vəziyyət ağırdır. Əsgərlərlə yanaşı zabitlər belə komandanlıq ilə rüşvət metodu ilə dil tapır. Kimin harada və necə xidmət etməsi, xüsusilə dağlıq bölgələrdə və Azərbaycanın işğal olunmuş ərazilərində əsgəri xidmət şəraiti olduqca dözülməzdir. Buna görə də ordunun döyüş hazırlığı səviyyəsi ildən-ilə aşağı düşür. Orduda xidmət edən zabitlərin 90 faizi psixoloji və sosial mənada müharibəyə hazır deyil. Sosial həyat tərzinin dözüləmz səviyyədə olması üzündən onlar "kimin üçün və nəyə görə?" döyüşmək kimi ictimai düşüncədən uzaqlaşıblar.

Skolioz və başqa xəstəliklər

Gənc əsgərlərin çoxunun skolioz xəstəliyinin daşıyıcısı olmaları da ordu üçün dəhşətli problemlərdən biri kimi qeyd olunur. Araşdırmalar nəticəsində o da məlum olub ki, son iki ildə Ermənistan və separatçı Dağlıq Qarabağda əsgərlər və zabitlər arasında homeseksualizm, döyülmə və işgəncə hallarının sayı xeyli artıb. Ordu rəhbərliyi məcbur olaraq bu yöndə 483 cinayət işi açıb. 98 nəfər (62 gizir və 36 zabit) nəfər haqqında məhkəmə hökmü verilib. Məcburi halda rüşvət verməyə təhrik hallarına görə isə 123 nəfər zabit və gizir həbs olunub.

Bütün bunlar azmış kimi ordudakı problemlərdən ölkə vətəndaşlarını yayındırmaq üçün Azərbaycan ordusu haqqında müntəzəm şəkildə təhqirlər, hədyanlar yağdırmaqla iz azdırmağa başlayıblar. Hətta bu yöndə xüsusi təbliğatçı qrupları da təyin olunub. Bu təhqir və böhtanlarda böyük əsəbi sarsıntının izləri açıq şəkildə özünü büruzə verməkdədir.

Psixoloji və mənəvi sarsıntılar yaşamağa məcbur olmuş Ermənistan rəsmiləri ictimai şüurda "düşmən" obrazı yaratmaqla, özünün qarşılaşdığı sosial, iqtisadi, mənəvi və ictimai böhranların fövqündə hakimiyyətinin ömrünü uzatmağa çalışır. Siyasi texnoloqların fikrincə, getdikcə dərinləşən kataklizmlər ölkəni yeni hakimiyyət dəyişikliyinə hazırlayır. Hətta prezident S.Sarqsyan özünün şəxsi mühafizəsini bir neçə dəfə artırmağa məcbur olub.