çap et  
Ah, bu "telefon terrorçuları"...
Ah, bu "telefon terrorçuları"...
60-dan çox cinayət işi, 45 həbs
Şənbə, 19.09.2009

Hacı Zeynalov

Bəzi strateji obyektlərə partlayıcı qoyulması ilə bağlı anonim zənglərin ardı-arası kəsilmir. Hüquq-mühafizə orqanları əməkdaşları hər dəfə bu nadinc "telefon terrorçuları"nı yaxalasa da, onlara iş kəsilsə də, bu bir ibrət dərsi olmur. Yenə də bu həvəsə düşən kimlərsə tapılır. Bir çox hallarda bu zənglər azyaşlılar tərəfindən edilir. Amma tam yetkin yaşlı, ilk baxışda dünya işlərindən baş çıxarmalı olan adamlara da rast gəlinir. Onlar adətən bu əməli ya sərxoş halda törədir, ya da özlərini savaş filmləri qəhrəmanlarına bənzədirlər. Fəqət gizlin qalanı olmur. Demək olar, əksər hallarda anonim zəng vuraraq narahatlıq və həyəcan doğuranları polis yaxalaya bilir və onlar öz degenerat görünüşləri ilə qəfəs arxasındakı müttəhimlər kürsüsündə əyləşirlər.

"Telefon terrorçuları"nı hansı cəza gözləyir?

Qanun onlara qarşı sərtdir. Hüquq-mühafizə orqanları isə "telefon terrorçuları"na qarşı cəzanı daha da sərtləşdirməyi vacib sayırlar. Bəlkə də çoxları bilmir ki, təhdid xarakterli anonim zənglərin haradan və kim tərəfindən vurulduğunu müəyyən etmək üçün bu gün yüksək keyfiyyətli texniki imkanlar mövcuddur. Yəni bu zəngi vuran kəs bilməlidir ki, onu tez bir zamanda tapacaqlar.

...Bir neçə gün əvvəl paytaxtın Zabrat səmtindən naməlum şəxs anonim zəng vuraraq metronun "Sahil" və "Həzi Aslanov" stansiyalarına "bomba qoyulması" barədə yalan məlumat verib. Zəng edən şəxsin 13 yaşlı Fəxri Məmmədov olduğu müəyyən edilib. Əzizbəyov rayonu ərazisində və dəmiryol vağzalında "bomba qoyulması" barədə yalan məlumat verənlər də azyaşlılar olub. Anonim zənglərin çoxu orta məktəb şagirdləri tərəfindən vurulur. Bu kimi halların qarşısını almaq üçün, görünür, müəllimlərin şagirdlər arasında maarifləndirmə işi aparmasına böyük ehtiyac var. Hər kəs bilməlidir ki, kimliyindən və şəxsiyyətindən asılı olmayaraq bu əməlin üstündə onu Cinayət Məcəlləsinin 216-cı (terrorla hədələmə) maddəsi ilə ittiham edəcəklər. Bu maddəyə görə isə həmin şəxsi nə az, nə çox - 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Özü də bu, ağır cinayət hesab edilir.

Dəmir yol stansiyasına "bomba qoyan" 2 il iş aldı

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakı şəhərində Maştağa Dəmir Yol Stansiyasına bomba qoyulması barədə polisə yalan məlumat verən şəxsin məhkəməsi başa çatdı.

İttihama görə, bu il iyunun 15-də saat 00.59 radələrində Maştağa qəsəbəsi M.Şəfai küçəsi, ev 34-dən özünü təqdim etməyən şəxs polisə zəng edərək Maştağa Dəmir Yol Stansiyasına bomba qoyulması və səhər saat 09.00-da partlayacağı barədə məlumat verib. Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində stansiyaya bomba qoyulması barədə polisə yalan məlumat vermiş Maştağa qəsəbə sakini İqor Fedoseyev tutulub.

Hakim Elmar Quliyevin sədrliyi ilə keçirilən prosesdə İqor Fedoseyev CM 216-cı maddəsi ilə ittiham olunaraq, 2 il müddətinə azadlıqdan məhrum edildi...

Həbslər "bomba!" xəbərini azaltmır

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim qarşısında daha bir telefon terrorçusu əyləşib. Bu qorxulu əməli törədən isə 22 yaşlı qızdır. Deyir ki, nişanlısından ayrılmaq istəmədiyi üçün bu addımı atıb.

İttihama görə, Siyəzən rayon sakini Pərvin Ağasiyeva öz mobil telefonu ilə bu il iyunun 28-də DİN "102" qaynar xəttinə zəng edərək "28 May" metro stansiyasına bomba qoyulması barədə məlumat verib. Aparılan araşdırmalar zamanı məlumat təsdiqini tapmayıb. Həmin gün anonim zəngin kim tərəfindən vurulduğu müəyyənləşdirilib və Pərvin Ağasiyeva saxlanıb. Pərvin Ağasiyeva, təbii ki, 216 ilə ittiham olunurdu.

Məhkəmə prosesində ifadə verən bu qız elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, nişanlısının atasıgildə qonaq olduğu zaman polisə zəng edib və "28 May" metro stansiyasına bomba qoyulması barədə məlumat verib. O bildirdi ki, atası onu nişanlısından ayırmağa cəhd edib və buna görə də belə addım atıb (?!). Qız deyir: "Həmin gün Siyəzənə qayıtmalı idim. Mən isə qayıtmaq istəmirdim. Ona görə də belə bir addım atdım. Evə qayıdan zaman atam nişanlımdan boşanmağı tələb edirdi. Deyirdi ki, bu oğlan cinayət törədib və mənim cinayət törətmiş bir adama ərə getməyimə razı olmurdu. Mən isə atamın bu rəftarına dözə bilmirdim".

O, ifadəsinin sonunda törətdiyi əmələ görə peşman olduğunu bildirdi. Məhkəmə prosesində təqsirləndirilən qızın atası Balakişi Ağasiyev şahid qismində ifadə verdi. O, qızının nişanının qaytarılmasını tələb etdiyini doğruladı: "Mən qızımın cinayət törətmiş adama ərə getməsinə razı olmamışam. Buna görə də onların ayrılmasını tələb etmişəm. Lakin mənim xəbərim olmadan qızım nişanlısının atasıgilə gedib və orada olduğu müddətdə polisə zəng edib, "28 May" metro stansiyasına bomba qoyulması barədə xəbər verib. Bir neçə saatdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları gəldilər və qızımı tutaraq apardılar"...

Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə Pərvin Ağasiyevaya 2 il şərti cəza təyin edildi və onun barəsində seçilmiş həbs qərarı dəyişdirildi. Qızı məhkəmə zalından azad etdilər.

"Bilməzdim ki, ..."

"İnşaatçılar" metro stansiyasına bomba qoyulması barədə yalan məlumat verməkdə ittiham olunan Bakı şəhər sakininin cinayət işini araşdırmaq da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin öhdəsinə düşmüşdü. Hakim Əfqan Hacıyevin icraatında olan bu işdə təqsirləndirilən şəxs qismində ifadə verən Şahin Həsənov elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi. Həsənov bildirib ki, etdiyi hərəkətin mahiyyətini başa düşməyib (?!)... "Bilməzdim ki, etdiyim hərəkətə görə bu vəziyyətə düşəcəyəm. Həbs ediləndən sonra etdiyim hərəkətin təhlükəli olduğunu başa düşdüm". Bəs belə. Yəqin, kefinə şəhərlə zarafat etmək düşübmüş.

Hadisə belə olub: bu il iyunun 16-da saat 11.00 radələrində DİN "102" xidmətinə zəng edən naməlum şəxs metronun "İnşaatçılar" stansiyasına partlayıcı qurğu qoyulması barədə məlumat verib. Daxil olan məlumat əsasında dərhal hadisə yerinə FHN, Təcili Tibbi Yardım Stansiyası və Rayon Polis İdarəsinin əməkdaşları gəlib. Müvafiq axtarış tədbirləri nəticəsində məlumat təsdiqini tapmayıb. Polisə yalan məlumat verən şəxsin müəyyən edilməsi istiqamətində keçirilən əməliyyat tədbirləri nəticəsində Həsənov elə həmin gün yaxalanıb. Həsənov Cinayət Məcəlləsinin həmin məşhurlaşmış 216-cı maddəsilə ittiham olunub. O da yaxasını 2 il şərti cəza ilə qurtarıb.

Rəqəmlərə görə, son aylarda müxtəlif yerlərə bomba qoyulması ilə bağlı hüquq-mühafizə orqanlarında 60-dan çox cinayət işi başlayıb. Tutulanların sayı isə 45 nəfərdir. Bu, son rəqəmdir, belə görünür, sonuncu deyildir.