Dünya Bankı (DB) və Beynəlxalq Maliyyə Korporasiyası "Doing Business-2010" adlı yeni illik hesabatını açıqlayıb. Yeni sənəddə dünya ölkələrində biznes mühitinin vəziyyəti, ticarət qaydalarının sadələşdirilməsi, sahibkarlıq sektorunda rəqabət qabiliyyətinin təmin olunması, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi üzrə qiymətləndirilmələr aparılıb. Həmçinin ölkələr tikinti üçün icazələrin verilməsi, əmlak qeydiyyatının aparılması, investorların hüquq və maraqlarının qorunması, gömrük rəsmiləşdirməsi və digər parametrlər üzrə qiymətləndirilib. Ötən il dünyada bir nömrəli islahatçı ölkə statusu qazanmış Azərbaycan yeni hesabatda mövqeyini itirib və 5 pillə geriləyib. Ötən il 33-cü pillədə qərar tutan ölkəmiz yeni hesabatda 38-ci yerlə kifayətlənməli olub.
Azərbaycan yeni müəssisələrin təsisedilmə indikatoruna görə 17-ci yeri (ötən il - 13-cü yer), tikinti üçün icazələrin verilməsinə görə 158-ci yeri (155), işə qəbul indikatoruna görə 33-cü yeri (15), əmlak qeydiyyatı indikatoruna görə 9-cu yeri (9), kreditlərin alınması aspekti üzrə 15-ci yeri (12) tutub. İnvestorların hüquq və maraqlarının qorunması üzrə 20-ci yeri (18), vergi ödənişi indikatoruna görə 108-ci yeri (102), gömrük rəsmiləşdirməsi üzrə 177-ci yeri (174), müqavilələrin icrasının təmini aspektinə görə 26-cı yeri (26), biznesin bağlanması indikatoruna görə isə 84-cü yeri (81) tutub. Göründüyü kimi, bir sıra parametrlər üzrə Azərbaycanın mövqeyi zəifləyib.
Ölkəmizin 5 pillə geriləməsinə baxmayaraq, "Doing Business" hesabatının müəllifi Svetlana Baqautdinova Azərbaycanın yerini qənaətbəxş hesab edir. Onun fikrincə, Azərbaycan son illər ərzində daha çox islahat aparmış ölkələr sırasına daxildir. Son 5 ildə davamlı və pozitiv islahatlar həyata keçirilib. Biznes sahəsində son islahatlar Azərbaycanda sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait yaradılmasına imkan verib. Bu tədbirlər nəticəsində Azərbaycan "Doing Business" hesabatlarında hər il mövqeyini yaxşılaşdırmağa nail olub.
Xanım Svetlana Baqautdinovanın fikrincə, bir neçə il əvvələ kimi Azərbaycan bu cür hesabatlarda təxminən 90-cı yerlərdə qərar tuturdusa, son iki ildə ilk 40-lığa daxil olan ölkələr sırasındadır. O bildirib ki, Azərbaycanın gömrük məntəqələrində tam kompüterləşmə aparması, idxal-ixrac əməliyyatlarının müddətinin 6 günədək endirilməsi, burada vəsait xərclərinin də aşağı salınması ilə bağlı işlər görülsə də, bəzi sahələrdə işləri sürətləndirməyə ehtiyac var. Xüsusilə də tikinti sektorunda icazələrlə bağlı vəziyyəti yaxşılaşdırmaq zəruridir. Hesabatın müəllifi ümid edir ki, Azərbaycan islahatları davam etdirəcək.
|