![]() |
çap et |
|
|||
Birləşmiş Millətlər Təşkilatı dünya maliyyə sistemində radikal islahatlar aparılmasını təklif edir. Aparıcı valyuta sayılan ABŞ dollarını yeni qlobal valyuta ilə əvəzetmə ideyası irəli sürülüb. BMT ekspertləri hesab edirlər ki, maliyyə və iqtisadi böhranların əsas səbəbi dünya iqtisadiyyatını əlaqələndirən valyuta və kapitalla bağlı olan qaydalar sisteminin effektli olmamasıdır.
Yeni dünya valyutasının tədavülə buraxılmasını təklif edən, daha doğrusu, yeni valyuta layihəsinin müəllifi, iqtisadçı Detlef Kotten bildirir ki, artıq dollar dünya valyutası kimi likvidliyini itirib. Buna görə də qlobal ehtiyat valyutası statusunu nəzərdə tutan mövcud maliyyə sisteminə tam şəkildə yenidən baxılmalıdır. Yəni dünya iqtisadiyyatına və maliyyə sisteminə yeni nəfəs vermək üçün yeni dünya valyutasının tədavülə başlaması zərurətdir. Onun fikrincə, yeni valyuta beynəlxalq mübadilə məzənnələrini tənzimləməklə qlobal maliyyə sisteminin dayanıqlığını təmin edə bilər. İqtisadçı əmindir ki, dolların yeni valyuta ilə əvəzlənməsi bir sıra problemi aradan qaldırmağa və ümumilikdə sabitliyin bərqərar olmasına şərait yaradacaq. Böyük Britaniyanın nüfuzlu iqtisadçısı Stiven Rouç da BMT-nin təklifini yüksək dəyərləndirib. O qeyd edib ki, dünya maliyyə sistemində ABŞ-ın rolu azalmağa doğru gedir və dünya valyuta sferasında təxirəsalınmaz islahatlar aparmaq vacibdir. Amerikanın maliyyə hegemonluğunun sonunun çatdığını xatırladan S.Rouç ABŞ-ın dünya iqtisadiyyatına töhfələr verə bilmədiyini səsləndirib. Hazırda dünya maliyyə böhranı qarşısında ən aciz duruma düşmüş ölkə ABŞ-dır və bu dövlətin valyuta aləti olan dollar dünya iqtisadiyyatının sağalmasına kömək edə bilmir. Hətta Amerikanın ən nəhəng maliyyə təsisatı olan Federal Ehtiyatlar Sisteminin (FES) də nüfuzu düşüb və bu qurum bir çox əməliyyatların öhdəsindən gələ bilmir. Məşhur hipermilyarder Corc Soros da ABŞ iqtisadiyyatında böhran yaranmasında Federal Ehtiyatlar Sistemini günahlandırır. Onun fikrincə, FES-in keçmiş başçısı Alan Qrinspen tarifləri uzun müddət aşağı səviyyədə saxlamaqla və mənzil bazarından gələn təhdidlərə diqqət yetirməməklə ölkənin iqtisadi-maliyyə gücünü zəiflədib. Bunun nəticəsidir ki, ABŞ valyutasına olan inam da azalıb, bir çox ölkələr xammal və yanacaq satışında dollardan imtinaya hazırlaşır. BMT-nin bu təşəbbüsünü ilk olaraq neft ixrac edən ölkələr (OPEK) dəstəkləyib. Dünya neft bazarının ən böyük ixracatçılarından olan 5 ölkə - Bəhreyn, Küveyt, Səudiyyə Ərəbistanı, Qatar və BƏƏ xarici ticarət əməliyyatlarında dollardan imtina edəcəklərini bəyan ediblər. Digər OPEK ölkələri də əməliyyatların dollardan başqa valyutaya keçirilməsi ilə bağlı qərarı müdafiə ediblər. İran isə, neftin ixracı da daxil olmaqla, bütün xarici ticarət hesablamalarını dollara deyil, avroya olan məzənnəsinə uyğun həyata keçirəcəyini bildirib. OPEK-lə yanaşı, Latın Amerikasının iki inkişaf etmiş dövləti - Braziliya və Argentina, eləcə də Venesuela dollardan imtina etmək niyyətindədir. Amerikanın "mehriban düşmən"lərindən olan Rusiya da BMT-nin bu ideyasını alqışlayıb. Rəsmi Moskva öz niyyətlərini gizlətməyib və MDB zonasında vahid pulun dövriyyəyə buraxılmasını təklif edib. İqtisadçı Sabit Bağırov hesab edir ki, dollardan imtina ABŞ-ın dünya iqtisadiyyatında rolunun azalmasına və qlobal maliyyə bazarlarında güc mərkəzi kimi nüfuzunun düşməsinə səbəb olacaq. Dollar dünya maliyyə bazarında liderliyini itirəcək. İqtisadçının fikrincə, dollar vaxtilə dünya iqtisadiyyatında maliyyə sövdələşmələrində 70 faizdən yuxarı paya malik olub. İndi isə ABŞ pulunun dünya iqtisadiyyatında çəkisi 50 faizdən də aşağıdır. Dollara olan etibarın azalması yeni dünya pulunun dövriyyəyə buraxılma zərurətini ortaya çıxarıb. Bir sıra yerli ekspertlər isə bu qənaətdədir ki, bu ideya Azərbaycan iqtisadiyyatı üçün o qədər də önəm daşımayacaq. Çünki ölkə iqtisadiyyatı dünya iqtisadiyyatı ilə yaxından və sıx təmasda deyil. Başqa sözlə, Azərbaycanın milli valyutası da dünyanın aparıcı valyutalarına o qədər bağlanmayıb. Manat onsuz da bahalanmağa məhkumdur. Digər tərəfdən, Azərbaycan dünya bazarına neft satır və neft də dollarla qiymətləndirilir. Dolları əvəz edən valyutanın Azərbaycana gətirilməsi və onun yığım vasitəsinə çevrilməsi mümkün deyil. İqtisadçı ekspert Azər Mehtiyevin fikrincə, yeni ortaq valyutanın yaradılması üçün uzun illər lazımdır. Hesab edir ki, ümumiyyətlə, ortaq valyuta təklifinin ortaya çıxması dünya maliyyə böhranı və bu böhranda ABŞ-ın rolu ilə bağlıdır. Məsələ ondadır ki, son vaxtlar dünya maliyyə böhranının qarşısının alındığı haqda danışılsa da, ABŞ dollarının kursu aşağı düşür. Bu da ABŞ iqtisadiyyatının indiki vəziyyətindən doğur. ABŞ-ın ticarət dövriyyə balansında ciddi problemlər mövcuddur. Dövlət büdcəsində də böyük kəsir var. A.Mehtiyev deyir ki, belə vəziyyətdə öz iqtisadi problemlərini həll eləmək üçün dolların kursunu salmaqla, ABŞ həm öz problemlərini digər ölkələrə yükləyir, həm də öz iqtisadiyyatında yerli istehsal üçün rəqabət təmin edən mühit formalaşdırır: "Dolların kursunun aşağı salınması valyutalarını dollarla saxlayan ölkələri pis vəziyyətə salır. Bu baxımdan, yeni ortaq valyuta təklifi dolların gələcək taleyi sarıdan yaranan narahatlıqdan doğur. Ancaq bir məsələ də var ki, yeni ortaq valyutanın yaradılması o qədər də asan məsələ deyil. Ona görə ki, dolların bu gün dünya iqtisadiyyatında tutduğu mövqe birdən-birə, yaxud kimlərinsə istəyi ilə əldə olunmayıb. Məhz ölkələrarası rəqabət və yaxud iqtisadi münasibətlərin məntiqi ardıcıllığı olaraq ortalığa çıxıb". A.Mehtiyevə görə, hazırda dünya iqtisadiyyatının dörddə birini Amerika iqtisadiyyatı təşkil edir: "ABŞ dünya ticarətində, dünya istehlakında böyük paya malikdir. Bu cür həlledici paya malik aparıcı ölkənin valyutasının dünyada həlledici olması gözlənilən haldır. Mübadilə proseslərində iştirak edənlər bunun sadələşdirilməsi prosesi baxımından dünya valyutasına əvəz axtarıb, zaman-zaman bu məsələ gündəmə gəlib" İqtisadçının dediklərinə görə, avro Avropa-ABŞ iqtisadiyyatında münasibətlərin gərginləşməsində mühüm rol oynayıb. Avronun tətbiqi ilə Avropa və ABŞ iqtisadiyyatları arasında rəqabətin güclənməsi müşahidə edildi. Zaman-zaman neftin qiymətinin avro ilə müəyyənləşməsi məsələsi gündəmə gəlir. Bu baxımdan indi yeni valyutanın meydana çıxması və onun tətbiqi uzun danışıqlar, çox ciddi razılaşmalar tələb edən məsələdir. Avronun yaradılması ideyası ilə onun tətbiqi arasında 20 illik məsafə var. İndi də ortaq valyutanın tətbiqi çox uzun müddət tələb edən hadisədir". |