çap et  
"Qarabağ" üçün daha bir fürsət
"Qarabağ" üçün daha bir fürsət
Ağdam klubu heç vaxt məğlub edə bilmədiyi "Simurq"la üz-üzə
Şənbə, 19.09.2009

İlham Kərimoğlu

Bu gün futbol üzrə Azərbaycan çempionatında V tur başlanır.

Tur bir sıra maraqlı görüşlərlə diqqət çəkəcək. Ötənilki çempionatın gümüş medallarının sahibi, Bakının "İnter" komandası Tovuzda "Turan"la qarşılaşacaq. Meydan sahibləri bu görüşdə paytaxt təmsilçisi ilə oyunlardakı uğursuz seriyanı dayandırmağa çalışacaq. Belə ki, Tovuz komandası "İnter"ə qarşı Premyer Liqada keçirdiyi son 8 matçın hamısında məğlub olub.

Maraqlıdır, "Qarabağ" da tarixində uda bilmədiyi rəqiblə üz-üzə gələcək. Zaqatalanın qonağı olacaq "Qarabağ" heç vaxt "Simurq"a üstün gələ bilməyib. Dördüncü mövsümdür Premyer Liqada çıxış edən Roman Pakoranın yetirmələri hər dəfə ağdamlılardan xal qopara biliblər.

19 sentyabr: "Turan" - "İnter", "Qəbələ" - "Xəzər-Lənkəran", "Standard" - "Neftçi"; 20 sentyabr: "Olimpik-Şüvəlan" - "Bakı", "Muğan" - "Karvan", "Simurq" - "Qarabağ". я

Bundan əvvəlki turun gözlənilməz nəticəsi İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda qeydə alınıb. Ötən mövsümün autsayderi Salyanın "Muğan" komandasını qəbul edən "Neftçi" 0:2 hesabı ilə məğlub olub. Azərbaycan çempionu "Bakı" isə "Simurq"a uduzub. "Xəzər-Lənkəran" - "Turan" və "İnter" - "Olimpik-Şüvəlan" matçları heç-heçə başa çatıb.

Yalnız "Qarabağ" və "Karvan" öz meydançalarında qələbəni bayram ediblər. "Karvan"ın "Qəbələ" ilə görüşündə İsmayıl Məmmədovun vurduğu ikinci qol çox yaddaqalan olub. Onun təxminən 60 metrlik məsafədən vurduğu qol "Qəbələ"nin qapısından keçib.

IV turun nəticələri: "Karvan"-"Qəbələ" - 4:1, "Xəzər-Lənkəran"-"Turan" - 1:1, "Bakı"-"Simurq" - 1:2, "Qarabağ"-"Standard" - 1:0, "Neftçi"-"Muğan" - 0:2, "İnter"- "Olimpik-Şüvəlan" - 2:2.

İki gün əvvəl isə Premyer Liqanın I turundan təxirə salınmış iki oyundan biri baş tutub. "Turan" - "Qarabağ" matçı 2:1 hesabı ilə başa çatıb.

"Xəzər-Lənkəran" - "Bakı" oyunu isə Lənkəranda yağan güclü leysan yağışı üzündən 11-ci dəqiqədə yarımçıq dayandırılıb. Bu görüşün təqvimdə ehtiyat gün kimi nəzərdə tutulan noyabrın 25-də keçiriləcəyi gözlənilir. Yeri gəlmişkən, qaydalara görə, həmin matç dayandırıldığı dəqiqədən davam etdiriləcək.