çap et  
"Yaşasın Azərbaycan!", "Traktor!", "Burası Təbriz!"...
"Yaşasın Azərbaycan!", "Traktor!", "Burası Təbriz!"...
Tehranın fəxri olan "İstiqlal" Təbrizdən məyus getdi
Şənbə, 19.09.2009

S.Soltan

Tehranın adlı-sanlı və bahalı "İstiqlal" klubu ilə Təbrizdə yerli Traktorsazi" (türkcədə: "Traktorquraşdırma") klubu arasındakı oyun 1-1 hesabı ilə başa çatıb. Tehranın fəxri olan "İstiqlal" Təbrizə qələbə havası ilə gəlibmiş, fəqət məyus, suyu süzülmüş bir halda qayıtmışdır.

"Baybak" xəbər verir ki, yarışda minlərcə seyrçi öz sevimli klubunu "Yaşasın Azərbaycan!" şüarı ilə dəstəkləyib. Yarışın gedişində "Azərbaycan!", "Traktor!", "Burası Təbriz!" şüarları tez-tez verilib. Stadionun bir hissəsi "Yaşasın!" deyəndə, o biri tayı "Azərbaycan!" cavabını hayqırırmış.

Ölkənin televiziya kanalları bu oyunu yayımlarkən, stadionun "səsini" kəsirmiş. Oyun əsnasında bir neçə bölümdən "Türk dilində məktəb!", "Mənim dilim ölən deyil!" kimi şüarlar da ucalıb. Fanatlar qırmızı bayraqlar dalğalandırıblar.

Xəbərə görə, Güney Azərbaycanın başqa şəhərlərindən də fanatlar oyunu izləmək üçün Təbrizə axışıblar. Məsələn, Urmiyadan bir neçə avtobus və çoxlu sayda tərəfdar öz şəxsi maşınında Təbrizə gəlmişdir. O da bildirilir ki, yarışdan bir həftə öncə Təbrizə ağır hərbi texnika yerləşdirilib, bütün şəhər polisin və hərbçilərin nəzarətinə verilib.

Görünür, idmanın, özəlliklə də futbolun milli özünüdərkin güclənməsində nə kimi önəmli rol oynadığını Tehranda pis bilmirlər. Və bundan bərk qorxur, ehtiyatı əldən vermirlər. Təsəvvür edək: Təbrizin içində "Bağşümal"dakı stadion yararlı vəziyyətdədir. Orada bir sıra yarışlar keçirilir. Ancaq hakimiyyət milli hissli futbolsevərlərin şəhərdə bir araya gəlməsindən çəkinir, oyunun şəhərdən uzaq, yolu asfaltsız, yarışlara hazır olmayan bir yerdə - "Yadigari-imam" stadionunda keçirilməsinə qərar verir.

Son zamanlar önəmli yarışları yarımçıq vəziyyətdə olan və Təbrizin şəhər mərkəzindən aralıda yerləşən "Yadigari-imam"da keçirmək adət şəklini almışdır. Futbolu diqqətdə saxlayan rəsmilər yəqin düşünürlər ki, yarışlar şəhərdən uzaqda keçirilərsə və stadionun yolu bərbad vəziyyətdə saxlanarsa, o zaman təbrizlilər ümidsizləşər və öz sevimli komandalarını dəstəkləmək həvəsindən daşınarlar.

Fəqət bu süni çətinlik fanatlar üçün maneə deyil. Stadiona gedən yol bərbad olsa da, təbrizlilər öz sevimli klublarına dəstək vermək üçün bu çətinliyə məhəl qoymayıblar. Mənbənin xəbərinə görə, stadiona gedən yollar, sözün gerçək mənasında, hərbi məntəqəyə bənzəyirmiş. Yarışdan öncə, şəhərin giriş-çıxış yolları bağlanıb, polislər gözlərinə şübhəli görünənləri saxlayaraq yoxlamış, sorğu-suala tutmuşlar. Amma tərəfdarlar "traktorçuları" böyük bir coşqunluqla dəstəkləmişlər.