Hal-hazırda Ayna qəzetinin 19.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Liderlərin törəmələri mövcud rejimi bəyənmir
Liderlərin törəmələri mövcud rejimi bəyənmir
Ali ruhanilər arasındakı ziddiyyətlər də kəskinləşir
Şənbə, 19.09.2009

S.Sədrəddin mətn ölçüsü  

Ayətulla Hüseynəli Müntəziri yenə kəskin bir çıxış edib. Ötən gün şiələrin təqlidi-mərciəsinə (şiə müctəhidləri məclisi) müraciət ünvanlayaraq, onları din və məzhəb adından edilən zorakılığa qarşı öz etiraz səslərini çıxarmağa çağırıb. Onlardan istəyi bu olub ki, prezidentliyə keçmiş iddiaçılar Mirhüseyn Musəvi və Mehdi Kərrubi, eləcə də onların təmsil etdiyi düşərgə ilə əməkdaşlıq edərək, ölkəni böhrandan qurtarsınlar, bu cümhuriyyətin legitimliyinə yardım etsinlər. O, dünya müsəlman liderlərini bu il İranda keçirilən prezident seçkisinin rəsmi sonuclarını qəbul etməyən ölkə vətəndaşlarına qarşı cinayətlərin qarşılığında susmamağa çağırıb.

"Mediaforum"un məlumatına görə, Müntəziri deyib ki, şah dövründə baş verən haqsızlıqlar bu gün din hakimiyyəti və "vilayəti-fəqih" adı altında davam etdirilir. O, din və islam adı altında vətəndaşlara edilən zülmlər və törədilən cinayətlər üçün "xəcalət çəkdiyini" bildirib. Müraciətində üzünü ali ruhanilərə tutaraq bəyan edir: "Bu gün İranda vilayəti-fəqih yox, hərbçilər hakimiyyətidir. İranda prezident seçkisindən sonra baş verən faciəvi olaylar islam ruhaniyyətinə qarşı bir təhlükə siqnalıdır. Bu olaylarda İslam adı altında vətəndaşlara qarşı zülm, haqsızlıq olub, cinayətlər törədilib. Dinin abır və heysiyyətinə ləkə gətirən bu cinayətlər qarşısında susmaq düzgün deyil".

Müntəziri əhalinin səsini zorakılıq yolu ilə boğmağı, siyasi fəalların həbsini, ibrət məhkəmələrini və saxta etiraflar qoparmaq praktikasını bir daha məhkum edərək, bu əməllərin qanuna və şəriətə zidd olduğunu vurğulayıb.

Bir neçə gün öncə isə Müntəziri yeni fitva verərək, bildirmişdi ki, vilayəti-fəqihin (ayətulla Xamneyinin tutduğu vəzifə - S.) legitimliyi yalnız xalqın azad və düzgün seçimi ilə gerçəkləşdirilə bilər. Azad seçim olmadan o nə qanunidir, nə də məqbul". O, islam hakimiyyətinin zorla sürdürülməsinin əleyhinə çıxaraq demişdi ki, İslam xalq üzərində hakimiyyətin zor və ikrahla sürdürülməsinə qarşıdır.

Sözügedən bəyanatdan bir neçə saat sonra onun üç nəvəsi - Məhəmmədmehdi, Məhəmmədəli və Məhəmmədsadiq həbs olunmuşlar. Onu da qeyd edək ki, bu hadisə onun ailə üzvlərinə qarşı ilk hərəkət deyildir. Müntəziri bir vaxt Xomeyninin canişini olub. Həmin illərdə edamları tənqid edərək, bu yöndə Xomeyniyə məktub yazıb və elə bu üzdən lider onu canişinlikdən uzaqlaşdırıb. Həmin çağdan etibarən, Müntəziri ev dustağıdır.

REKLAM

Verdikləri bəyanatın üstündə bu ixtiyar yaşlı və müxalif ruhaniyə qarşı hakimiyyət sərt tədbirlər görməyə çəkinir və bu üzdən onun ailə üzvləri təzyiq hədəfinə çevrilir.

İranda mövcud teokratik rejimin bu praktikadan hər zaman yararlandığına çoxlu misallar gətirmək olar. Məsələn, hətta ayətulla Xomeyninin nəvələri də bu hakimiyyətin çeşidli təzyiqləri ilə üz-üzə qalıb. Bu teokratik dövlətin təməlini qoyan Ruhulla Xomeyninin nəvəsi Həsən Xomeyni Mahmud Əhmədinejadın andiçmə mərasiminə qatılmamaq üçün xaricə səfər etdi. Yerli müşahidəçilərin fikrincə, nəvə Xomeyninin bu addımı atmasına səbəb seçkinin nəticələrinə etiraz aksiyalarında vətəndaşlara qarşı zorakılıqlardan narahat olmasıdır. Mənbə bildirib ki, Həsən Xomeyni islahatçılara, eləcə də prezidentliyə namizəd Mirhüseyn Musəviyə yaxınlığı ilə tanınır. Buna görə də son vaxtlar andiçmə mərasiminə qatılmaq üçün hakimiyyətin çeşidli dairələri ona təzyiqlər göstərirlər. Onun getdiyi ölkənin adı və nə vaxt qayıdacağı hələ açıqlanmır.

Yada salaq ki, ötənilki parlament seçkisində Xomeyninin nəvəsi Əli Əsgərinin namizədliyi qeydə alınmadı. Onda İranda çıxan "Kargüzaran" qəzeti də bu məsələyə yer ayıraraq yazmışdı ki, Xomeyninin nəvəsi, 39 yaşlı mühəndis Əli Əsgərinin də parlament seçkisində iştirakı yasaqlanıb. O vaxt bunun səbəbini ona açıqlamadılar. Əsgəri özü isə demişdi: "Qonşularımdan şəxsi həyatım, o cümlədən siqaret çəkib-çəkmədiyim, saqqalımı qırxıb-qırxmadığım, orucumu-namazımı qəzaya verib-vermədiyim kimi məsələlərlə maraqlanıblar".

Bir müddət öncə Xomeyninin başqa bir nəvəsi, ayətulla Hüseyn Xomeyni "əl-Ərəbiyyə" telekanalına müsahibəsində mövcud hakimiyyəti tənqid edərək söyləmişdi: "İndiki rejim ölkə həyatının bütün sahələrinə nəzarət edən bir qrup ruhani diktaturasıdır". Görün iş nə yerdədir ki, Hüseyn Xomeyni hətta xarici qüvvələri hərbi müdaxilə ilə bu iqtidarı devirməyə çağırmışdı...

"İran azad olmalıdır. Bunun daxildəkilərinin gücü, yaxud xarici hərbi müdaxilə ilə gerçəkləşməsi önəmli deyil. Əgər siz doğrudan da əzab çəkirsinizsə, o zaman zindanların divarlarını uçurmalısınız", - deyə nəvə ayətulla Xomeyni müsahibəsində vurğulamışdı.

Qurucu liderin nəvələri Həsən Xomeyni və Zəhra İşraqi xarici ölkələrin mətbuatına müsahibələrində parlament seçkisinin gedişatını və prezident Mahmud Əhmədinejadın yürütdüyü siyasəti kəskin tənqid etməkdədirlər. Əgər xatırlayırıqsa, Həsən Xomeyni İtaliyada çıxan "Republika" qəzetinə demişdi: "Hər bir inqilabın özünəməxsusluğu var. Məsələn, Fransa inqilabının hədəfi demokratiya, ABŞ inqilabının - liberalizm, Rusiya inqilabının amalı sosializm, İran inqilabının amacı isə mənəviyyatı hakim etmək idi".

Həsən Xomeyni hərbçilərin siyasətə və hakimiyyət işlərinə müdaxiləsini pisləyir. O deyir: "Mən bir məsələni dəqiq deyə bilirəm ki, silah danışan yerdə dialoq başa çatır". Bu adam prezident Əhmədinejadın təmsil etdiyi xətt tərəfdarlarının "islahatçı" adlanan cərəyanın nümayəndələrinə basqıları barədə açıq danışır: "Bəzi şəxslər sağlam rəqabəti qarşıdurma ilə əvəzləyiblər. Bu isə heç də hakimyyətin xeyrinə deyil".

Öz növbəsində, Xomeyninin qız nəvəsi Zəhra İşraqi İtaliyada çıxan "Reformista" qəzetinə müsahibəsində İranın mövcud durumu barədə söyləmişdi: "Bu gün ölkəmiz çox qaranlıq bir dövrünü yaşamaqdadır. Lakin bu dövrün uzun sürəcəyini güman etmirəm. İndi 13-14 yaşı olan yeniyetmələr hazırkı təzyiqlərə dözməyəcəklər. Onlar çox yaxın bir vaxtda bu basqılara reaksiya verəcəklər".

Xanım İşraqi Əhmədinejadın personasını "faciə" adlandırır, onun nə xarici, nə iqtisadi, nə də qadınlarla bağlı yürütdüyü siyasəti qəbul edir. İşraqi İranın dünya tərəfindən boykotunu onun qonşu dövlətlərin daxili işlərinə qarışması ilə əlaqələndirir. Və dünya ictimaiyyətinin İrana etibar etmədiyini haqlı bilir.

Təhlilçilərin qənaətincə və Müntəzirinin də vurğuladığı kimi, bu gün İranda hərbçilərin siyasətdəki rolu gündən-günə artmaqdadır. Bu gün hərbçilərlə ruhanilər qarşı-qarşıya durub. Başqa sözlə, gənc yaşlarında İran-İraq savaşında vuruşmuş hərbçilər ruhaniləri real hakimiyyətdən uzaqlaşdıraraq açar postları ələ keçiriblər.

Həsən Xomeyninin xaricə getməsini onun təzyiqlərə davam gətirməyərək, "nəvə ölkədən mühacirət etdi" kimi dəyərləndirənlər var. Müntəzirinin nəvələrinin babaya "mesaj" olaraq həbsi isə bir daha göstərir ki, bir vaxt "mənəviyyatı hakim etmək" istəyənlər indi mənəviyyatla bir araya sığmayan əməllərə baş vurmaqdan çəkinmirlər. Digər tərəfdən, inqilabçılardan törəyənlər babalarının qurduğu quruluşu bəyənmir. Mövcud hakimiyyətin davranışını və atdığı addımları qəbul etmirlər.

Bütün bunlardan çıxan nəticə isə odur ki, teokratik rejim mənəviyyat böhranı içərisindədir. Bir tərəfdən ali ruhanilər arasında ziddiyyət var. Digər tərəfdən, bəşər tarixi qədər köhnə olan "atalar və oğullar" ziddiyyəti açıq şəkil almışdır. Siyasi səhnəyə yeni nəsil gəlir. Bu onun göstəricisidir ki, İran ciddi dəyişikliyə hamilədir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Casus oyuncaqlar", italyan qadın geyimləri, "Ağacdələn", bəhailər...

İran: öldürülənlərin sayı artmaqdadır

Əhmədinijat uçan kəpənəyi tuta bilmədi

Nəvələrə babanın qurduğu respublikada yer yoxdur?

İran böhranı: "Vilayəti-fəqih" idarəetmə təsisatı ölüb

Bölmənin digər xəbərləri
 
"Yaşasın Azərbaycan!", "Traktor!", "Burası Təbriz!"...
Tehranın fəxri olan "İstiqlal" Təbrizdən məyus getdi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər