Sentyabrın 22-də Heydər Əliyev Sarayında "Qala" bədii filminin təqdimat mərasimi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi mətbuat xidməti əməkdaşının yaydığı xəbərdə bildirilir ki, Qarabağ müharibəsinə həsr edilən bu film Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında tanınmış prodüserlər Rauf Atamalıbəyov və Timur Vaynşteynin təşəbbüsü ilə lentə alınıb.
"Qala" filminin quruluşçu rejissoru Şamil Nəcəfzadə, ssenari müəllifləri Şamil Nəcəfzadə, Ramiz Rövşən, operatoru Kənan Məmmədov, rəssamları Arif Məhərrəmov, Əziz Məmmədov, bəstəkarı Cahangir Zülfüqarovdur. Xəbərdə bildirilir ki, filmdə baş rolları Rasim Balayev, Vidadi Həsənov, Yuliya Peresild, Məhəmməd Əlili, Məbud Məhərrəmov, Sonaxanım Mikayılova, Yuri Balıyev və başqaları ifa ediblər.
Xatırladaq ki, sözügedən film sentyabrın ilk günlərində Monreal Ümumdünya Kino Festivalında uğurla nümayiş etdirilib. Bu film xarici filmlər nominasiyasında "Oskar" mükafatına təqdim edilmək üçün müsabiqəyə də təqdim olunmuşdu.
Gələn həftə isə onun Azərbaycanda təqdimatı keçiriləcək. "Qala" filmini ölkənin bir çox mədəniyyət və incəsənət xadimləri, ziyalıları izləyəcəklər.
|