Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı, əməkdar artist Fidan Hacıyeva yaxın günlərdə bir neçə yeni layihəsi ilə çıxış edəcək. Opera ifaçısı yenilikləri ilə ilk öncə media işçilərini xəbərdar edib. Sənətçi xanım bildirib ki, sentyabrın 21-dən oktyabrın 2-dək TÜRKSOY-un Opera Günlərində iştirak edəcək. Söylədi ki, səfər çərçivəsində Mersin, Kipr və İstanbulda konsertlər verəcək. Əməkdar artist bildirib ki, bir neçə il öncə də TÜRKSOY festivalında iştirak edib və çoxlu təkliflər alıb:
"Bu müddətdə mən çox təkliflər aldım və həmin təklifləri dəyərləndirdim. Türkiyənin bəzi şəhərlərində "Karmen" və "Aida" operalarını oxudum. Bütün bu təkliflər müqavilə əsasında həyata keçirildi. Hazırda isə beş opera üzərində işləyirəm və ilin sonuna kimi operasevərlər məni həmin operalarda baş rolda görəcəklər".
Fidan Hacıyeva qeyd edib ki, bunlar Pyetro Maskanyinin "Kənd namusu", Jorj Bizenin "Karmen", Cüzeppe Verdinin "Aida" və "Trubadur", Coakkino Rossininin "Seviliya bərbəri" operalarıdır. Həmin musiqili əsərlərdə opera ifaçısı baş rollarda çıxış edəcək. Öyrəndik ki, noyabrın 7-də teatrın solisti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Jorj Bizenin "Karmen" operasında əsas obrazda səhnəyə çıxacaq. Bununla yanaşı, əməkdar artist bu il müddətində Azərbaycan Dövlət Filarmoniyasında solo-konsert verməyi qarşısına məqsəd qoyub:
"Artıq solo-konsertlə bağlı proqram hazırlanır. Həmin konsertdə klassik əsərlərlə yanaşı, romanslar, xalq mahnıları səslənəcək. Bu konsert Teymur Göyçəyevin dirijorluğu ilə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə təşkil olunacaq".
Bütün yay mövsümünü həyat yoldaşının vətənində, yəni Böyük Britaniyada keçirən Fidan Hacıyeva həmin ölkədən çoxsaylı konsert təkliflərini aldığını vurğulayıb:
"Təklifləri hələ gözdən keçirirəm. Hazırda xalq mahnılarını, romansları ingilis dilinə tərcümə edirəm. Burada məqsədim Azərbaycan musiqisinin gözəlliyini xarici ölkə vətəndaşlarına qavratmaqdan ibarətdir. Ümumiyyətlə, mən bütün işlərimi planlaşdırılmış şəkildə həyata keçirirəm. Artıq birillik proqramım yazılıb və onun əsasında işləyirəm".
Yeni klip çəkdirməyi də düşünən Fidan Hacıyeva bu klipin Latın Amerikası rəqsinə yaxın olan "Tanqo" stilində olacağını söylədi: "Mahnını bəstəkar Vüsalə İlyasova ilə birgə hazırlayırıq. Klip yaxın günlərdə çəkiləcək, rejissoru isə Etibar Babayevdir".
|