"Eurovision-2009" mahnı yarışmasında Azərbaycanı uğurla təmsil edən Aysel Teymurzadənin albomu işıq üzü görəcək. Bu barədə "Eurovision"un rəsmi saytı xəbər yayıb. Məlumatda qeyd olunur ki, Ayselin albom hazırlıqlarına onun duet ortağı Araş da kömək edir. Yaradıcılıq işi ilə bağlı Aysel bir aya yaxındır İsveçə yollanmışdır.
Saytın yazdığına görə, azərbaycanlı sənətçinin ilk albomu məhz İsveçə müqavilə bağladığı musiqi şirkəti tərəfindən hazırlanır. Bu albomda Araşın müəllif olduğu mahnılar da yer alacaq. Aysel bildirir ki, albom hazırlıqları ilə əlaqədar o hələ bir müddət İsveçə olacaq.
"Başım o qədər albom hazırlıqlarına qarışıb ki, evdə də bütün günü çox hündürdən mahnılar oxuyuram, məşq edirəm. Bu da bir çox qonşuların narazılığına səbəb olur. Hətta qonşuluqda yaşayanlardan biri bu səslərə divarı döyəcləməklə etirazını bildirir. Araş isə mənə zarafatla bildirdi ki, qonşuya fikir verməyim, problem olarsa, bu məsələni qonşu ilə özü danışa bilər".
Məlumatda qeyd olunur ki, Ayselin ilk albomunun oktyabr-noyabr aylarında işıq üzü görəcəyi nəzərdə tutulur. Albom tam hazır olandan sonra Aysel bir sıra ölkələrlə yanaşı, Bakıda da həmin albomun təqdimatını keçirəcək. Bundan sonra Aysel Teymurzadə bir sıra xarici ölkələrdə konsert proqramı ilə çıxışlar edəcək.
|