Milli Məclisin qarşıdan gələn payız sessiyası çərçivəsində "Mədəniyyət haqqında" qanunda bir sıra əlavə və dəyişikliklər nəzərdə tutulur. Mədəniyyət komitəsinin sədri Nizami Cəfərovun bildirdiyinə görə, parlamentin ötən iki sessiyada rəhbərlik etdiyi komitənin fəaliyyəti bir o qədər məhsuldar olmayıb. Daha doğrusu, Mədəniyyət komitəsinin yaz və növbədənkənar sessiyalarda müzakirəyə təqdim etdiyi xüsusi qanun layihəsi olmayıb.
"Sadəcə, biz müəyyən qanunlara dəyişiklik və əlavələrdə yaxından iştirak etmişik. Bunların da içərisində daha çox fərqlənən məsələ telekanallarda reklamın verilməsi məsələsi olub. Bildiyiniz kimi, vaxtilə telekanallarda reklamlar daha çox efirin pik vaxtlarında verilirdi. Ancaq müvafiq qanunvericiliyə edilən dəyişiklikdən sonra reklamlar saatlar üzrə bölünür. Qeyd edim ki, bu dəyişiklik həmin vaxt müəyyən gərginliyə səbəb oldu. Hətta bir müddət elə oldu ki, bəzi telekanallar köhnə qaydada işlədilər. Ancaq sonradan məsələ yavaş-yavaş qaydasına düşdü", - deyə komitə sədri qeyd etdi.
Millət vəkili bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən neçə müddətdir mədəniyyətin inkişafı ilə bağlı konsepsiya üzərində işlər gedir və artıq bu işlər tamamlanma mərhələsinə gəlib: "Mövcud reallıqlar bizdən tələb edir ki, "Mədəniyyət haqqında" qanuna ciddi dəyişikliklər edək. Çünki mövcud qanun ötən əsrin 90-cı illərinin ortalarında qəbul olunub və üzərindən 10 ildən artıq bir müddət keçir. Heç şübhəsiz, ötən bu müddət ərzində Azərbaycanda mədəniyyət sahəsində xeyli dəyişiklik baş verib. Mədəniyyətimizin dünyaya inteqrasiyasında çox böyük intensivlik əmələ gəlib. Odur ki, bütün bunlar "Mədəniyyət haqqında" mövcud qanunun dəyişdirilməsini bir zərurət kimi ortaya qoyur".
Nizami Cəfərov bildirdi ki, vaxtilə yaradıcı təşkilatların yaxından iştirakı ilə və onlar tərəfindən hazırlanan, hətta parlamentdə birinci oxunuşun müzakirəsindən keçən "Yaradıcı şəxslər və yaradıcılıq təşkilatları haqqında" qanun layihəsi yenidən sözügedən komitənin gündəmindədir: "Layihə parlamentdə birinci oxunuşun müzakirəsindən keçsə də, sonradan onunla bağlı müzakirələr yarımçıq dayandırıldı. Qanun layihəsinin növbəti oxunuşlara təqdim olunması məqsədəuyğun sayılmadı. Burada da daha çox maliyyə ilə bağlı məsələ rol oynadı. Xatırladım ki, həmin qanun layihəsində altı yaradıcı təşkilatın - Yazıçılar Birliyinin, bəstəkarlar, rəssamlar, kinemotoqrafçılar, teatr xadimləri və memarlar ittifaqlarının maliyyələşdirilməsindən söhbət gedirdi. Amma bəziləri o zaman buna etiraz edərək bildirirdilər ki, həmin yaradıcı təşkilatlardan bir neçəsi onsuz da dövlət büdcəsindən maliyyələşdirilir. Ona görə həmin təşkilatlarla bağlı ayrıca qanuna ehtiyac yoxdur. Eyni zamanda qeyd olunurdu ki, belə bir qanun qəbul olunsa, o zaman digər yaradıcı təşkilatlar da öz iddialarını ortaya qoyacaqlar. Biz bu yöndə aparılan müzakirələrin nəticəsi olaraq bu etirazları nəzərə aldıq və qanun layihəsini növbəti oxunuşların müzakirəsinə çıxarmadıq. Ancaq bununla belə, hesab edirik ki, ənənəsi, böyük tarixi, keçmişi olan yaradıcı təşkilatlarla bağlı hansısa addımlar atmalıyıq".
Komitə sədri dedi ki, ya həmin qanun layihəsi tamamilə yenidən işlənməli, ya da "Mədəniyyət haqqında" qanun elə bir səviyyədə hazırlanmalıdır ki, bütün bu məsələlər daha dəqiq şəkildə öz əksini tapsın.
Nizami Cəfərovun sözlərinə görə, komitənin gündəmində digər qanun layihələri də var. Məsələn, komitənin sədr müavini Rafael Hüseynovun üzərində işlədiyi "Adlar və soyadlar haqqında" qanun layihəsi müzakirə üçün hazırdır: "Amma hazırda soyad sonluqlarının dəyişdirilməsinə birmənalı münasibət yoxdur. Bəziləri bütövlükdə bu prosesə keçməyin tərəfdarı kimi çıxış edir, bəziləri isə burada məcburiliyə ehtiyac olmadığını bildirirlər. Lakin hər halda, bu məsələdə bir konkretləşməyə ehtiyac var. Məlumat üçün bildirim ki, artıq bununla bağlı Milli Elmlər Akademiyasının tərkibində müvafiq komissiya yaradılıb və mən də, Rafael müəllim də həmin komissiyanın üzvləriyik. Çox güman ki, bu komissiyanın apardığı işin nəticəsi olaraq soyad sonluqları ilə bağlı konkret mövqeyə gəlinəcək".
|