Həftəsonu bütün İslam dünyası Müqəddəs Ramazan bayramını qeyd edəcək. Bu ayda insanlar oruc tutmaqla, iftar süfrəsi açmaqla, kasıbların əlindən tutmaqla savab qazanmağa çalışıblar. Sənətçilər arasında da Tanrıya yaxın olan insanlar var. Lakin bu il onlardan iftar süfrəsi açanları barmaqla sayılacaq qədər az olduğunu deyə bilərik.
Yeri gəlmişkən, İzzət Bağırov Ramazan günlərində bir neçə dəfə iftar süfrəsi açdı. İlk dəfə Cümə məscidində açılan iftar süfrəsi növbəti günlərdə kimsəsiz uşaq evlərində açıldı. Vaxtlı-vaxtında orucunu tutan, kasıblara yardım əli uzadan İzzət Bağırov bunu Tanrı bəndəsinin borcu olaraq qiymətləndirdi. Lakin onun həmkarları arasında bu tərzdə savab iş görənlər olduqca azdır. Hətta çoxları gündəlik iş şəraitinin onların oruc tutmasına imkan vermədiyini bildirir.
Bu həftə mətbuat konfransı keçirən müğənni Röya yaxın aylarda dünyaya gətirəcəyi övladının sağlamlığını nəzərə alaraq oruc tuta bilmədiyini söyləyib: "Əslində, üç gün oruc tutmaq istədim. Lakin həkim bunun qadağan olduğunu bildirdi. Həkimin mövqeyi ilə razılaşmaq məcburiyyətində qaldım".
Brilyant Dadaşova əvvəlki illərdə oruc tutduğunu xatırlatsa da, bu il buna əməl edə bilmədiyini söylədi. Bildirdi ki, son həftələr onun bir sıra mahnılarının hazırlıq prosesi gedir və bu səbəbdən günün əksər saatını studiyada keçirir. Səhhətində hansısa problemlərin yaranmamasını arzulayan sənətçi bu səbəbdən oruc tutmamaq qərarına gəlib.
Əksər Ramazan bayramlarında oruc tutduğunu diqqətə çatdıran Faiq Ağayev də həmkarı Brilyant Dadaşova kimi bu il ac qala bilməyib. Bunu səhhətindəki narahatlıqla əlaqələndirən sənətçi savabı başqa buyuruqlarla qarşıladığını bildirdi: "Oruc tuta bilməsəm də, kasıbları sevindirmişəm. Builki Ramazanda iftar süfrəsi verə bildim. Amma adi günlərdə də xeyirxah işlərə baş vururam".
Zülfiyyə Xanbabayeva oruc tutub-tutmadığı barədə danışmaq istəmədi. Adətən sənətçilərin xeyriyyə işlərinin reklam xarakteri daşıdığı söylənildiyi halda, müğənni oruclu olub-olmamağın açıqlanmasının tərəfdarı deyil: "Mən oruc tutmağı insanla Allah arasında bir ünsiyyət kimi qəbul edirəm və bunun ictimaiyyətə açıqlanmasının tərəfdarı deyiləm".
Xalq artisti Flora Kərimova səhhətinin yaratdığı kiçik problemlər səbəbindən bu il oruc tuta bilmədiyini dedi.
Səhhətində kiçik problemi olan daha bir müğənni İlhamə Quliyeva yalnız Əhya gecələri günündə oruc tuta bildiyini söylədi. Bildirdi ki, bir müddət əvvəl keçirdiyi xəstəxana həyatı onun uzun müddət oruc tutmasına imkan verməyib.
Eyyub Yaqubov isə sağlamlığının ona imkan verdiyi üçün Ramazan aylarının bütün günlərini oruclu olduğunu deyir: "Mən orucu Tanrıya olan borcumu bilərək tuturam və hər il Ramazanın buyuruqlarına əməl edirəm. Bu il də adətim üzrə orucumu tutub, savab işlərlə məşğul oluram".
Əməkdar artist Tünzalə Ağayevanın da adı bütün Ramazan ayı oruc tutanların siyahısındadır. Son həftələr gərgin iş qarfikinin olmasına baxmayaraq, dini borcunu yerinə yetirir: "Hətta səfərlərdə olanda belə, orucumu yarımçıq saxlamaq istəmədim. Sağlamlığım imkan verdiyi təqdirdə hər il oruc tutacağıma söz vermişəm".
Son günlər gərgin çalışan Elnur isə oruc tuta bilmədiyini söylədi. Deyir ki, onun sıx səfərləri bu istəyinə mane olub. Lakin son bir neçə gündə savab işlərlə məşğul olmağa vaxt tapacağını dedi.
Meyxanaçı Namiq Qaraçuxurlu Ramazanın ilk günlərindən oruc tutmağa çalışsa da, buna nail ola bilməyib. İşlərinin çoxluğunu əsas gətirən meyxanaçı, Ramazanın son günlərində oruc tuta bildiyini söylədi.
|